RU

Yaqub Eyyubovun adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından guya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair "deepfake" texnologiyası ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta video yayımlanıb.

Far.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu cür saxta video-görüntülər ictimai rəyi çaşdırmağa xidmət edən açıq-aşkar manipulyasiya nümunəsidir:

"Cəmiyyəti yalnız rəsmi mənbələrin yaydığı məlumatlara inanmağa çağırırıq. Dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi dövlət qurumlarından, eləcə də ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz".

Məlumatda o da qeyd edilib ki, Azərbaycan vətəndaşları, jurnalistlər və ictimai fəallar bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməli, saxta və yalan məlumatlara əsaslanan kampaniyalara qarşı diqqətli və sayıq olmalıdırlar. Xüsusilə "deepfake" texnologiyası ilə hazırlanmış məzmunların sürətlə yayıldığı dövrdə cəmiyyətin informasiya təhlükəsizliyi üçün məsuliyyətli davranış vacibdir.

Избранный
17
50
far.az

10Источники