RU

Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyasının ləğvinə başlanılır

Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

    Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti üzrə iki yeni normativ sənəd – “Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası” və “Kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilərək qüvvəyə minib. Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə bu məbləğ 100 min manat müəyyən edilib. Bu dəyişikliklər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi daşıyır.

    Kapital tələblərini yerinə yetirməyən mövcud BOKT-lərə Mərkəzi Bank tərəfindən icrası məcburi göstərişlər verilib. Hesabatlara əsasən, əksər təşkilatlar bu tələbləri artıq yerinə yetirib. Lakin kapitalı tələblərə uyğun olmayan bəzi BOKT-lərlə bağlı lisenziyanın ləğvi üçün inzibati tədbirlərə başlanılıb. Bu təşkilatlar barədə ictimaiyyətə əlavə açıqlama veriləcəyi bildirilib.

    Mərkəzi Bank qeyd edib ki, BOKT-lərin fəaliyyəti yeni qaydalar əsasında davamlı nəzarətdə saxlanılır. Tələblərə əməl etməyən BOKT-lərə qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.

    Qeyd edək ki, iyulun 18-də "TBC Kredit" bank olmayan kredit təşkilatının könüllü müraciəti əsasında lisenziyası ləğv edilib. BOKT-nin nizamnamə kapitalı 861 min manat təşkil edib. Bundan əvvəl isə "İcraçı Kredit" BOKT fəaliyyətini dayandırdığını açıqlayıb.

    Избранный
    6
    27
    banco.az

    10Источники