RU

Qan Bankı - sağlamlığa xidmət edən strateji tibbi platforma

Dünyanın hər yerində səhiyyənin əsas vəzifələrindən biri də ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təminatıdır. Azərbaycanda da bu məsələ strateji tibbi xidmət kimi hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusən son dövrlərdə həyata keçirilən səhiyyə islahatları çərçivəsində qan xidmətlərinin də təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılmışdır. 

Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair dövlət proqramlarının icrası bu sahədə vətəndaş məmnunluğunu təmin etmişdir. Həyata keçirilən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər bütövlükdə aradan qaldırılmışdır.

Azərbaycanda qan xidmətinin institusional əsaslarla yenidən təşkili isə Prezident İlham Əliyevin "Respublika Qan Bankı" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında 16 iyul 2024-cü il tarixli fərmanı ilə həyata keçirilmişdir. Həmin sənədə əsasən, uzun illər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Mərkəzi Qan Bankı ayrılaraq, Respublika Qan Bankı adı altında Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyətə başlamışdır.

Bu mühüm qərar dövlət səviyyəsində qan xidmətinə verilən önəmi və bu sahənin milli səhiyyə sistemində strateji rolunu açıq şəkildə ortaya qoyur. Hazırda Respublika Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən koordinasiyaedici və icraedici orqan kimi fəaliyyət göstərir. Qurumun əsas funksiyası - donor qanının qəbul edilməsi, təhlükəsizlik baxımından laborator müayinələrdən keçirilməsi, klinik göstərişlərə uyğun qan komponentlərinə emalı və ehtiyacı olan tibb müəssisələrinin qan komponentləri ilə təmin edilməsidir. 

Məqsəd həm də fəaliyyətin bütün mərhələlərində şəffaflıq, xidmət göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi və risk əsaslı idarəetmənin təmin edilməsidir. Qan komponentlərinin istifadəsi yalnız klinik əsaslandırmaya əsasən həyata keçirilir və bu proseslər üzrə nəzarət Səhiyyə Nazirliyinin normativ sənədləri əsasında aparılır.

Ölkə üzrə hazırda 8 regional qan bankı fəaliyyət göstərir və onlar mərkəzi strukturla inteqrasiya olunmuş şəkildə işləyir. Bu qurumlar arasında informasiya axını, ehtiyat bölgüsü və keyfiyyətə nəzarət prinsipləri vahid yanaşma ilə tənzimlənir. Regionlarda tədarük imkanlarının artırılması və fövqəladə hallarda operativ təminat məqsədilə logistika xəritəsi və ehtiyat sistemləri hazırlanır.

Qan Bankında donor qanı müasir beynəlxalq tələblərə uyğun olaraq NAT (Nucleic Acid Testing) üsulu ilə yoxlanılır, bu isə infeksiyaların erkən mərhələdə aşkarlanmasına və qan təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bundan əlavə, donor məlumatlarının idarə olunması üçün elektron qeydiyyat sistemi və laborator informasiya platforması tətbiq olunmaqdadır.

Hazırda Respublika Qan Bankı ISO 9001:2015 beynəlxalq keyfiyyət idarəetmə sisteminə uyğunluq məqsədilə audit mərhələsindədir və bu istiqamətdə akkreditasiya prosesinə başlanılıb. Məqsəd - fəaliyyətin bütün mərhələlərində şəffaflıq və risk əsaslı idarəetməni təmin etməkdir.

Qan komponentlərinin daşınması, saxlanması və istifadəyə verilməsi üzrə texniki şərtlər beynəlxalq transfuzion təcrübəyə uyğunlaşdırılıb, bu da səhiyyə sistemində keyfiyyətli və təhlükəsiz qan məhsullarının dövriyyəsinə zəmin yaradır.

Qan xidmətinin mərkəzləşdirilməsi təkcə texniki və təşkilati məsələ deyil, eyni zamanda ictimai və mədəni bir transformasiyadır.  Bu baxımdan Respublika Qan Bankı təkcə səhiyyə infrastrukturunun texniki dayağı deyil, eyni zamanda donorluq mədəniyyətinin formalaşdırılması, ictimai həmrəylik və vətəndaş məsuliyyətinin təşviqi baxımından strateji bir platformadır. Bu institut həm də yalnız səhiyyənin bir parçası deyil - o, həyatı təmin edən bir sistemdir. Dövlətin qan xidməti sahəsinə verdiyi önəm, bilavasitə vətəndaşın həyatına toxunan, cəmiyyətin sağlam gələcəyinə hesablanmış məsuliyyətli bir yanaşmadır.

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Избранный
12
1
azerbaijan-news.az

2Источники