RU

Salyanda yeni kanalizasiya xətti çəkilir 

Salyan Muğan şəhəridir. Burada yay xeyli isti və quraq keçir. Məlumdur ki, şəhər infrastrukturunda su və kanalizasiya olmazsa-olmazlardandır. Sovet dövründə Salyanda bunlar əhalinin tələbatını ödəmirdi. Əvvəllər əhaliyə gün ərzində 1-2 saat Kürün lilli suyu verilirdi. Şəhərin müəyyən hissəsində kanalizasiya xətti yox idi. Fərdi evlərdə kanalizasiya çıxarı şambomlara, yəni həyətlərdə, küçələrdə qazılmış quyulara axıdılırdı. Bu da xüsusən yay aylarında antisanitar vəziyyət yaradırdı. 

Müstəqillik əldə etdikdən sonra əhalinin sağlamlığı və rifahı dövlətimizin prioritetlərindən birinə çevrildi. Əvvəl şəhər təmiz içməli su ilə təmin olundu. Hazırda isə əhaliyə fasiləsiz olaraq yüksəkkeyfiyyətli su verilir. Kanalizasiya xətti isə yenidən qurulur. Küçələrdə çox böyük tikinti işləri aparılır: kanalizasiya xətləri çəkilir, şaxtalar quraşdırılır, nasos stansiyaları yaradılır. Yaxşı haldır ki, çəkiliş bitən hissələrdə asfalt örtüyü tez bir zamanda bərpa edilir. 

Kanalizasiya suları şəhərdən kənarda təmizlənəcək və yaşıllaşdırma işlərində suvarma suyu kimi istifadəyə yönəldiləcək. Şəhərlə yanaşı, şəhərətrafı ərazilər - qəsəbə və kəndlər də bu prosesdən kənarda qalmayacaq. 

Hazırda Ələt-Astara istiqamətindəki magistral yolun sağ və solunda yerləşən şəhər qəbiristanlığı abadlaşdırılır. Yararsız köhnə hasar sökülərək yerində daha möhkəm və səliqəli bir hasar tikilir. 

Bir həkim kimi bunlar məni çox sevindirir. Şəhərimizdə aparılan bütün abadlıq-quruculuq işləri - küçələrin asfaltlanması, memarlıq baxımından gözoxşayan yaşayış evlərinin, ictimai binaların inşası, müasir infrastrukturun qurulması üçün şərait yaratdığına görə dövlət başçısı, Müzəffər Prezidentimizə həm öz adımdan, həm də Salyan camaatı adından ürəkdən təşəkkür edirəm. 

Sabir KƏRİMOV,

təqaüdçü həkim 

Избранный
61
azerbaijan-news.az

1Источники