RU

Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...


Türkmənistanı Azərbaycana yaxınlaşdıran "sehrli çubuq" hansıdır?

Türkmənistan Xalq Məsləhətinin sədri, hakimiyyətdə əsas siyasi fiqur olan Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da uzunmüddətli fasilədən sonra Azərbaycana səfərə gəlib.

Türkmənistan Xalq Məsləhətinin sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.

Son illər Azərbaycanla Türkmənistan arasında münasibətlər Orta Asiyanın digər türk dövlətlərinə nisbətən daha soyuq olub. Özü də bu münasibətlər Türkmənistan tərəfinin təşəbbüsü ilə soyuyub. Lakin Berdiməhəmmədovun bu səfəri iki ölkə arasındakı buzların əridilməsinə bir təşəbbüs kimi qiymətləndirilə bilər. Bu təşəbbüsün hərəkətverici qüvvəsi nədir?

Əvvəl onu qeyd edək ki, Azərbaycanla Türkmənistan arasında münasibətlərin korlanmasına səbəb Xəzər dənizinin Türkmənistan-Azərbaycan sərhədində yerləşən "Kəpəz" (türkməncə "Sərdar"), eləcə də "Azəri" və "Çıraq" (uyğun olaraq "Osman" və "Ömər") yataqları ətrafında fikir ayrılığı olub. Bu mübahisə hələ Türkmənbaşı Saparmurat Niyazovun dövründə başlanmışdı.

Lakin Sovet dövründə azərbaycanlı geoloqların aşkar etdiyi "Kəpəz" sərhəd yatağı hazırda işlənilmir. Buna baxmayaraq, Azərbaycan dəfələrlə Türkmənistana yatağın birgə işlənməsini təklif edib.

Bakı əmin idi ki, Azərbaycanla birgə "Kəpəz" yatağının işlənməsi Türkmənistana sərfəlidir. Hər şeydən əvvəl bu, tikinti və hasil olunmuş karbohidrogenin daşınması üzrə güclü infrastrukturun mövcudluğu ilə izah olunur. Azərbaycanda dənizdə neft və qaz hasilatı üçün platforma inşası daxil olan bir neçə çox böyük dəniz neft-qaz layihələri reallaşdılıb. Ölkədə belə obyektlərin inşası üçün lazımi avadanlıqlarla təchiz edilmiş, yüksək ixtisaslı heyətə və iş təcrübəsinə malik xüsusi müəssisələr var. Türkmənistanda isə belə infrastruktur yoxdur. Lakin bununla belə, Türkmənistanın son üç prezidenti bu məsələnin həllinə nail ola bilmədi.

İndi isə Türkmənistanın Azərbaycana işi düşub desək, daha doğru olar.

Belə ki, bu ilin aprel ayının əvvəllərində Səmərqənddə Avropa İttifaqı (Aİ) ilə Mərkəzi və Orta Asiya ölkələri arasında 11 milyard dollarlıq bir kontrakt imzalandı. Həmin kontrakta əsasən Aİ Mərkəzi və Orta Asiya ölkələrində karbohidrogen və nadir torpaq elementləri hasil edəcək. Hasil edilən faydalı qazıntıların Türkmənistan üzərindən - Xəzər dənizindən keçərək Azərbaycana, oradan isə Avropaya daşınması nəzərdə tutulub. Artıq Türkmənistanın dəmir yollarının daxili şəbəkələrinin yenidən qurulması üçün Asiya İnkişaf Bankı vəsait ayırıb, yenidənqurma işlərinə start verilib. Türkmənistan bu məsələdə kifayət qədər maraqlıdır. Amma Azərbaycan tərəfi bu məsələdə Qazaxıstanın Aktau limanının seçilməsi tələbini də ortaya qoya bilər. Bu halda Türkmənistan oyundankənar vəziyyətə düşə bilər. Ona görə də Türkmənistan rəhbərliyi Azərbaycanla munasibətlərin normallaşdırılmasına can ataraq ilk addımını atdı. Yəqin ki, bunun ardınca Xəzər dənizindəki mübahisəli yataqların islənməsi barədə də iki dövlət arasında hər hansı bir kosmetik kontrakt imzalanacaq. Çünki bu məsələ barədə razılıq artıq əldə edilib.

Eyni zamanda, Azərbaycan Avropaya "yaşıl enerji" ixrac etmək üçün Qara dənizin dibi ilə cəkiləcək "Yaşıl kabel" layihəsini həyata keçirir. Bu layihəyə Orta Asiya ölkələri, o cümlədən Türkmənistan da qoşulmaq istəyir. Bunun üçün Xəzər dənizinin dibi ilə də "yaşıl kabel"in çəkilməsi nəzərdə tutulur. Bu amil də Azərbaycanla Türkmənistan arasında münasibətlərin nörmallaşdırılmasını zərurətə çevirir.

Nəticədə uzun fasilədən sonra Türkmənistanın ağsaqqali olan Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri reallaşdı.

Hər halda, iki türk dövləti arasında münasibətlərin normal məcraya qayıtması müsbət hal kimi qiymətləndirilməlidir. Şair Hafiz Baxış demişkən, bizim dost itirən vaxtımız deyil...

Akif NƏSİRLİ

Избранный
41
baki-xeber.com

1Источники