Dünyanı hörümçək toru kimi bürümüş sosial media platformalarının cəmiyyətlərə və dövlətlərə, onların informasiya təhlükəsizliyinə təsiri ilə bağlı müzakirələr səngiməmiş, qlobal informasiya məkanı daha bir rəqəmsal fenomen - süni intellektlə dil tapmağa çalışır. İndi insanlar “sosial media imkandır, yoxsa çağırış” sualından daha çox “süni intellekt fürsətdir, yoxsa təhdid” sualına cavab axtarmağa başlayıb.
Təsadüfi deyil ki, Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu da bu dəfə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunub. Sayca üçüncü olan ənənəvi foruma əvvəlki illərdə olduğu kimi, 50-dən çox ölkədən jurnalist və ekspert qatılıb ki, bu da Foruma olan yüksək marağın göstəricisidir.
Azərbaycan - qlobal problemlərin həllində söz sahibi
Ümumiyyətlə, son illər Azərbaycanın ən aktual qlobal problemlərin həllində ön sıralarda yer alması dünyada qəbul edilmiş bir faktdır. COP29 kimi qlobal sammitdən sonra gələn il Dünya Şəhərsalma Forumunun da Bakıya həvalə edilməsi bunun təsdiqidir.
Üstəlik, rəsmi Bakının missiyası yalnız müzakirələrə ev sahibliyi, moderatorluq etməklə bitmir – Azərbaycanın təşkil etdiyi beynəlxalq tədbirlər və ya irəli sürdüyü təşəbbüslər dünyanı narahat edən ciddi problemlərlə bağlı səylərin birləşdirilməsinə, mübahisəli məsələlərin həllinə öz töhfəsini verməkdədir.
Buna misal olaraq COVID-19 pandemiyası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-də inkişaf etməkdə olan ölkələrə qarşı “peyvənd millətçiliyi”nin aradan qaldırılmasına yönəlmiş qətnamələrin qəbulunu, ötən il Bakıda keçirilmiş COP29 sammitində iqlim maliyyələşməsinə dair tarixi konsensusun əldə edilməsini və bir çox başqa qlobal qərarları göstərmək mümkündür.
Yeni çağırışlar: Azərbaycan geri qalmaq niyyətində deyil
Təbii ki, Şuşada Qlobal Media Forumu təşkil edən Azərbaycan bu müzakirələrlə hansısa qlobal trendləri dəyişmək, dünyada formalaşan yeni informasiya arxitekturasına təsir etmək iddiasından uzaqdır. Lakin indiyədək keçirilmiş hər üç forumun gündəliyi göstərir ki, rəsmi Bakı sürətlə gedən qlobal rəqəmsal transformasiyadan geridə qalmaq fikrində deyil. Prezident İlham Əliyevin Forum iştirakçıları ilə görüş zamanı səsləndirdiyi “biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik” bəyanatı da Azərbaycanın bu sahəyə verdiyi yüksək əhəmiyyətin göstəricisidir.
Yeri gəlmişkən, bu ilin mart ayında Azərbaycan Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin verdiyi məlumata görə, bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.
Göründüyü kimi, rəsmi Bakı süni intellekti fürsət kimi nəzərdən keçirməyə və ondan iqtisadi inkişafda faydalanmağa çalışır.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev texnologiyalara və innovasiyalara qarşı müqaviməti “yel dəyirmanları ilə döyüş” kimi dəyərləndirib. Eyni zamanda, onun fikrincə təhdidlər də gözardı edilməməlidir. "Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır", - deyə H. Hacıyev III Şuşa Qlobal Media Forumu zamanı bildirib.
Bu baxımdan III Şuşa Qlobal Media Forumu süni intellektin doğurduğu informasiya çağırışları fonunda beynəlxalq səyləri birləşdirmək, dezinformasiyaya qarşı mübarizədə ənənəvi medianın imkanlarını gücləndirmək üçün unikal bir platforma hesab oluna bilər.
