RU

Özümü daha çox muğamatda tapıram

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müsahibimiz - əslən Laçından olan gənc xanəndə Yusif Cəfərbəyli indiyədək az yaşına çox sayda uğur sığdıran, muğam sənətimizin parlaq gələcəyinə ümid yaradan istedadlı gənclərimizdən biridir. Onun musiqiyə bağlılığı lap uşaq yaşlarından başlayıb:

"Ailəmizdə musiqiçi olmasa da, xalq musiqisinə, muğamlarımıza, aşıq sənətimizə çox bağlı insanlardır. Bunu da bir tərəfdən Laçın rayonundan olmağımızla əlaqələndirirəm. Çünki Qarabağ, Laçın, Şərqi Zəngəzur bölgələrimiz tarixən milli musiqimizə, muğama bağlı olublar. Bu bölgələrdən çıxan çox böyük sənətkarlarımız olub ki, Azərbaycan musiqi sənətində, muğam sənətinə öz böyük töhfələrini veriblər. Elə indi də var.

Ümumiyyətlə, uşaqlıqdan incəsənətə bağlı olmuşam. İlk musiqi təhsilimi 2009-2016-cı illərdə Niyazi adına 22 nömrəli musiqi məktəbində öncə tar, sonra isə xanəndə ixtisası üzrə almışam. Məktəbi bitirən zaman səsdəyişmə prosesim gedirdi və ustadlarımın məsləhəti ilə bir müddət səsimi qorumalı oldum. Həmin dövrdə həm səsimi qorumaq, həm də başqa bir sahəyə də yönəlmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olundum. Burada təhsil aldığım illərdə universitet tərkibində fəaliyyət göstərən İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri vəzifəsini icra etmişəm. Vətənpərvərliyin təbliği ilə bağlı tədbirlər, layihələr keçirirdik. Eyni zamanda musiqi fəaliyyətimi davam etdirmək məqsədilə universitetin Yaradıcılıq mərkəzinin solisti idim, tez-tez tədbirlərdə çıxışlar edirdim. Tələbəlik illərimdə bir çox müsabiqələrdə, layihələrdə iştirak edirdim. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 2019-cu ildə "Tələbə Baharı" tələbələrin XII Ümumrespublika yaradıcılıq festivalında "Muğam" musiqi nominasiyasında II yerə, 2020-ci ildə eyni nominasiyasında I yerə layiq görülmüşəm.

Bakalavr təhsilimi bitirəndən sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində Musiqi menecmenti ixtisası üzrə magistraturaya qəbul oldum. Orada bizə həm iqtisadiyyat yönümlü, həm də musiqi ilə bağlı fənlər tədris olunurdu. Bu dəfə də universitetin ictimai işlərində fəal iştirak edən tələbələrdən olmuşam. Dəfələrlə ölkə xaricində keçirilən layihələrdə, festivallarda ölkəmizi təmsil etmişəm.

Məsələn, 2021-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə Türkiyənin Qaziantep şəhərində keçirilən "Beynəlxalq Zəfər Düşərgəsi"nin, eləcə də 2022-ci ildə İstanbulda Gənclər Fondu, Türkiyə Gənclik Vəqfi (TÜGVA) və "Pakistan-Türkiyə Dostluq Dərnəyi"nin birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan - Türkiyə - Pakistan Gənclərinin Birinci Həmrəylik Forum"unun iştirakçısı olmuşam.

2022-ci ildə Gənclər Fondunun keçirdiyi "İdeyanı Reallaşdır 2022" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsində "Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş "Milli Musiqi" müsabiqəsi" layihəsi ilə müsabiqənin qalibi olmuşam.

Fürsətdən istifadə edib, tələbəlik illərimdə mənə özümü göstərmək, özümü inkişaf etdirmək imkanları yaratdıqlarına görə hər iki universitetin rəhbərliyinə öz təşəkkürümü bildirirəm".

