RU

Rayonlarda kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Bu gün regionlarda kreditlər daha yüksək faizlə vətəndaşlara təqdim olunur. Halbuki bölgələrdə insanların gəliri aşağı, yaşayış səviyyəsi isə nisbətən zəifdir. Bəs  rayonlarda  kreditlər niyə bahadır? 
Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, regionlarda kredit faizlərinin yüksək olmasının əsas səbəbi regionlarda gəlirlərin aşağı olması hesab olunur. 
 
İqtisadçının sözlərinə görə,  bank kredit qaytarma qabiliyyətinin yüksək olması faktoru fonunda riski aşağı dəyərləndirir və riskin aşağı olması da faizlərin aşağı düşməsinə gətirib çıxarır:
 
“Eyni zamanda, digər amil  regionlarda bank mühitinin nisbətən zəif inkişafıdır və burada rəqabətin aşağı səviyyədə olması faizlərin yüksək olmasına gətirib çıxarır. Daha bir faktor kimi əhalinin gəlirlərinin əhəmiyyətli hissəsinin ileqal olmasıdır və bu risk faktorudur.  Xüsusilə də regionlarda nəzərə alsaq ki, məşğulluğun 50 faizindən çoxu aqrar sektorun payına düşür və aqrar sektorda demək olar ki, uçot yoxdur və gəlirlərin qiymətləndirilməsi, kredit qaytarma qabiliyyətinin qiymətləndirilməsi imkanları məhduddur. Belə bir şərtlər daxilində verilən kreditlərin faizləri də yüksək olur. O cümlədən, digər məsələ girov faktorudur. Belə ki, regionlarda girovun likvidliyinin aşağı olması da kreditin riskini artırmaqla, gələcəkdə problem yarandığı təqdirdə həmin vəsaitin geri qaytarılması və yaxud da bu riskin kompensasiyası istiqamətindəki tədbirlərin nəticə verməsi üçün uzun zaman tələb olunur. Bəzən bölgələrdə girov olaraq götürülmüş daşınmaz əmlakın illərlə satışı mümkün olmur və bütün bunlar təbii ki, faizlərin artımını şərtləndirir”.
 
İqtisadçı diqqətə çatdırıb ki, dövlətin bu istiqamətdə dəstək mexanizmləri kimi  kreditlərə dövlət zəmanəti verilməsi mexanizmini qeyd edə bilərik:
 
“İpoteka və Kredit Zəmanət Fondu, eləcə də işğaldan azad olunmuş ərazilərə dair Sahibkarlığın İnkişafı Fondu bu sahədə zəmanət mexanizmləri təqdim edir. Bu zəmanətlər bankların riskini azaltdığı üçün, nəticədə kredit faizlərinin də aşağı düşməsinə müəyyən dərəcədə kömək edir. Çünki zəmanətlər verildikdən sonra faizlərin bir qisminin kompensasiyası həyata keçirilir. Yəni 10 faiz bəndi qədər hissəsinin kompensasiyası həyata keçirilir və bu sahibkarın üzərinə faiz xərclərinin düşməsinə gətirib çıxarır və yaxud da dəyişir. Burada dövlət zəmanətinin olması bankın müvafiq istiqamətdə riskini azaldır ki, bank daha aşağı faizlər tətbiq edir. Həmçinin nəzərə almaq lazımdır ki, bu mexanizmlər çərçivəsində faizlərin yuxarı həddi də müəyyən edilibdir və faizlərin yuxarı həddinin müəyyən olunması bu və ya digər şəkildə bankların bazardan daha çox pay alması istiqamətində təşəbbüsləri fonunda müvafiq kredit faizlərinin aşağı təyin etməsinə gətirib çıxarır. 
Başqa bir  mexanizm kimi, Sahibkarlığın İnkişaf Fondu  vasitəsilə verilən kreditləri götürmək olar. Daha çox sahibkarlara münasibətdə investisiya əsaslı kreditlərdir və bu kreditlərin yuxarı faiz həddi 5 faizdir və bu kreditlər də müəyyən qədər əlverişli kreditlər hesab oluna bilir. Və bu kreditlərin əsas predmeti məhz regionlardı. Regionların  daha çox sosial iqtisadi inkişafı burada prioritet sahədir və ipoteka kreditlərini də bu və ya digər şəkildə regionlarda ən əlverişli kredit növləri hesab etmək olar”. 
 
R.Həsənov əlavə edib ki, son illərdə regionlara doğru ipoteka kreditlərinin yayılması tendensiyası müsbət hal kimi qiymətləndirilə bilər:
 
“Ümumilikdə problem qalmaqdadır və bu problemin həlli üçün daha genişmiqyaslı tədbirlər görülməli, regionlarda bankların təmsilçiliyi genişləndirilməlidir. Regionlarda iqtisadi münasibətlərin leqallaşması da bu və ya digər şəkildə prosesə töhfə verə bilər,  çünki bu riskin aşağı düşməsinə gətirib çıxarır. Həmçinin dövlətin bu istiqamətdə dəstək mexanizmlərinin  əhatə dairəsinin artırılması bir sıra hallarda hətta regionlara münasibətdə kvotaların müəyyən edilməsi  Mərkəzi Bank tərəfindən regionlara verilən kreditlərə tətbiq olunan prudensial çərçivənin nisbətən liberallaşdırılması,  məcburi ehtiyat normalarının aşağı salınması kimi alətlərlə də bu imkanları nisbətən artırmaq olar”.
 
Mehin Mehmanqızı
 
Избранный
8
moderator.az

1Источники