Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 22-ci turu çərçivəsində “Qanqvon”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Ardıcılı 5-ci oyundan heç-heçə ilə ayrılan “Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 22 oyuna topladığı 36 xalla 12 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 22 oyuna 9 qələbə qazanıb, 9 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 16-da iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 77 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.