Y.Cəfərbəyli musiqi sevgisindən danışanda gözləri parıldayır, səsi qaynar bulaq kimi şövqlə sözlərə can verir. Onu dinlədikcə insanın özünü tapmasının, gördüyü işi dərindən, hüceyrələrinə qədər sevməsinin verdiyi xoşbəxtliyi duyuram:

"Mənim üçün musiqi ruhun qidasıdır. Xanəndəlik, muğam ifaçılığı baxımından götürəndə, əgər insanın Allah tərəfindən verilən səsi, istedadı yoxdursa, heç bir məktəbdə, heç bir akademiyada, dünyanın ən güclü ustadının yanında bu sənəti öyrənib xanəndə ola bilməzsən. Onlar insana bilik verir, yol göstərir, səsi isə Allah verir. Amma o istedadın üzərində işləmək, onu hazır bir məhsula çevirmək isə artıq insanın öz əlindədir. Bayaq saydıqlarım, bax, bunun üçündür.

Təbii ki, təkcə musiqidə yox, hansı sahədə olursansa ol, təhsil mütləq önəmlidir. Xanəndəlikdə isə istedad və təhsil mütləq vəhdətdə olmalıdır.

Mən səhnəyə çıxarkən oxuduqlarımı öncə özüm hiss etməliyəm ki, o hissi də dinləyiciyə ötürə bilim. Onda mən oxuduğumdan, dinləyici də dinlədiyindən zövq ala bilir.

Musiqi böyük bir dəryadır, onun janrları çoxdur. Bu janrların hər biri insan ruhuna xitab edir. Hansı janrı sevməsi, dinləməsi isə insanın özündən asılıdır. Hansı janrın ifaçısı olmasından asılı olmayaraq, əsas şərt odur ki, onu dinləyiciyə olduğu kimi çatdıra biləsən. Mən həm bir ifaçı, həm də dinləyici kimi muğamı daha çox sevirəm. Onun çətinliyinə, mürəkkəbliyinə bələdəm, amma yenə də özümü daha çox muğamatda tapıram. Mən ifaçı kimi xeyli gəncəm, hələ muğam sənətində, xanəndəlikdə öyrənəcəyim çox şeylər var. İndi daha çox dinləyiciyəm və dinləyici kimi də ruhuma yaxın olan janr muğamdır, xalq musiqisidir".

Təbii ki, səhnənin parlaqlığına gedən yol təkcə istedadla yox, həm də böyük sənətkarların kölgəsində keçib. Həmsöhbətim də bunun yaxşı fərqindədir və bu barədə danışanda sanki başqa bir ovqata bürünür. Ustadlardan söz düşəndə onun baxışlarında həm minnətdarlıq, həm də məsuliyyət duyulur:

"İlk muğam müəllimim Niyazi adına 22 nömrəli musiqi məktəbində Kamilə Abdullayeva olub. Kamilə xanım mərhum xanəndəmiz Vahid Abdullayevin həyat yoldaşıdır. O, hazırda da pedaqoji fəaliyyətlə məşğuldur. Tələbələrinin bir çoxu muğam sənətimizdə öz sözünü deyib, Muğam müsabiqəsinin qalibləri olublar.

Xanəndəlik üzrə ali təhsilim yoxdursa da, fərdi olaraq Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti Təyyar Bayramovdan dərs almışam. Elə indi də dərs alıram, məni Muğam Müsabiqəsinə hazırlayan da odur. Onun mənim üzərimdə zəhməti çox böyükdür. Onun tələbəsi olduğum üçün özümü çox xoşbəxt hiss edirəm.

Amma bir də auditoriyadan kənarda, sırf dinləyərək öyrəndiyim xanəndələrimiz var ki, mən onları da özümə ustad hesab edirəm. Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğludan Arif Babayevə qədər bütün xanəndələrimizi özümə ustad sayıram. Kumirim isə Xalq artisti Mənsum İbrahimovdur. Onun sənətindən əlavə, şəxsiyyəti, insanlığı, alicənablığı biz gənclər üçün ən gözəl nümunədir".

