RU

"Komanda bu oyunda beş top buraxa da bilər" -

“Qarabağ” “Zalsburq” ilə oynayaraq Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə hazırlığını davam etdirir. Belə oyunlarda nəticənin ciddi əhəmiyyəti yoxdur. Komanda bu oyunda beş top buraxa da bilər, beş top fərqi ilə qalib də gələ bilər. Məhz bu səbəbdən nəticəyə əsasən fikir yürütmək doğru deyil”. Bunu Metbuat.az-a açıqlamasında futbol eksperti Natiq Muxtarlı bildirib. Onun sözlərinə görə, Qurban Qurbanov Çempionlar Liqasına hazırlıq planında heyəti formalaşdırmaq, təkmilləşdirmək yönündə addımlar atacaq və müəyyən yerdəyişmələr edə bilər: “Bütün oyunçular yoxlanılacaq. Ola bilsin, birinci hissədə komanda tamamilə bir heyətlə, ikinci hissədə isə başqa bir heyətlə oynasın. Qurban Qurbanov özünün taktiki planlarını meydanda həyata keçirsin, futbolçuların mövqelərini dəyişsin, müəyyən mövqelərdə yerdəyişmələr etsin. Bu amillərin hamısı yoxlama oyunları üçün spesifikdir və nəzərə alınır. “Qarabağ” həm taktiki planlarını qurur, həm oyunçuların fiziki-texniki imkanları yüksəlir və rəsmi oyuna hazırlaşır”. N.Muxtarlı “Zalsburq”u əhəmiyyətli rəqib hesab edib: “Çünki “Zalsburq” sıradan bir komanda deyil, Avropanın orta səviyyəli klublarından biridir və öz gücünü yoxlamaq üçün bu komanda ilə oyun vacibdir. Artıq “Qarabağ”ın təlim-məşq toplanışı yekunlaşır. Bu, hazırlığın son mərhələsidir. Ehtimal olunur ki, Qurban Qurbanovun Çempionlar Liqasında necə oynayacağına dair taktikasını sınaqdan çıxarmaq imkanı olacaq. Amma nəticəyə önəm verməyək. Ümid edək ki, Çempionlar Liqasında Qarabağın işləri qaydasında gedəcək”. Qeyd edək ki, komandanın təlim-məşq toplanışı iyul ayının 16-da başa çatacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
42
metbuat.az

1Источники