RU

Suriyada etnik qarşıdurmalar nəticəsində yüzlərlə insan həyatını itirib

BAKI, TurkicWorld

Suriyanın Suveyda şəhərində bədəvi ərəblər və aşiret qüvvələrindən ibarət ittifaq ilə bəzi druz qrupları arasında baş verən toqquşmalarda həyatını itirənlərin sayı 426-ya yüksəlib.

TurkicWorld xəbər verir ki, Suriyada mülki vətəndaşlara qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) verdiyi məlumata görə, 13–20 iyul tarixlərində Suveydada baş verən qarşıdurmalarda ölənlərin sayının 426-ya çatdığı bildirilib. Həlak olanlar arasında 7 uşaq, 10 qadın, 6 tibb işçisi və 2 media əməkdaşı da var.

Suriya İnsan Haqları Şəbəkəsi daha əvvəl, 13–18 iyul tarixlərində Suveydada baş verən toqquşmalarda 6-sı uşaq, 9-u qadın olmaqla azı 321 nəfərin həyatını itirdiyini, 436-dan çox insanın yaralandığını açıqlamışdı.

Bədəvi ərəblər və aşiret qüvvələrindən ibarət ittifaq ilə bəzi Dürzi qrupları arasındakı toqquşmalar, Şam rejimi və vasitəçi ölkələrin təşəbbüsü ilə sona çatdırılıb.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Избранный
39
24
turkic.world

10Источники