RU

AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...


Elşad Həsənov: “Ermənistana Aİ-nin artan iqtisadi yardımları sülh prosesinə mənfi təsir etməyəcək”

Brüsseldə işgüzar səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüşüb.

Üçtərəfli görüşlə bağlı birgə mətbuat açıqlamasında bildirilib ki, Aİ rəsmiləri Ermənistanın suverenliyi, ərazi bütövlüyü və aparılan demokratik islahatlara dəstək ifadə ediblər: “Avropa İttifaqı Ermənistana dayanıqlılıq və uzunmüddətli inkişaf sahəsində dəstəyini təsdiqləyib və bu məqsədlə indiyə qədər əhəmiyyətli maliyyə və texniki yardım ayırıb. "Global Gateway" strategiyası çərçivəsində Aİ-nin Ermənistana yatırdığı investisiyaların ümumi həcmi 2.5 milyard avroya çatacaq”.

Aİ, eyni zamanda, bu ölkədə informasiya ekosistemini dəstəkləmək və müstəqil medianı gücləndirmək üçün 1.5 milyon avroluq yeni yardım paketi elan edib. O da məlum olub ki, 2024-cü ilin aprelində elan edilən 270 milyon avro dəyərində “Dayanıqlılıq və İnkişaf” planı Aİ-nin Ermənistana ayırdığı maliyyəni 50 faiz artırıb. Bu məbləğin 200 milyon avrosu qrant, 70 milyon avrosu isə ölkənin enerji, nəqliyyat və biznes sektorlarına investisiyaların cəlb edilməsi üçün qrant maliyyələşdirilməsidir.

Maraqlıdır, Avroittifaqın belə yardımları, dəstəyi Ermənistanın sülh prosesində davranışlarına necə təsir edir?

İrəvana ayrılan yardımlar əsasən Rusiya qarşısında bu ölkənin duruş gətirməsinə hesablanıb”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, Avroittifaq rəsmiləri prinsipcə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəsdəklədiklərini bəyan edirlər: “Ermənistana ayrılan yardımlar əsasən Rusiya qarşısında bu ölkənin duruş gətirməsinə hesablanıb. Avropa maraqlıdır ki, Paşinyan və komandası Ermənistanda hakimiyyətdə qalsın. Gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyəti Rusiyanın təsir dairəsindən çıxmağa və Moskvanın təsirini azaltmağa çalışır. Ümumən, Paşinyan qarşısına qoyduğu məqsədə çatır. Baxmayaraq ki, son dövrlər Rusiya öz əlaltıları vasitəsilə Ermənistanda siyasi vəziyyəti gərginləşdirib Paşinyan hakimiyyətini devirmək istəyir. Güman edirəm ki, ABŞ və Aİ-nin yardımları sayəsində Paşinyan Rusiyanın təzyiqlərinə duruş gətirəcək. Samvel Karapetyanın həbsi bu prosesin tərkib hissəsidir. Çünki o, Rusiyanın tapşırığı ilə ora gəlmişdi. Deməyim odur ki, Ermənistana Aİ-nin artan iqtisadi yardımları sülh prosesinə mənfi təsir etməyəcək. Düşünmürəm ki, Paşinyan bundan sui-istifadə etsin. Çünki o, maraqlıdır ki, sülh sazişinin imzalanması tezləşsin və Rusiyanın təzyiqləri minimuma endirilsin. Maraqlıdır ki, sülhdən sonra Cənubi Qafqazda yeni dönəm başlasın. Fikrimcə, sülh prosesinin gedişi ilə bağlı Aİ-yə hesabat vermək üçün Paşinyan Brüsselə getdi. Aİ maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Çünki bunun əksi Rusiyanın maraqlarına xidmət edir. Əsas odur ki, Paşinyan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarsın”.

Vidadi ORDAHALLI

Избранный
49
baki-xeber.com

1Источники