RU

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...


Məlum həqiqətdir ki, Azərbaycan minilliklər boyu zəngin mədəniyyəti, elmə verdiyi töhfələri və maarifçilik ənənələri ilə tanınıb.

Tarixi kökləri qədim sivilizasiyalara dayanan Azərbaycan həm Şərqin, həm də Qərbin kəsişməsində yerləşərək unikal bir mədəni və elmi sintez yaradıb. Bu zəngin irsin qorunması, inkişaf etdirilməsi və dünya miqyasında tanıdılması müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir.

UNESCO-nun Dünya İrsinin İlkin Siyahısının genişlənməsinə Azərbaycanın töhfələri artır

Yuxarıda qeyd edilən istiqamətdə atılan addımların daha bir bariz nümunəsi özünü Parisdə UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyasında göstərdi. Tədbir çərçivəsində26 yeni mədəni və təbiət abidəsinin Dünya İrs Siyahısına daxil edilməsi baş tutub. Qeyd edək ki, Azərbaycanın “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Beləliklə, UNESCO-nun Dünya İrs Siyahısına 26 yeni abidə əlavə olunmaqla bu siyahıdakı abidələrin ümumi sayı 170 ölkə üzrə 1248-ə çatıb. Komitə, həmçinin iki mövcud irs sahəsinin ərazisinin genişləndirilməsini də təsdiqləyib ki, bu da sərhədlərarası təbiət parklarının yaranmasına imkan verəcək.Bütün bunlar fonunda təqdirəlayiq haldır ki, UNESCO-nun Dünya İrsinin İlkin Siyahısının genişlənməsinə Azərbaycan getdikcə daha çox töhfə verir.

Mədəniyyətlə yanaşı, elm sahəsində də Azərbaycanın uğurlarının miqyası artmaqda davam edir. İyulun 8-17-də Cenevrə şəhərində baş tutan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 66-cı iclası fonunda bunu bir daha görmək olar. Assambleyaların iyulun 17-də keçirilən iclaslarında bir sıra təşkilati məsələlərə baxılıb. Koordinasiya Komitəsi və Paris və Bern İttifaqının İcraiyyə Komitəsində qeyri-rəsmi məsləhətləşmələrdən sonra 40 dövlət Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilib. Daimi üzv seçilən dövlətlər sırasında Azərbaycan da yer alıb. Əqli Mülkiyyət Agentliyinin məlumatına əsasən, Azərbaycan 1995-ci ildə ÜƏMT-nin əqli mülkiyyətin qorunması sahəsində ən böyük beynəlxalq müqaviləsi olan Paris konvensiyasına və 1998-ci ildə Bern konvensiyasına qoşulub. Ölkəmiz, həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışına qədərki dövr üçün ÜƏMT-nin ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir. Azərbaycan Proqram və Büdcə Komitəsinin də üzvü seçilib. Bu Komitədə həmin vaxtadək təmsil olunacaq dövlətlərin sayı 53-dür. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib. Azərbaycan 2005-ci ildən ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin üzvüdür. Beləliklə, Azərbaycan BMT-nin ən böyük qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir. Bütün bunlar ölkənin beynəlxalq miqyasda əldə etdiyi uğurların mühüm göstəricilərindən biri hesab olunur. O da faktdır ki, müasir dövrdə elmin təbliği informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə daha geniş kütlələrə çatdırılır. Elmi-populyar jurnallar, televiziya proqramları, sosial şəbəkə platformalarında elm adamlarının çıxışları və maarifləndirici kontentlər bu sahədə əhəmiyyətli rol oynayır. Elmin təbliği təkcə elm adamlarının işi deyil, həm də dövlətin və ictimaiyyətin ümumi vəzifəsidir. Azərbaycan dövləti bu sahədə bir sıra mühüm addımlar atır, elmi tədqiqatların maliyyələşdirilməsi və beynəlxalq layihələrə inteqrasiya imkanlarını artırır.

“Muğam aləmi” dünyanın diqqətini Azərbaycana cəlb edir

Bu gün dünya üçün Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq getdikcə daha çox maraq kəsb edir. Bu mədəniyyət çoxşaxəlidir. Eyni zamanda ölkəmiz musiqi, memarlıq, ədəbiyyat, folklor və ənənəvi sənətkarlıq sahələrində zəngin irsi ilə fərqlənir. Muğam sənəti UNESCO tərəfindən bəşəri irs siyahısına daxil edilib.Sözügedən sənətini yaşadılması istiqamətində mühüm addımlar atılır. Elə ötən ay Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb. "Muğam aləmi" festivalı bu dəfə də onlarla ölkədən ifaçıları mədəniyyətlər beşiyi Azərbaycanda bir araya gətirdi və yarısı arxada qalan 2025-ci ilin unudulmaz sənət hadisəsinə çevrildi.

Dünyanın muğamla yanaşı, Qobustan qayaüstü rəsmləri, İçərişəhər və digərtarixi yerlər də Azərbaycana cəlb edir. Bütün bunlar Azərbaycan xalqının mədəniyyətinin nə qədər qədim və zəngin olduğunu göstərir. Bu mədəniyyətin təbliği üçün Azərbaycan dövləti və qeyri-hökumət təşkilatları müxtəlif layihələr həyata keçirirlər. Xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, beynəlxalq festivallarda Azərbaycan musiqi və rəqs kollektivlərinin iştirakı, milli dəyərlərin dünya ictimaiyyətinə təqdim olunması istiqamətində atılan addımlardandır. Eyni zamanda, xarici universitetlərdə Azərbaycan dili və ədəbiyyatı kafedralarının yaradılması da milli mədəniyyətin tanıdılmasına xidmət edir. Elm və mədəniyyətin təbliği işində gənclər xüsusi rola malikdir. Təhsil müəssisələrində milli-mənəvi dəyərlər əsasında tərbiyə olunan şagird və tələbələr gələcəyin maarifçi alimləri və sənətkarları kimi yetişirlər. Bu məqsədlə məktəblərdə və universitetlərdə seminarlar, sərgilər, konfranslar təşkil olunur. Azərbaycan gəncləri beynəlxalq olimpiadalarda, mədəniyyət festivallarında fəal iştirak edir və ölkənin adını yüksəklərə qaldırırlar. Eyni zamanda, sosial mediada gənc blogerlərin, yazarların və elm təbliğatçılarının fəallığı diqqət çəkir. Onlar Azərbaycan tarixi, mədəniyyəti və elmi nailiyyətləri haqqında maraqlı məlumatlar paylaşaraq bu sahədə cəmiyyətin maariflənməsinə töhfə verirlər. Beləliklə, Azərbaycanın elm və mədəniyyətinin təbliği milli kimliyin qorunması və dünyada tanıdılması baxımından strateji əhəmiyyət daşıyır. Bu proses təkcə dövlət qurumlarının deyil, bütün cəmiyyətin birgə işi olmalıdır. Elmin və mədəniyyətin inkişafı və təbliği gələcək nəsillərin milli ruhda formalaşmasına, ölkənin beynəlxalq nüfuzunun artmasına və qlobal mədəniyyətlərarası dialoqa töhfə verməsinə şərait yaradır. Azərbaycanın zəngin elmi və mədəni irsi yalnız keçmişin mirası deyil, həm də gələcəyin bələdçisidir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Избранный
55
38
baki-xeber.com

10Источники