RU

Tanınmış jurnalistin qardaşı intihar edib

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan mediasında uzun illər imzası olan jurnalist Şeyda Nəsiblinin qardaşı intihar edib.

Gununsesi.info  bildirir ki, bu barədə jurnalistin özü bildirib:

“Dostlar, dərdim ağırdır. Qardaşım təbii yolla ölmədi, intihar etdi. Bəli, səhv oxumadınız. 58 yaşında hər şeyini itirən adam bilinclə olaraq ölümü seçdi. İnsanlar müxtəlif səbəblərlə intihar edər. Daha çox depressiyadan, imkansızlıqdan, narkotikadan və s. Bizimki bunların heç biri olmadı. Uşaqlar, gənclər təsirlənməsin deyə dünən bunu yazmadım. Bacımla danışdım. “Yazsan da, yazmasan da, onsuz da hadisə polisdə intihar kimi qeydə alındı,” dedi.

Qardaşımı tanıyanlar bilir ki, evimizin ən dəlisovu, cəsarətlisi, öz bildiyini oxuyan, ipə-sapa yatmayan biri idi. Kənddə əlində güzgü, daraqla gəzən, Cimi kimi ağappaq cins şalvar, mont geyən, başarılı bir şagird idi. 1986-87-ci illərdə Qərbi Almaniyada əsgərlik görəvindən sonra Xarkova getdi. Xarkov Dəmir Yol İnstitutunda mühəndislik oxudu. Qara kəmər Kun-Fu idmançısı idi. Tələbələr arasında çempionluğu vardı. Ömrünün sonuna qədər idmanla məşğul oldu. Müxtəlif işlərdə işlədi. Network sistemləri qurdu. Universitetlərdə seminarlar verdi. Həmişə yaxşı standartlarda yaşadı. 1993-cü ildə Mercanlıya gəldi.

1-ci Qarabağ savaşında 2 ay iştirak etdi. Bunların bölüyünü o vaxt, səhv etmirəmsə, Suretgil dağıtdı. O da ruh düşkünlüyü yaşadı. “Bu müharibə deyil, oyundur,” deyib Xarkova geri döndü. Ukraynada da savaş başlayanda ilk gedib başvuranlardan olub. Deyiblər, “yaşlısan, get gözlə.” İkinci yoldaşı universitetdə müəllimə idi. 25 yaşında bir oğlu, 13 yaşında qızı var. Yoldaşından ayrı yaşayırdı. Oğlunu özü böyütmüşdü. 3 il öncə müharibə başlayanda uşaqlarından ayrı düşdü. Qızı anası ilə Polşaya sığındı. Xarkovda yaşadığı binaya raket düşdü. 3 il Ukraynanın fərqli şəhərlərini dolaşdı. Yenə Xarkova döndü. Bu dəfə də 10 metrlik məsafəsinə raket düşmüş.

Deyirmiş ki, “O an elə bil içimdən bir şey qırıldı.” Sonra bağırsağında problem başlayıb. Özəl icazə ilə sərhədi keçib Polşaya getdi. Keçən il sentyabrda dedim, “Madam oradan çıxdın, Polşaya getmə, Belçikaya, yanıma gəl. Burada Ukraynalılara normal şərait yaradıblar. Maaş verirlər, 65 yaşda da əməkli maaşı verəcəklər.” Dedi: “Mənim heç kimin puluna ehtiyacım yoxdur.” Bu qədər də qürurlu insandı. Başqaları gedib saxta Ukrayna pasportu düzəldib Avropaya gəlir, mənim qardaşım əlində pasport olduğu və qanuni yolla çıxdığı halda Avropanın imkanlarından imtina etdi. Krakovda çox əziyyət çəkib, ac qalıb, xəstəliyi şiddətlənib. Həyatında ilk dəfə xəstəlik yaşayan insandı.

Fevral ayında Bakıya getdi. Bacıma da deyib ki, “Bakıya ölməyə gəldim.” Bizimkilər də ölməyə qoymadılar. Zorla həkimə, əməliyyata apardılar. Yemək yemirdi, hər şeydən imtina edirdi. Nə isə, əməliyyatdan uğurla çıxdı. Xərçəngə çevrilmədən poliplər təmizlənmişdi. 2 kilo da kökəlmişdi. Dedim, “Dublin anlaşmasının bitməsinə 2 ayın qaldı. Avqustun sonunda çıx gəl bura.”

Yazıq bacım 6 aydır yuxu yatmır. Gecə səhərə qədər, səhərdən axşama qədər ona baxırdı. 10 günlüyünə Qeçreşə istirahətə getdi. Qardaşımı da o biri bacıma göndərdi ki, evdə tək qalmasın. 3-4 gün öncə “Ağrıyıram,” deyirmiş. 19-u, sabah da bacımın boş evinin açarını alıb, boş evə gedib və özünü asıb.

O, “Mən heç kimə yük olmayacam,” deyirdi. Xəstə halda insanların onu görməsini istəmirdi. Bu yolu qürurundan seçdi, qorxaq olduğu üçün deyil. Bilincli olaraq seçdi bu yolu. O qürurundan öpərəm, ay qardaş! Hamımızı pərişan etdin. Bu ölüm deyil, zülüm oldu.

Evin yıxılsın, yurdun viran olsun, rus sənin! Babamı, əmilərimi 1930-da öldürdü. Atam Qarabağın işğalından sonra 3 il ancaq dayana bildi. Lenfoma xərçəngi olub öldü. Qardaşımı da Ukrayna savaşı vurdu. Yurduna od ələnsin, rus sənin!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
45
icma.az

10Источники