“TRT Kurdi” kanalı növbəti dəfə saxtalaşdırma edib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, kanal İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərini “kürd şəhəri” kimi göstərib.
Qeyd edək ki, adıçəkilən kanal bu yaxınlarda Iğdırda Azərbaycan mətbəxini Mesopotamiya ləzzətləri kimi təbliğ etmişdi.
Türk tarixi ilə bağlı araşdırmaların, məqalələrin və kitabların müəllifi Prof.Dr.Aygün Attar “TRT Kürdi” kanalını İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərini “kürd şəhəri” kimi göstərdiyinə görə sərt tənqid edib.
O, “X” sosial media platformasında verdiyi açıqlamada TRT-nin Güney Azərbaycan türklərindən üzr istəməsinin lazım olduğunu vurğulayıb. Attar bu yayımı “ya cahillik, ya da xəyanət” kimi qiymətləndirib.
"Rəsmi İran mənbələrinin dərc etdiyi xəritədə Qərbi Azərbaycan vilayətinin mərkəzi olaraq təyin olunan İranın Cənubi Azərbaycan bölgəsindəki Urmiya şəhərinin Türkiyənin dövlət TRT kanalında kürd şəhəri kimi təqdim edilməsi proqram rəhbərlərinin ya cahilliyi, ya da xəyanətidir! Kürd heyranlığının həddi-hüdudu yoxdurmu?", - deyə Attar sual edib.
Onun sözlərinə görə, Urmiya tarixən Azərbaycan türklərinin ən sıx məskunlaşdığı bölgələrdən biridir:
“Bu yüksək strateji bölgəni kürd şəhəri kimi təqdim etməkdə məqsəd nədir?”
Professor Türkiyə Diyanət Vəqfi tərəfindən nəşr olunan İslam Ensiklopediyasına da istinad edərək, İslam coğrafiyaçılarının fikrincə, Urmiyanın tarixən Azərbaycanın mühüm türk şəhərlərindən biri kimi təsvir edildiyini xatırladıb:
"X-XIII əsrlərin İslam coğrafiyaşünasları, xüsusən də İstixri Urmiyanı havası, suyu və meyvələri ilə tərifləyib, onu Azərbaycanın üçüncü böyük şəhəri kimi qələmə veriblər. O vaxtdan bəri Urmiya həmişə türk şəhəri kimliyini qoruyub saxlayıb".
A.Attar Fars rejiminin 2025-ci ilin martında Novruz bəhanəsi ilə Urmiyada kürd təxribatı törətməyə cəhd etdiyini və Azərbaycan türklərinin bu cəhdə sərt reaksiya göstərərək “Urmiya türkdür, türk qalacaq!” kimi şüarlarla iradələrini nümayiş etdirərək küçələrə axışdıqlarını da xatırladıb.
Murad Məmmədli