İyulun 16-na keçən gecə Rusiya Ukraynaya qarşı kütləvi hücuma keçib. Dörd rayon atəşə tutulub, biri uşaq olmaqla azı 15 nəfər yaralanıb.
AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.
“Rusiyanın gecə saatlarında etdiyi hücumların nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir. Əsas hədəflər Vinnitsa, Dnepr, Xarkov və Odessa vilayətləri olub”, -deyə o qeyd edib.
Ukrayna Prezidentinin sözlərinə görə, əsas hədəflərdən biri energetika infrastrukturu olub. V. Zelenski qeyd edib ki, energetiklər hazırda Krivoy-Roqda aparılan bərpa işlərində əllərindən gələni edirlər. Bu bölgədə elektrik enerjisinin verilişi gün ərzində bərpa olunacaq.
Zelenski əlavə edib: “Təəssüf ki, biri uşaq olmaqla 15 nəfər yaralanıb. Hər kəsə lazımi tibbi yardım göstərilir. Hücumun nəticələrini aradan qaldıran, elektrik enerjisini bərpa edən və xalqımız üçün çalışan hər kəsə təşəkkür edirik”.
Prezident, eyni zamanda, Hərbi Hava Qüvvələrinin, hərbi aviasiyasının, Hərbi Dəniz Qüvvələrinin, pilotsuz sistem bölmələrinin, zenit-raket qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Hava Hücumundan Müdafiə Qüvvələrinin, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları və elektron döyüş bölmələrinin əsgərlərinin rəşadətini qeyd edib. Məhz onların sayəsində 200-ə yaxın pilotsuz uçan aparat vurulub, 140-dan çox dron isə hədəfə çatmayıb.
“Rusiya öz strategiyasını dəyişmir. Buna effektiv şəkildə qarşı çıxmaq üçün bizə müdafiəni sistemli şəkildə gücləndirmək lazımdır: daha çox hava hücumundan müdafiə sistemləri, çoxlu sayda ələ keçirən qurğular, qətiyyət sayəsində Rusiya bizim cavabımızı hiss etməlidir” -deyə V. Zelenski vurğulayıb.
Qeyd edək ki, iyulun 16-na keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti kütləvi hücum həyata keçirib. Bu zərbə üçün “İsgəndər-M” ballistik raketi, həmçinin 400-ə yaxın “Şahed” tipli hücum pilotsuz uçuş aparatı və pilotsuz təyyarə imitasiyasından istifadə edilib.