RU

Azərbaycan qazı Suriyaya da ixrac olunacaq

Ölkəmiz Yaxın Şərq regionunda mühüm aktora çevrilir

Azərbaycan son illər Avropanın qaz təchizatında mühüm rol oynayaraq etibarlı tərəfdaş imicini bir daha təsdiqləyib. İndi ölkəmizi haqlı olaraq Pan-Avropa qaz təchizatçısı adlandırırlar. Bu gün Azərbaycandan qaz alan ölkələrin 10-u Avropa ölkəsi, bunların da 8-i Avropa İttifaqının üzvüdür. 

Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya hazırda qaz ixrac etdiyimiz ölkələrdir. Bu siyahı getdikcə genişlənir. Çünki Azərbaycandan qaz almaq üçün yeni müraciətlər alınır. Məsələn, gələn ildən Albaniyanın da Azərbaycandan mavi yanacaq idxal edəcəyi gözlənilir. 

"Cənub qaz dəhlizi"nin genişləndirilməsi ixrac marşrutlarının şaxələndirilməsinə imkan verir. Bolqarıstanın Sofiya şəhərində 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru və  Serbiyanın Niş şəhərində 2023-cü il dekabrın 10-da istismara daxil olan Bolqarıstan-Serbiya Qaz İnterkonnektoru ixracın diversifikasiyasında mühüm rol oynayır. Qaz ixracı üçün  yeni infrastrukturların yaradılması gündəmdə olan məsələdir.                                                                                       

Son hadisələr göstərdi ki, indiyədək əsasən Avropa ölkələrinə təbii qaz ixrac edən Azərbaycan üçün hazırda yeni bir istiqamət - Yaxın Şərq istiqaməti də formalaşır. Bu, ölkəmizin enerji diplomatiyasında növbəti mərhələnin başlanğıcı deməkdir.

Məlum olduğu kimi, bir neçə gün əvvəl ölkəmizə işgüzar səfər edən Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Prezident İlham Əliyevlə görüş zamanı ölkəsinin siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu demişdir. Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilmişdir. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilmişdir. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanmışdır və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunmuşdur. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılmışdır.

Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq bunun Suriyanın inkişafına xidmət etdiyini demişdir.

Beləliklə, Azərbaycanın enerji strategiyası getdikcə inkişaf edir. Ölkəmiz artıq yalnız ənənəvi tərəfdaşlarla deyil, həm də yeni regional bazarlarla əlaqələrini möhkəmləndirir. Suriyaya qaz ixracı Türkiyə üzərindən ildə 1 milyard kubmetr həcmində planlaşdırılır.

Onu da qeyd edək ki, Azərbaycan qazının Yaxın Şərqə ixracı ilə bağlı mühüm texniki və logistika məsələləri də sürətlə həll olunur. Belə ki, Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri artıq bərpa edilib və bu xətt yaxın vaxtlarda kommersiya qaz nəqlinə hazır olacaq. Daha önəmli bir məqam da var: Suriyanı İordaniya ilə birləşdirən, lakin müharibə illərində dağıdılmış digər qaz kəmərinin də yenidən qurulması perspektivləri dəyərləndirilir.

Bu layihənin reallaşması Azərbaycan qazının Suriyadan keçməklə İordaniyaya, hətta Misirə qədər nəqlinə geniş yol açacaq. Belə bir marşrutun formalaşması Azərbaycanın qaz ixrac coğrafiyasını daha da şaxələndirəcək və enerji bazarlarında nüfuzunu artıracaq.

Suriyanın bu prosesdə yalnız istehlakçı yox, həm də tranzit ölkə qismində iştirakı mühüm önəm daşıyır. Bu həm regional əməkdaşlıq formatlarının genişlənməsinə, həm də Azərbaycan qazının ərəb dünyasına çıxışına real zəmin yaradır. Beləliklə, Azərbaycan Avropa ilə yanaşı, həm də Yaxın Şərq ölkələri üçün etibarlı enerji tərəfdaşı olacaq.

Bu baxımdan iyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumunun  imzalanması önəmli hadisə kimi dəyərləndirilməlidir. Memorandumu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın qaz ehtiyatları ixracın getdikcə artırılmasına imkan verir. Cari  il yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu barədə belə demişdir: "Bir sözlə, ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə onların həcmi 2,6 trilyon kubmetr təşkil edirdi. Lakin indi, yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq. Ümid edirik ki, bu il biz AÇG-də "Dərin Qaz" layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, "Şahdəniz"in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz "Abşeron"da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq. Bununla yanaşı, "Qarabağ", "Babək", "Asiman" və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq. Hazırda əsas məsələ yeni istiqamətlərə çıxmaqdır".

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
45
azerbaijan-news.az

1Источники