RU

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...


Cəmiyyət üçün həyati əhəmiyyət kəsb etdiyindən, ictimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub və yenə də başlıca məqsəd hesab olunmaqdadır.

İctimai və dövlət maraqlarının qorunması, müdafiəsi məsələsinin daim öz aktuallığını qoruması da bu baxımdan heç də təsadüfi sayılmır. Ölkəmizdə, Azərbaycanda da ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi ön planda durur, prioritet hesab olunur və sözsüz ki, bu da aparılan uğurlu siyasətin təzahürüdür.

Milli maraqlar xalqımızın fundamental dəyər və məqsədlərini özündə birləşdirir

İctimai maraqlar tək bir fərdin maraqları deyil, cəmiyyəti təşkil edən fərdlərin rifahını ifadə edən maraqlardır. Bu anlayış, əlbəttə ki, individual mahiyyəti ümumi anlayışa yönləndirən, xüsusən də çoxluğun marağını üstün sayan bir anlayış olaraq qəbul edilməkdədir. Təbii ki, ictimai maraq fərdi maraq anlayışı ilə qətiyyən əlaqələndirilməməlidir. İctimai maraq daha böyük anlayışdır və bunu fərdlər özləri də yaxşı bilir. Onu da yaxşı bilirlər ki, ictimai maraqları da tənzimləyən, müdafiə edən elə məhz dövlətdir. Ölkəmizin təcrübəsinə belə istinad etdikdə görürük ki, dövlət ictimai maraqların keşiyindədir. Bəli, ölkəmiz üçün bu hal xarakterikdir və cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilir. Dövlət maraqlarının, ictimai və milli maraqların təmin olunması məsələsi bizim üçün, hər zaman olduğu kimi, ən birinci, ən qabaqcıl yerdə dayanır. Daha dəqiq desək, Azərbaycan Respublikasında bu məsələ hər zaman olduğu kimi indi də prioritetdir. Onu da unutmaq lazım deyil ki, milli maraqlar Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini özündə birləşdirir.

Mediamız Azərbaycanın müasir cəmiyyət quruculuğu prosesində fəal iştirak edir

Məlum olduğu kimi, 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzeti işıq üzü görüb. Bəli, bu il Azərbaycan mətbuatının 150 ili tamam olur. Məlumat üçün qeyd edək ki, bu ilin aprelində Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Maraqlıdır, mətbuatın 150 illiyi ilə bağlı Prezident Sərəncamı ictimai, dövlət və sosial maraqlarla necə uzlaşır?

Sərəncamdan irəli gələn bütün məsələlər ictimai, dövlət və sosial maraqları uğurlu şəkildə uzlaşdırır

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, Azərbaycanın ictimai-siyasi həyatında milli mətbuatın mühüm yeri var: “Milli mətbuatın keçdiyi yol çox əhəmiyyətlidir. Bunu nəzərə alaraq, cənab Prezident heç zaman olmadığı kimi mətbuata xüsusi diqqət göstərir və mətbuatın 150 illiyi ilə bağlı xüsusi sərəncam imzalayıb. Düzdür, mətbuatın yubleyləri ölkədə təntənə ilə keçirilib. Onun əsasını da Ulu Öndər Heydər Əliyev qoyub. Heydər Əliyevin prezidentliyi dövründə mətbuatın 125 illiyi təntənə ilə qeyd edilib. Bu il isə mətbuatın 150 illiyi təntənə ilə qeyd ediləcək. Bundan irəli gələrək bir sıra silsilə tədbirlər keçirilib. Sözügedən tədbirlərdə həm medianın inkişaf yolu, eyni zamanda ölkəmizdə gedən proseslərə də münasibətlər öz əksini tapıb. Xüsusi olaraq tədbirlərin içində forumlar diqqəti cəlb edir. Naxçıvan və Azərbaycanın digər bölgələrində keçirilən forumlarda hər zaman media sahəsində aparılan islahatlara, yeniliklərə xüsusi diqqət göstərilib. O cümlədən, ötən 25 il ərzində mətbuat bir sıra sınaqlardan üzüağ çıxıb. Məsələn, 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ondan sonra milli mətbuatımız çox uğurlu informasiya savaşı apardı. Azərbaycan mətbuatı Həsən bəy Zərdabidən başlamış maarifçilik prinsiplərinə xüsusi önəm verir. Deməyim odur ki, Sərəncamdan irəli gələn bütün məsələlər ictimai, dövlət və sosial maraqları uğurlu şəkildə uzlaşdırır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Избранный
75
50
baki-xeber.com

10Источники