RU

Azərbaycanın qəhrəman şəhid oğlu

İkinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəmanlıq salnaməsinə  öz imzasını atan Vətənin qeyrətli oğullardan biri də 1998-ci il dekabrın 7-də Cəlilabadın Zopun kəndində dünyaya göz açan Xəlil Ağayevdir. Yağıya qarşı döyüş meydanında şəhidlik zirvəsinə ucalan bu Vətən sevdalısı xalqın əziz övladına çevrilərək kiçik də, böyük də onun adı çəkiləndə qürur duyur.  Həmçinin aylar, illər ötsə belə  daim qəlblərdə yaşayacaq və heç vaxt unudulmaz. Və onun əməllərinə tapınmaqla gələcəyimiz daha parlaq olacaq...

 Əzəli yurd yerimiz Qarabağımızın azadlığını düşünən Xəlil  Pənah oğlu  bu yolda döyüşməyi özünə  ən müqəddəs borc bilib. Elə ordu sıralarına getməkdə birinci amalı işğalçı dığalara öz yerini göstərmək olub. Əsgərlik borcunu cəbhə bölgəsində yerinə yetirib, Vətənə nümunəvi xidmət etməklə olduğu hərbi hissədə zabitlərin, əsgərlərin sevimlisinə çevrilib.  Doğma Azərbaycanın hər qarışı uğrunda canından-qanından keçməyə hazır olan Xəlil həmişə də əsgər yoldaşlarına deyib ki, erməni daşnakların Vətən torpaqların təcavüzünə dözmək bizə yaraşmır. Ən azı onlardan qisas almağı uluların ruhu indiki nəsildən istəyir. Bir də şəhid qanı axmayan torpaqdan Vətən olmaz.

Bəli, Xəlil Ağayev düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss etdiyi vaxt üzüağ əsgəri xidməti başa çatıb. Amma tezliklə düşməndən alacağı öcə inanıb. Evdə qaldığı müddətdə xəyalı gecə-gündüz  Qarabağda dolaşıb.  2020-ci il sentyabrın 27-də  44 günlük haqq savaşımız başlayan kimi qəlbində düşmənə nifrət alovu könüllü olaraq döyüşən cəbhəyə yola düşüb.  İlk günün ölüm-dirim savaşında  çoxlu sayda erməni dığasını məhv edib. Daha sonra ən qaynar nöqtələrdə yağıya vurduğu ağır zərbələrlə sözün əsl mənasında  onlara  qan qusdurub.  Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə döyüşüb.  “Təki Vətən yaşasın!”-deyib qələbə naminə min əzab-əziyyətli, ölümlü yollardan inamla keçib. Hər zəfərdən sonra qəlbi dağa dönən igid döyüşçü oktyabrın 27-də Qubadlıda gedən ağır müharibədə yağı gülləsinə tuş gəlib. 21 yaşlı gəncin canından artıq sevdiyi torpağa  axıtdığı qan xalqın qəhrəmanlıq salnaməsinə yazılıb.  Şəhid Xəlil Ağayev  Azərbaycanın yeni, şanlı tarixinə  düşməklə  bərabər, həm də  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən  ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü " medallarına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
44
ikisahil.az

1Источники