BAKI, 19 iyul. TELEQRAF
Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə növbəti həftə yeni danışıqlar raundunun keçirilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, müvafiq təklifi İstanbulda keçirilən danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri olmuş Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov səsləndirib.
“Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerov Rusiya tərəfinə növbəti görüşün gələn həftə keçirilməsini təklif etdiyini bildirdi. Danışıqlar dinamikasını artırmaq lazımdır” - Zelenski öz “Telegram” kanalında dərc etdiyi videomüraciətində bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya nümayəndə heyətinin danışıqların üçüncü raundunda işatirak etmək üçün İstanbula getməyə hazır olduğunu, lakin Ukrayna tərəfindən bununla bağlı hər hansı siqnallar almadıqlarını söyləmişdi.