Süni intellekt Şuşa Forumu haqqında
Bəs Şuşa forumunun Azərbaycanın özü üçün əhəmiyyəti nədən ibarətdir? Bu sualı elə süni intellektin özünə ünvanladıq. Məlum oldu ki, ChatGPT Forumu bir neçə fundamental istiqamətdə əhəmiyyətli sayır:
1. Geosiyasi və simvolik əhəmiyyət
• Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın suverenliyinin rəmzidir;
• Forumun azad edilmiş ərazidə keçirilməsi dünyaya aydın mesaj verir;
• Azərbaycan bu ərazilərə tam nəzarət edir;
• Burada təhlükəsizlik təmin olunub;
• Qarabağ artıq beynəlxalq tədbirlərin keçirilmə məkanıdır – yəni regionda normallaşma prosesi reallıqdır.
2. Mediada yeni qlobal nizam axtarışları
• Dünyada informasiya manipulyasiyası, feyk xəbərlər, süni intellektin mediaya təsiri fonunda yeni media reallıqları müzakirə olunur;
• Forumda bu mövzuların praktik həlləri axtarılır və Azərbaycan bu diskussiyalarda aktiv oyunçu kimi çıxış edir;
• Qərb və Qlobal Cənub mediasının baxış fərqləri kontekstində Azərbaycan neytral platforma rolunu oynayır.
3. Azərbaycanın “yumşaq güc” strategiyasının tərkib hissəsi
• Forum Azərbaycanın yumşaq diplomatiya aləti kimi mühüm rol oynayır;
• Buraya təkcə media deyil, ictimai rəy formalaşdıran şəxslər, ekspertlər, analitiklər də cəlb olunur;
• Bu, Azərbaycana qarşı informasiya hücumlarının qarşısını almaq və ölkənin haqq səsini yaymaq üçün platforma yaradır.
4. Media əməkdaşlığı və şəbəkələşmə imkanı
• Forumda 50-dən çox ölkədən media nümayəndələrinin iştirakı;
• Azərbaycan mediasının beynəlxalq əlaqələrini genişləndirməsi;
• Təcrübə mübadiləsi;
• Birgə layihələr və regional media platformalarının qurulması.
5. Postmünaqişə dövründə informasiya təhlükəsizliyi
• Qarabağ münaqişəsi yalnız hərbi deyil, informasiya müharibəsi idi;
• Forumda informasiya təhlükəsizliyi, rəqəmsal suverenlik, dezinformasiyaya qarşı mübarizə kimi məsələlər ön plandadır;
• Bu, həm də Azərbaycana qarşı beynəlxalq media təzyiqlərinə cavab vermək üçün müzakirə platformasıdır.
6. Azərbaycanın media mühiti üçün impuls
• Yerli media üçün beynəlxalq jurnalistlərlə birbaşa təmas, peşəkar inkişaf baxımından əhəmiyyətlidir.
• Forum yerli media standartlarının yüksəldilməsi, etik jurnalistikanın təşviqi və qlobal tendensiyaların izlənməsi üçün fürsət yaradır.
Göründüyü kimi, III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini süni intellekt də yüksək qiymətləndirir.
Əlavə edək ki, belə əhəmiyyətli beynəlxalq media tədbirinin paytaxt Bakıda deyil, məhz Şuşada keçirilməsi ənənəsi Azərbaycanın informasiya savaşında hücum taktikasının davamı kimi qiymətləndirilə bilər. Builki forum çərçivəsində Prezident İlham Əliyevlə jurnalistlərin görüşünün Şuşa şəhərində deyil, Xankəndidə təşkilini də məhz postmünaqişə dövrünün proaktiv informasiya siyasətinin bir elementi saymaq mümkündür.
Əvvəla, Azərbaycan bununla 30 il Ermənistanın işğalı altında olmuş bu bölgənin onun üçün hansı tarixi-siyasi əhəmiyyət daşıdığını göstərir.
Digər tərəfdən, erməni işğalının acı nəticələrini və Azərbaycanın apardığı intensiv bərpa-quruculuq işlərini dünyaya nümayiş etdirir ki, bu da rəsmi Bakının bölgədə sülh və sabitliyin möhkəmlənməsinə çalışması barədə mesajıdır.