"Hörmətli Yunus bəy,
Sizi - milli fikir və ictimai düşüncə məkanımızda özünəməxsus mövqeyə malik olan tanınmış aydınımızı, söz və fikir adamını 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Siz uzunmüddətli, səmərəli fəaliyyət göstərmiş "Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət" ictimai birliyinin qurucu-sədrisiniz. Sizin həyat yolunuz vətəndaş cəmiyyətinə bağlı intellektual aydınımızın, milli-mənəvi məsuliyyət daşıyan qələm sahibinin həyat yoludur. Ulu tarixi köklərə söykənən romanlarınızdan tutmuş, gündəlik ictimai-siyasi hadisələrə çevik və məsuliyyətli münasibət ortaya qoyduğunuz publisist məqalələrinizədək hər bir fəaliyyətiniz vətəndaş cəmiyyətində təfəkkürə çağırış, milli yaddaşa söykənən duruş, ictimai məsuliyyət örnəyidir.
"OLAYLAR" qəzetinin qurucusu və baş redaktoru kimi Siz təkcə mətbuat tariximizə deyil, həm də fikir plüralizmi, azad söz və maarifçi missiya baxımından ictimai fikrə töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə formalaşan media platforması uzun illərdir ki, cəmiyyətin ictimai nəbzini tutan, milli məsələlərə səs verən, maarifləndirici və vətəndaş mövqeyi aşılayan bir tribuna kimi fəaliyyət göstərir.
Biz Sizin və rəhbərlik etdiyiniz media orqanının milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və ictimai şüurun yüksəldilməsi sahəsindəki xidmətlərinizi yüksək qiymətləndiririk.
Sizə möhkəm cansağlığı, yaradıcılıqda və ictimai düşüncə məkanımızda yeni uğurlar arzulayıram!
Yubileyiniz mübarək olsun"!