Y.Cəfərbəyli hazırda Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən IX "Muğam" Televiziya Müsabiqəsinin ən uğurlu iştirakçılarından biridir. O deyir ki, bu müsabiqəyə qatılmaq onun uşaqlıq arzusu olub. İndi isə Yusif müsabiqənin sonlarına doğru inamla gəlib çatıb və hətta qalibiyyəti hədəfləyir:

"Magistr təhsilimi başa vurduqdan sonra 2023-2024-cü illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçdim. Hərbi xidmətdən qayıtdıqdan sonra eşitdim ki, IX "Muğam" Müsabiqəsi başlayır. Bütün işlərimi kənara qoyub bu müsabiqəyə müraciət etdim və hazırlaşmağa başladım. Özümü çox xoşbəxt hiss edirəm ki, arzusunda olduğum müsabiqənin iştirakçısıyam. Artıq 10 həftəni geridə qoymuşuq, sonlara çox az zaman qalıb. Bu qədər həftəni irəliləyib bu zamana qədər gəlib çatmaq həm sevindirici haldır, həm də böyük bir məsuliyyətdir. Biz gənclərin üzə çıxmasında, xalqa tanıdılmasında bu cür müsabiqələrin rolu və əhəmiyyəti çox böyükdür. Belə bir müsabiqəyə dəstək verdiyi üçün, ümumiyyətlə, muğamımızın inkişafına göstərdiyi böyük qayğıya görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. Muğam Müsabiqəsi təkcə yarış deyil, həm də böyük bir məktəbdir. Biz burada böyük bir musiqi, muğam kursu keçirik.

Bu il "Muğam" Müsabiqəsi üçün əlamətdardır. Çünki müsabiqənin 20 illiyidir. Sevinirəm ki, belə bir əlamətdar ildə mən də bu müsabiqənin iştirakçısıyam.

Eyni zamanda builki muğam müsabiqəsinin daha bir özəlliyi odur ki, iyunun 10-da IX "Muğam" Televiziya Müsabiqəsinin növbəti mərhələsi yeni istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində baş tutdu. 10 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışındakı nitqində bildirmişdi: "İstərdim, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin". Möhtərəm cənab Prezidentimizin söylədiyi fikirlərin əyani şahidi olduq. Mən də özümü çox xoşbəxt hesab edirəm ki, IX "Muğam" Televiziya Müsabiqəsinin iştirakçısı kimi bu mötəbər səhnədə çıxış etdim. Belə bir torpaqda, belə bir səhnədə çıxış etmək həm məsuliyyətli, həm də şərəfli idi. Şükürlər olsun Allaha ki, bu böyük qürur mənə qismət oldu.

Təbii ki, çox gərgin bir dövrdür. Çünki biz səsimizlə yarışırıq. Səs isə elə bir şeydir ki, cüzi hava dəyişkənliyi, əhvalımızdakı fərqlilik, yorğunluq və sair kimi hər şey səsimizə təsir edə bilir. Biz maksimum dərəcədə səsimizi qorumalı, bununla bahəm yeni qəzəllər öyrənməli, onları muğamımızla təqdim etməliyik. Özü də bizi muğam biliciləri, pedaqoqlar, professorlar, ekran qarşısında milyonlarla insan, ölkə xaricində həmyerlilərimiz izləyirlər. Biz hər həftə onların qarşısında sanki imtahan veririk. Böyük məsuliyyətdir. Amma şükür ki, bu həftələri uğurla başa vurmuşuq. Çalışıram ki, sona qədər bu cür uğurla davam edim.

Gələcəklə bağlı da planlarım çoxdur. Əsas məqsədim isə bu sənəti daha dərindən öyrənmək, ölkəmizi təkcə daxildə deyil, beynəlxalq arenada da layiqincə təmsil etməkdir. Necə ki, bizdən öncəki ustadlarımız bu sənəti bizə mükəmməl şəkildə miras qoyublar, biz də bir vasitəçi kimi öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək. Muğam elə bir dəryadır ki, gərək burada hər zaman axtarışda olasan, öz üzərində işləyəsən, təkmilləşəsən".

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
24
525.az

10Источники