O, Rusiyanın mövqeyindən məyus olduğunu deyir
ABŞ Prezidenti Donald Tramp Moskvanı Ukrayna ilə silahlı münaqişəyə 50 gün ərzində son qoymağa çağırıb və bunu bacarmasa, ona və ticarət tərəfdaşlarına çox sərt tariflər tətbiq edəcəyini deyib. Bundan əlavə, ABŞ və NATO Kiyevə "həqiqətən, böyük miqdarda hərbi texnika" tədarük etmək barədə razılığa gəliblər.
NATO-nun baş katibi Mark Rutte ilə "oval" kabinetdə görüşən Donald Tramp Rusiya lideri Vladimir Putindən məyus olduğunu və Rusiyanın Ukrayna ilə münaqişəsinin həlli ilə bağlı mövqeyindən narazı qaldığını bildirib. "Mən fikirləşirdim ki, biz çoxdan razılaşmalıydıq, lakin bu, hələ də davam edir" deyən Ağ Evin rəhbərinin sözlərinə görə, o, Ukraynadakı müharibə məsələsində Rusiya ilə təxminən dörd dəfə razılığa gəldiyini zənn edib və hər dəfə də zənnində yanıldığını görüb. Əvəzində "50 gün ərzində razılığa gəlməsək, çox sərt tariflər tətbiq edəcəyik, təxminən 100 faiz tariflər" vurğulayan Tramp bunların Rusiyanın ticarət tərəfdaşlarına yönəlmiş "ikinci dərəcəli tariflər" olacağını bildirib.
ABŞ Prezidenti Ukraynaya milyardlarla dollar dəyərində hərbi texnikanın veriləcəyini də qeyd edib: "Vaşinqton ən keyfiyyətli silahlar istehsal edəcək və onları NATO-ya göndərəcək, sonra isə alyans onları lazım olan yerə göndərəcək". "Reuters" agentliyinin məlumatına görə, bu təchizatlara Patriot raket sistemləri və batareyaları daxil olacaq. Trampdan Patriot raketlərini tədarük edib-etməyəcəyini soruşduqda o deyib ki, "bu, batareyaları olan tam bir komplektdir".
Digər ölkələrin sifariş etdiyi 17 Patriot batareyasının bəziləri və ya hamısı tezliklə Ukraynaya göndərilə bilər. NATO-nun baş katibi Mark Rütte bu qərarı "həqiqətən böyük bir iş" adlandırıb. Onun sözlərinə görə, bu o deməkdir ki, Ukrayna hava hücumundan müdafiə üçün, həqiqətən, böyük miqdarda hərbi texnika, raket və sursat ala bilər.
Bununla belə, analitiklər Trampın 50 gününün çox uzun olduğunu və Kremlə böyük manevr imkanı verdiyini deyirlər. Unutmayaq ki, indiyə qədər Putinə ultimatumlar heç bir nəticə verməyib. BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner yazır: "Ağ Evin son açıqlamaları Ukrayna üçün çox ümidverici görünür. Kiyev öz torpağında vəd edilmiş müdafiə silahlarını görəndə daha da həvəslənəcək. Ancaq Prezident Trampın atəşkəs üçün Rusiyaya verdiyi 50 günlük ultimatumuna gəlincə, biz əvvəllər də bunu görmüşük və böyük ümidlərimiz həm Putin, həm də Tramp tərəfindən puç edilib". O, həmçinin xatırladır ki, mayda Avropanın dörd böyük ölkəsinin - Fransa, Almaniya, Britaniya və Polşanın liderləri Kiyevdə olaraq Moskvaya ultimatum təqdim ediblər: atəşkəs və ya sərt sanksiyalar.
Qardner hesab edir ki, bu dəfə hər şey fərqli ola bilər, çünki Donald Tramp, ən azı, açıq şəkildə Rusiya liderindən narazılığını bildirir: "Amma 50 gün Kremlə manevr etmək üçün geniş imkan yaradır, təhdid altında olan sanksiyaları qabaqlayan əks təklif hazırlamaq üçün vaxt verir. İndiki döyüş tempində Rusiya 50 gün ərzində gecə bombardmanları zamanı nəzəri olaraq Ukraynaya 25 min pilotsuz uçan aparat və raket buraxa bilər".
BBC-nin Şimali Amerika müxbiri Entoni Zurker isə öz şərhində Ağ Evin xarici siyasətindəki dramatik dönüşü qeyd edir. Zurkerin bildirdiyinə görə, bu, Trampın sadəcə səbrinin tükəndiyi üçün baş verib. Hələ aprel ayında Vladimir Putin Ukraynada bombardmanları davam etdirərkən ABŞ Prezidenti onun müharibəni dayandırmaqda həqiqətən maraqlı olub-olmaması ilə bağlı şübhələnməyə başlamışdı. "Düşünürəm ki, bəlkə də o, müharibəni dayandırmaq istəmir; o, sadəcə, məni manipulyasiya edir", - Tramp özünün "Truth Social" şəbəkəsində belə yazmışdı.
İndi Tramp təkcə silah vəd etmir, həm də Rusiyanın özünü və Moskva ilə iş görən hər kəsi yüksək tariflərlə hədələyir. Və belə görünür ki, ABŞ-dəki bütün siyasi qüvvələr hadisələrin bu cür dönüşünü bəyənirlər.
Senatın Xarici Əlaqələr Komitəsində rəhbər vəzifə tutan demokrat senator Cin Şahin deyib ki, Prezident Ukrayna məsələsində, nəhayət, özünə gəlir: "Bu [silah] elanı NATO-nun Putinin Ukraynaya qarşı aqressiv müharibəsi və müttəfiqliyimizi sarsıtmaq səyləri qarşısında geri çəkilməyəcəyinə dair güclü bir siqnaldır".
Son məlumata görə, ABŞ Prezidenti Donald Tramp BBC ilə telefon danışığında Rusiya Prezidenti Vladimir Putindən məyus olduğunu, lakin hələ də ümidini itirmədiyini bildirib. Ona güvənib-güvənmədiyini soruşduqda Tramp belə cavab verib: "Demək olar ki, heç kimə güvənmirəm".
Rizvan CƏFƏROV,
"Azərbaycan"