Abutalıb Səmədov: "Azərbaycanın tələbləri ortadadır, Ermənistan və ABŞ inandırıcı arqumentlər gətirə bilsələr, bəlkə də mümkun ola bilər. Amma..."
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı deyib ki, Ermənistan konstitusiyası dəyişdikdən və Minsk qrupunun ləğvi barədə bəyanatdan sonra Ermənistanla sülh müqaviləsi imzalana bilər.
O əlavə etdi ki, biz bu barədə Əbu-Dabidə təklifimizi Ermənistana vermişik.
Deməli, Əbu-Dabi görüşündə bu iki şərt Paşinyanın qarşısında qəti şəkildə qoyulub?
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 bəndi razılaşdırılıb. Lakin bu sənədin imzalanması üçün mutləq Azərbaycanın irəli sürdüyü iki şərt qəbul edilməli və bununla da müqavilənin imzalanmasına mane olan amillər aradan qaldırılmalıdır. Bunlardan biri Ermənistanla Qarabağın birləşməsi haqqında 1 dekabr 1989-cu il qərarının müstəqillik bəyannamasində əks olunması və bu bəyannaməyə Ermənistan konstitusiyasıda istinad edilməsidir. Yəni Ermənistan Respublikasının konstitusiyasının preambulasında bəyannaməyə edilən istinad o deməkdir ki, Ermənistan Qarabağla birləşmə iddiasını bir daha təsdiqləyir və Qarabağı öz ərazisi hesab edir. Bu halda sülh sazişinin imzalanması qeyri-mümkündür və Azərbaycan qəti şəkildə tələb edir ki, konstitusiyada dəyişiklik edilsin.
İkinci məsələ Minsk Konfransı ilə bağlıdür. Minsk Konfransı 24 mart 1992-ci ildə 11 ölkənin iştirakı ilə yaradılib. Konfrans Qarabağın statusu məsələsini həll etmək məqsədi ilə Minskdə çağırılmalı idi. Amma hərbi əməliyyatlar nəzərdə tutulan konfransın çağırılmasına imkan vermədi və konfransın sədri Mario Raffaello dalbadal 11 ölkənin numayəndələrinin iştiraki ilə görüşlər təşkil etdi. Sonda isə bildirdi ki, Minsk Qrupu yaradılıb. Ancaq bu barədə hec bir qərar yoxdur. Rəsmi sənədlərdə Minsk Konfransı keçir. Minsk Konfransı həmsədrlərinin mandatı da var. Lakin "Minsk qrupu" ifadəsi artıq uzun müddət istifadə edildiyinə görə qəbul edilib. Minsk qrupunun ləğvi məsələsi bu səbəbdən qoyulub. Baxmayaraq ki, belə bir qurumun yaranması haqda qərar ortada yoxdur və onun tarixi heç kimə məlum deyil. Ona görə də Azərbaycan tələb edir ki, Minsk qrupu - konfransı ləğv edilsin. Əslində bu təklifə Ermənistan etiraz etmir, sülh müqaviləsinin imzalanmasından sonra Minsk qrupunun - konfransının ləğv edilməsi barədə ATƏT-in Nazirlər Şurasına müraciət edəcəyi barədə öhdəlik götürüb. Yəni bu məsələdə heç bir problem yoxdur. Problem daha çox konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünü pozan müddəaların çıxarılmasıdır. Bu addımı hələlik Paşinyan atmaq iqtidarında deyil. Bütün bunlar məlum olduğu halda Əbu-Dabidə 5 saatlıq müzakirələr keçirildi. Maraqlıdır, əgər hər şey aydın idisə, bir tərəfdən Azərbaycanın haqlı tələbləri, digər tərəfdən Ermənistan bu haqlı tələbləri reallaşdıra bilmirsə, onda 5 saat ərzində nə müzakirə edilib? Bunu politoloq Abutalıb Səmədov baki-xeber.com-a açıqlamasında deyib.
Ekspert əlavə etdi ki, Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda sülh sazişinin imzalanması üçün tələblərin dəyişməz qaldığını bəyan etdi: "Yəni Ermənistan konstitusiyasındakı müstəqillik bəyannaməsinə istinad çıxarılmalıdır, eyni zamanda Minsk qrupu ilə bağlı tələb də öz qüvəsində qalır. Demək olar ki, irəliyə doğru heç bir addım atılmayıb. Ancaq Paşinyanın mətbuat konfransında sülh sazişınin ilkin imzalanmasının mümkünlüyü bəyan edildi. İlkin imzalanma (paraflanma) adətən səlahiyyətli nümayəndələr tərəfindən reallaşdırılır. Bu, sülh müqaviləsinin imzalanması demək deyil. Bu o deməkdir ki, mətnin son variantı artıq qəbul edilib və ona heç bir dəyişiklik edilə bilməz. Bu çox mühüm mərhələdir. Tamamilə mümkündür ki, yaxın vaxtlarda paraflanma mərasimi keçirilsin, Azərbaycan və Ermənistanın müəyyən etdiyi rəsmi səlahiyyətli nümayəndələr sülh müqaviləsini paraflasınlar ki, bu da çox mühum addımdır. Yəni bundan sonra sülh müqaviləsinin mətbində heç bir dəyişiklik edilə bilməz. Bütövlükdə, sülh müqaviləsi Ermənistanda parlament seçkilərinə və yeni konstitusiyanın qəbuluna qədər imzalana bilərmi?
Azərbaycanın tələbləri ortadadır, Ermənistan və ABŞ inandırıcı arqumentlər gətirə bilsələr, bəlkə də mümkun ola bilər. Amma buinandırıcı arqumentlər nədən ibarət ola bilər?İndiyə qədər Ermənistan tərəfi yalnız konstitusiya məhkəməsinin delimitasiya komissiyası haqqında rəyinə istinad edirdi. Həmin rəydə isə göstərilir ki, Ermənistan konstitusiyası yalnız konstitusiya mətnində yazılanlardan ibarətdir - istinad konstitusiyaya aid deyil. Amma bu, Azərbaycan üçün inandırıcı qəbul edilmədi. Ermənistanın təklif edəcəyi başqa bir variant yoxdur. ABŞ burada bir zamin kimi təkliflə çıxış edə bilərmi? Təbii ki, istisna edilmir, çünki Amerika son dövrlər buna cox böyük əhəmiyyət verir və iyul ayında Donald Tramp açıq şəkildə dedi ki, yaxın vaxtlarda bu istiqamətdə ciddi addımların atılması gözlənilir. Burada praflanma nəzərdə tutulur, yoxsa bütövlükdə sülh sazişinin imzalanması ehtimalındanmı söhbət gedir, bunu yaxın günlər göstərəcək.
Ancaq Azərbaycan bir daha nümayiş etdirdi ki, sülh müqaviləsinin imzalanmasını istəyir, müzakirələrdən heç vaxt qaçmayib və qaçmır. Ancaq sülh müqaviləsinin imzalanmasına mane olan məsələlər mütləq aradan qaldırılmalıdır. Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti bir daha təkrar etmək zərurətini hiss etdi və bunu Ermənistana və dünya ictimaiyyətinə xatırlatdı. Yaxın günlərdə nələr baş verəcək, onu da görəcəyik".
Akif NƏSİRLİ