RU

İxrac imkanlarımız genişlənir 

Suriya Azərbaycanın elektrik enerjisinin Yaxın Şərq ölkələrinə çatdırılmasında həm də tranzit ola bilər

"Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri zamanı ölkəmizdən Suriyaya qaz ixracı ilə bağlı razılaşma əldə olunub. Azərbaycan 10-u Avropa ölkəsi olmaqla 12 ölkəyə qaz ixrac edir. Bu nəql Türkiyə üzərindən həyata keçirilir. Suriya isə 13-cü ölkə olacaq".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov deyib. Ekspert qeyd edib ki, Azərbaycan qazı qardaş ölkəyə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eyni zamanda Cənubi Qafqaz xətti vasitəsilə ötürülür. Cənubi Qafqaz boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP xəttinə birləşir və bu xətt vasitəsilə də mavi qaz Türkiyə üzərindən Avropaya çatdırılır. "Türkiyə və Suriya arasında yeni qaz kəməri mövcuddur. Bu xəttin 2025-ci ilin sonuna doğru istifadəyə verilməsi nəzərdə tutulur. Suriyanın müəyyən ərazilərini əhatə edəcək bu kəmər Azərbaycan qazının Türkiyə üzərindən bu ölkəyə çatdırılmasını təmin edəcək. Ümumilikdə, ilkin razılaşmaya görə, gündəlik 6 milyon kubmetr olmaqla, ildə təxminən 2 milyard kubmetrə qədər qazın Suriyaya ixrac edilməsi nəzərdə tutulur", - deyə o əlavə edib.

Aqil Əsədov vurğulayıb ki, Azərbaycanın qaz ehtiyatları potensialı, həmçinin infrastrukturu, ümumilikdə enerji sahəsində həyata keçirdiyi siyasət qaz ixracına imkan verir. Azərbaycanda "yaşıl enerji"dən istifadə istiqamətində atılan addımlar isə əlavə qaz ehtiyatları formalaşdırır ki, bu da xarici ölkələrə qaz ixracını artırmaq imkanları yaradır: "Ölkəmizdə enerjinin təqribən 85 faizi qazın yandırılması ilə alınan enerjidir. Azərbaycanda enerji siyasəti, alternativ enerjidən istifadə istiqamətində atılan addımlar, işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji" mənbələrinin dövriyyəyə cəlb edilməsi ilə bağlı tədbirlər ölkəmizin gələcəkdə elektrik enerjisi ixracatçısı kimi bazara çıxmasına da imkan yaradacaq". 

Ekspert vurğulayıb ki, Azərbaycan Suriyaya nəinki qaz ixracı imkanlarına malikdir, eyni zamanda yaxın gələcəkdə Yaxın Şərq ölkələrinə elektrik enerjisi də ixrac edə biləcək. Bunun üçün həm infrastruktur, həm də potensial imkanlar mövcuddur. Suriyaya 2 milyard kubmetrlik qazın ixracı bu ölkənin daxili tələbatı üçündür, amma Suriya yaxın gələcəkdə Azərbaycan qazının nəqli üçün tranzit ölkəyə də çevrilə bilər. Bütün bunlar Azərbaycan-Suriya münasibətlərinin, qaz ixracında gələcək perspektivlərin başlanğıcı kimi bugünkü qərarları qəbul etməyə əsas verir.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
19
azerbaijan-news.az

1Источники