Gəncə Dövlət Milli Dram Teatrı Azərbaycan teatr tarixində ilk dəfə olaraq, Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrı ilə birgə tamaşa hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Nodar Dumbadzenin "Kukaraça" əsərinin motivləri əsasında gürcü və Azərbaycan dillərində səhnələşdirilən tamaşa iyulun 12-də Azərbaycan və Gürcüstan aktyorlarının iştirakı ilə nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Ozurgeti Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru Vasil Çiqoqidze, layihənin rəhbəri Azərbaycan Akademik Musiqili Teatrın direktoru Aqil Bəhramlı, koordinatoru və tamaşanın rejissoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, Avrasiya Teatrlar Birliyinin qurucularından olan Yusif Cəfərovdur.
Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrı iyulun 5-dən 15-dək gerçəkləşən "Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı"na dəvət olunub. Teatrın kollektivi festivalda məhz "Kukaraça" tamaşası ilə təmsil olunub.
Tamaşanı yerli özünüidarəetmə orqanlarının nümayəndələri, Gürcüstanın Gəncə şəhərindəki Baş konsulluğun nümayəndələri, Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov, həmçinin ölkədə akkreditə olan diplomatik korpus nümayəndələri, eləcə də gürcü və Azərbaycan icmalarının üzvləri, mədəniyyət və incəsənət xadimləri izləyiblər.
Baş konsul F.Əzizov tamaşanı səhnələşdirən təşkilatçılara və aktyor heyətinə təşəkkür edib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında mədəni əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi