RU

"NATO Kalininqradı xəritədən silə bilər" - ABŞ generalı

"NATO-nun Kalininqrada qarşı istənilən hücumu Rusiya tərəfindən nüvə doktrinası çərçivəsində cavablandırılacaq..."
 
ABŞ-ın Avropa və Afrika üzrə Quru Qoşunlarının komandanı general Kristofer Donahyu NATO-nun şərq cəbhəsi üçün yeni hərbi strategiyanı təqdim edərkən diqqətçəkən bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyanın Visbaden şəhərində keçirilən ilk "LandEuro" konfransında səsləndirib və "Defense News" nəşri tərəfindən yayımlanıb.
 
Onun sözlərinə görə, Kalininqrad vilayəti NATO tərəfindən "indiyədək mümkün olandan daha sürətli şəkildə xəritədən silinə bilər". 
 
General qeyd edib ki, Kalininqrad hər tərəfdən NATO ölkələri ilə əhatə olunub və Alyansın bu əraziyə qarşı sürətli və kəskin hərbi reaksiya vermək gücü var.
 
"Şərq cəbhəsinin müdafiəsi" və süni intellekt texnologiyaları
 
Donahyu tədbirdə "Şərq cəbhəsində saxlayıcı xətt" adlanan yeni planı təqdim edib. Bu plan NATO-nun quru qoşunlarını gücləndirməyi və müttəfiq ölkələrin hərbi sənaye sistemlərini uyğunlaşdırmağı hədəfləyir.
 
Əsas məqam isə sistemlərin standartlaşdırılması, raket buraxılış qurğularının qarşılıqlı istifadəsi və komanda idarəetməsinin bulud texnologiyaları vasitəsilə inteqrasiyasıdır.
 
Bu kontekstdə NATO artıq süni intellekt əsasında çalışan "Palantir" şirkətinin "Maven Smart System" adlı platformasını satın alıb. Sistem böyük məlumat bazalarını emal edərək analiz etməyə, hərbi rəhbərliyə isə daha çevik qərarlar verməyə imkan yaradır.
 
Donahyu vurğulayıb ki, bu texnologiyalar sayəsində NATO artıq bulud sistemlərini, pilotsuz vasitələri və briqada strukturlarını vahid komanda altında koordinasiya edə bilir.
 
Quru məkanının əhəmiyyəti artır
 
ABŞ generalı çıxışında quru məkanının strateji əhəmiyyətinin azalmadığını, əksinə, daha da artdığını bildirib. Onun sözlərinə görə, NATO artıq A2/AD adlanan - düşmənin manevr və giriş imkanlarını məhdudlaşdıran zonaları məhz quru vasitəsilə neytrallaşdırmağa qadirdir.
 
Gələcək planlar arasında həm müdafiə, həm də hücum rejimləri üçün ortaq buraxılış qurğularının və atəş idarəetmə sistemlərinin bütün alyans üzvlərinin istifadəsinə uyğun şəkildə hazırlanması var. Bu sistemlər istənilən NATO ölkəsinin sursatları ilə işləyə biləcək və insan resursu ilə ya da insansız rejimdə işləməyə uyğunlaşdırılacaq.
 
ABŞ sənayesinə siqnal göndərilib
 
Donahyu sonda açıq şəkildə bildirib ki, ABŞ müdafiə sənayesinə ciddi mesaj göndərib: bütün yeni sistemlər NATO ilə uyğun, ortaq proqram interfeyslərinə malik və daha ucuz olmalıdır. Onun bu sərt bəyanatına Rusiyadan dərhal reaksiya gəlib.
 
Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski xəbərdarlıq edib ki, Kalininqrada qarşı istənilən NATO hücumu Rusiya tərəfindən cavab tədbirləri ilə, o cümlədən nüvə doktrinası çərçivəsində cavablandırılacaq.
Избранный
65
43
moderator.az

10Источники