RU

Bizim üçün darıxan küçələr

Hər gün üz tutduğumuz, bəzən tələsik, bəzən də astaca keçdiyimiz küçələr. Sinəsini geniş açıb, əlimizdən yapışıb bizi getdiyimiz ünvana aparan, canımızı darısqallıqdan, sıxlıqdan, tıxacdan qurtaran küçələr. Nə çoxdur şəhərimizdə bir-birinə bənzəməyən, irili-xırdalı, maşınlı-arabalı, torpağı-daşı daralı küçələr.   

Görünüşü ilə bir-birinə bənzəməyən, boy-buxunu ilə bir-birindən seçilən, bəzi hissələrdə böyüyən, genələn, bəzi yerlərdə kiçilən, daralan küçələr. Bir az əyri, bir az düz, bir az dolayı, bir az gödək, amma abırlı-həyalı, divarları müxtəlif rənglərlə boyalı küçələr. Geniş, dar, enli-ensiz küçələr, çətin günlərində bir-birinə qohum-qardaş, sirdaş küçələr.

Dünyaya sığmayan xatirələrimizin üst-üstə qalaqlanıb yığıldığı, qızınmaq üçün bir-birinə sıxıldığı küçələr. Çoxlu sirlərimizi, gizlinlərimizi daş yaddaşında əbədi olaraq qoruyub saxlayan, heç vaxt heç kimə onların üstünü açmayan küçələr. Hərdən-hərdən bizdən küsüb-inciyən küçələr, çox vaxt da sevinə-sevinə üzümüzə gülümsəyən küçələr. Təəssüflər ki, ildə bir-iki dəfə də qərənfillərlə “bəzənib” göz yaşı axıdan küçələr. Bəzən sevinib ürəkləri açan, qəlblərə işıq saçan küçələr, bəzən də hirslənib soyuq küləklər əsdirən, könülləri küsdürən küçələr.  

Gələnlərin, gedənlərin bəzilərinə baxmaqdan yorulub dərindən köks ötürən küçələr, hərdən də uzanmaqdan yorulub qəddini bir az dikəldib dincələn küçələr. Tez-tez qazılan, ora-burası cızılan, yanı-böyrü deşilən, gah o başından, gah da bu başından yaralanan, parçalanan, haçalanan küçələr. Özü də hiss etmədən, getdikcə daralan, əl-ayağı səkilərdən ayrılan, ağrıları artan, qanı qaralan, sinəsinə dağlar çəkilən, üstünə zir-zibil atılan küçələr.

Kasıb, yetim, yazıq, sökük görkəmdə olan, başdan-ayağa toz-torpağa bürünən küçələr. Daş, mərmər, kafel, metlak, beton döşənmiş,  asfalt çəkilmiş küçələr. Balaca bir ağac, xırda bir gül koluna həsrət qalmış küçələr, başdan-ayağa yaşıllığa bürünmüş, böyük-böyük, yaraşıqlı ağaclar əkilmiş, rəngbərəng, gözəl-gözəl güllər, çiçəklər əkilmiş küçələr. 

Özləri, izləri, gözləri, sözləri qalan, amma tez-tez adları, soyadları dəyişən, bəzən axırında gəlib kiçik hissəsi bir-biri ilə birləşən, görüşən və ayrılan küçələr. Yaraşıqlı, işıqlı, sarmaşıqlı, çəngəlli-qaşıqlı küçələr, qaranlığa, zülmətə, işığa, nura həsrət qalmış küçələr. Getdikcə gözəlləşən, qəşəngləşən, çiçəkləşən, qocalmaq bilmədən gəncləşən, güclənib, qüvvətlənib yerlə-göylə əlləşən, ayağının altını görmək istəməyən, özündən çıxıb lovğalanan küçələr. Diqqətdən, qayğıdan, təmizlikdən xeyli kənarda boynubükük qalmış,  cavan ikən qocalmış, saralmış, sozalmış küçələr. 

