
Məlum olduğu kimi, "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində "Şəhid ailələri və müharibə iştirakçıları ilə iş" layihəsinin qalibi olub.
Üç ay müddətinə ( 01.06.2025 - 31.08.2025) gerçəkləşəcək layihənin hazırlıq işləri başa çatdırılıb. İyulun 19-da ASCO-ya məxsus "Suraxanı" gəmi-muzeyində "Şəhid ailələri və müharibə iştirakçıları ilə iş" layihəsi çərçivəsində ilk tədbir keçirilib.
İctimai Birliyin Analitik-İnformasiya şöbəsindən redaksiyamıza verilən xəbərə görə tədbir iştirakçıları olan şəhid ailələri və müharibə iştirakçıları ilk olaraq gəmi-muzeyi ekskursiya ediblər. Muzeyin əməkdaşı Əliağa Səfərovun bələdçiliyi ilə şəhid ailələri və müharibə iştirakçılar gəmi-muzeyinin zəngin eksponatları ilə tanış olaraq, Azərbaycan gəmiçiliyinin tarixi keçmişinə səyahət ediblər.
İctimai Birliyin sədri, tanınmış şair, AXDG QSC-nin DND -nın gəmi kapitanı, layihənin rəhbəri Faiq Balabəyli tədbirlə bağlı bunları deyib:
"Yüksək səviyyədə baş tutan Tədbirdə əsasən dənizçi şəhidlərin ailə üzvləri və qazilərimiz iştirak edirdi. 100 nəfərə yaxın iştirakçılar əvvəlcə gəmi-muzeyi ekskursiya ediblər".
Tədbirin davamı "Suraxanı" gəmi muzeyinin restoranında davam etdirilib. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.
Layihə rəhbəri, "DSD"İB-nin sədri Faiq Balabəyli qonaqları salamlayıb, şəhid analarına, ailə üzvlərinə, qazilərimizə onlarla qürur duyulduğunu və bunun daima belə olacağını deyib. Layihənin əsas məqsədi haqda danışaraq icrası 3 ay davam edəcək layihənin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Gəmi-muzeyin fəaliyyəti haqda da bəhs edən layihə rəhbəri yaradılan şəraitə görə ASCO rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Milli Məclisin üzvü, tanınmış ictimai-siyasi xadim Vüqar Rəhimzadə çıxışında torpaqlarımızın azadlığı uğrunda döyüşən insanlarımızın adının daima uca tutulacağını, onların bütün dövrlərdə qəhrəmanlıqlarından bəhs ediləcəyini bildirib, Ali Baş Komandanın "dəmir yumruğ"unun və zamanında verilən əmrinin dəqiqliklə yerinə yetirildiyindən bəhs edib.
Belə tədbirlərin keçirilməsinin zəruri olduğunu deyən milli məclis üzvü dənizçilərimizin Azərbaycanın müstəqilliyi və ərazilərinin işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlarından bəhs edib, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin keçirdiyi tədbiri alqışlayıb.
"Adalia" Beynəlxalq Qadın Platformasının təsisçisi və direktoru Dilşad xanım Əhədova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə, "Yazarlar" jurnalının və eyni adlı xəbər portalının yaradıcısı və baş redaktoru, AYB üzvü, şair Zaur Ustac, Birinci Qarabağ müharibəsinin iştirakçısı XDND-nin gəmi kapitanı, qazi Elşad Qasımov, Vətən müharibəsi iştirakçısı, ADDA-nın müəllimi, qazi Ruslan Alicanov, ASCO Mühafizə MMC-dən olan qazi Nəsib Baxışov, 20 yanvar hadisələri zamanı Bakı buxtasında qəhrəmanlıq göstərən dənizçilərdən biri, hazırda xarici sularda fəaliyyət göstərən gəmi baş mühəndisi Malik Mikayılov, Qida təhlükəsizlik hərəkatının rəhbəri Məshəti Hüseynova, "Adalia" Beynəlxalq Qadın Platformasının əməkdaşı Alisa Nəzərova çıxış edərək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğı və diqqətə görə Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinə təşəkkür ediblər.
Tədbirdə iştirak edən, Masallı rayonunun Şərəfə kəndindən gələn şəhid Kərimov Valehin nəvəsi Kərimli Mədinə babasının xatirəsini əziz tutduqlarına görə ailələri adından təşəkkür edib və şeir söyləyib.
Şəhid anası Flora xanım, şəhid İsgəndər Xankişiyevin bacısı Çimnaz Əsədova, qazi Zakir İsaqovun tələbə qızı Sevinc xanım, şəhid Vadim Seyidovun bacısı Dilarə xanım, şəhid İlyas Hüseynovun qızı Nişanə xanım və başqaları tədbirdə çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirdilər.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Tural Balabəyli,
"DSD" İB-nin layihələr üzrə analitik
informasiya şöbəsi