Bakı, 17 iyul, Fidan Əlizadə, AZƏRTAC
Azərbaycan musiqisinin incə ruhunu, tarın misilsiz sehrini dünyaya tanıdan sənətkarlar arasında Səxavət Məmmədovun da öz yeri var. O, 1993-cü ildə Bakı şəhərində anadan olub və erkən yaşlarından musiqiyə olan dərin marağı ilə seçilib. 2004–2009-cu illərdə Bakixanov qəsəbəsində yerləşən 4 nömrəli Uşaq Musiqi Məktəbində musiqi təhsili alaraq ifaçılıq sənətində ilk addımlarını atıb.
AZƏRTAC tar ifaçısını oxuculara daha yaxından tanıdır.
Səxavət Məmmədov 2009–2013-cü illərdə Asəf Zeynallı adına Musiqi Kollecində təhsilini davam etdirib və oranı fərqlənmə diplomu ilə bitirib. Musiqi təhsili ilə kifayətlənməyən sənətkar, Azərbaycan Milli Konservatoriyasında bakalavr (2013–2017), daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə təhsilini başa vuraraq (2017–2019) həm ifaçılıq, həm də elmi biliklərini zənginləşdirib.
2019-cu ildən etibarən o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tar müəllimi kimi fəaliyyət göstərir, gənc nəslin yetişməsində mühüm rol oynayır. Pedoqoji fəaliyyəti ilə yanaşı, onun ifaçılıq fəaliyyəti də olduqca zəngin və çoxşaxəlidir. 2012–2019-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster kimi çalışıb. Bu illər ərzində bir çox müsabiqə və festivallarda iştirak edərək ölkəmizi layiqincə təmsil edib.
Səxavət Məmmədovun yaradıcılığı təkcə Azərbaycanla məhdudlaşmır. O, dünyanın bir çox ölkəsində – İran, Rusiya, Qazaxıstan, Türkiyə, Rumıniya, Gürcüstan, Xorvatiya, Özbəkistan, Braziliya, Qırğızıstan və Səudiyyə Ərəbistanında solo çıxışları ilə dinləyicilərin rəğbətini qazanıb. Beynəlxalq miqyasda keçirilən tədbirlərdə ölkəmizin mədəni irsini uğurla təbliğ edib.
“Əldə etdiyim uğurlar sırasında 2012-ci ildə keçirilən “Tar ifaçılarının muğam müsabiqəsində” birinci yer, 2013-cü ildə Süleyman Ələsgərov adına mükafat, Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin laureatı və 2014-cü ildə İran İslam Respublikasında keçirilən “Fəcr” festivalında qazandığım birinci yer xüsusilə diqqətəlayiqdir. 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində keçirilən “Sarı simin lisanı” adlı solo konsert, 2019-cu ildə UNESCO-nun 43-cü sessiyası çərçivəsində Mali Respublikasının musiqi qrupu ilə birgə eyni səhnəni bölüşməyim yaradıcılığının beynəlxalq arenada da rəğbətlə qarşılandığını bir daha sübut edib. Son illərdə Braziliyada simfonik orkestr ilə solo çıxışım, Ankarada Füzuli Simpoziumundakı iştirakım, Bişkek və Ər-Riyadda verdiyim konsertlər məni yeni nailiyyətlərə həvəsləndirdi, Azərbaycan tarını dünyada tanıtmağıma geniş imkan yaratdı”,- deyə həmsöhbətim əlavə edib.
Söhbət əsnasından onu da öyrəndik ki, Səxavət Məmmədov 2024 və 2025-ci illərdə bir-birindən fərqli coğrafiyalarda - Tiflis, Zaqreb, Daşkənd, Astana, Belem, Brasil və Ər-Riyadda reallaşan konsertlərdə çıxış edib. O, uğurlarının sirrini həm peşəkar biliyində, həm də musiqiyə olan sevgisində görür.