Nə qədər uzatsalar da, can atsalar da, bir-birilərinə əlləri çatmayan, ünləri yetməyən küçələr. Ha çalışsa da, təkan versə də, dayandığı yerindən tərpənə bilməyən, heç yana qaçıb getməyən küçələr. Üstündən keçən insanları bir-birindən ayırmayan, seçməyən küçələr. Nə yorulan, nə duran,  nə yatan, nə də oturan küçələr. Həm gündüzləri, həm də gecələri sevə-sevə sinəsinə sıxıb əzizləyən küçələr.  Bəzən insanlarsız qalıb elə hey həsrətlə yollara boylanan küçələr.

Bir-birinə oxşamayan bu küçələrdən keçəndə şirin-şirin xəyallara dalırıq. Bəzən acılı-şirinli xatirələrin təsirindən yerimizdə donub qalırıq. Bu anlarda, bu dəqiqələrdə tələsmədən, asta-asta ötənləri, keçənləri bir-bir yadımıza salırıq. Bəzən sevincdən, fərəhdən göylərə ucalırıq, ulduzlara, Aya, Günəşə əl uzadırıq. Belə gözəl anlarımızda ürəyimizdəki dərdlərimizi, sərlərimizi çıxarıb dənizlərə atırıq. Gözəl hisslərin, duyğuların burulğanında sevincdən doğan şadlığa batırıq. Ürəyimizi, qəlbimizi sıxan kədərə, qəmə bir az fərəh qatırıq. Bu gedişlə, bu yerişlə yavaş-yavaş arzularımıza, istəklərimizə çatırıq.

Bizə doğmadan doğma olan küçələrdən keçəndə elə bil bir an içində uşaqlaşırıq, cavanlaşırıq, gəncləşirik. Təsadüfən qarşılaşdığımız dostlarımızla, tanışlarımızla sevinclə salamlaşırıq, həvəslə danışırıq, şirin-şirin söhbətləşirik, hərdən də bir az dərdləşirik. Dostlarımızla danışa-danışa qəlbimizə, ürəyimizə yeni yaradıcılıq fikirlərinin toxumlarını əkirik. Sonra da şirin söhbətlərlə, xoş sözlərlə onun üstünə su səpirik. Tanışlarımızla söhbətimiz qurtaranda, sözümüz bitəndə mehribancasına  görüşüb sağollaşırıq, yavaş-yavaş bir-birimizdən ayrılıb işimizin, gücümüzün dalınca gedirik. Amma bu sonuncu görüş deyil, biz sevimli küçələrimizdə dostlarımızla, yaxınlarımızla yenə də qarşılacağımıza, yenə də söhbətləşəcəyimizə ümid edirik.  

Hər addımı, hər qarışı bizə doğma olan bir-birinə bənzəməyən küçələrdən keçəndə ürəyimiz gülür, qəlbimiz açılır. Bu anlarda sanki könlümüzdən ətrafa nur tökülür, işıq saçılır. Əlimizdə işimiz çox olanda, evdən çölə çıxmayanda, doğma küçələrimizdən keçməyəndə onlar üçün yaman darıxırıq. Küçələrimizi görmək, onlarla pıçıldaşmaq, söhbətləşəmək, dərdləşmək üçün tələsik evdən çıxırıq. Elə ilk addımdan çöhrələrindən hiss edirik ki, küçələr gəlişimizi çoxdan  gözləyirmiş. Deməli, biz onlar üçün darıxdığımız kimi, onlar da bizim üçün darıxırmış. Ona görə də gərək hər gün küçələrimizə  çıxaq, onlara sevgi və məhəbbətlə baxaq, heç birimiz darıxmayaq, sıxılmayaq. Günlər keçdikcə küçələrimizlə bir az da mehribanlaşaq, doğmalaşaq, qardaşlaşaq, dostlaşaq. 

Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”

Избранный
15
azerbaijan-news.az

1Источники