Ekspertin sözlərinə görə, nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi əvvəlcədən müəyyən edilir, eləcə də ayaq altında insanlara xəsarət yetirə biləcək daşlar, qaya parçaları və digər maneələr təmizlənir: “Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri altında özlərini itirə bilərlər. Maarifləndirici və təbliğat xarakterli tədbirlər daha da genişləndirilməlidir. İnsanlar sadəcə “dalğa var, üzmək olmaz” xəbərdarlıqlarını deyil, bu dalğaların insan bədəninə necə təsir etdiyini də bilməlidirlər. Axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslərin getdiyini bilmələri vacibdir. Çimərliklərdə qaydaların pozulması hallarında, məsələn, qadağan olunmuş ərazilərdə çimmək və ya alkoqollu halda suya girmək kimi davranışlara qarşı həm ictimai qınaq, həm də inzibati cərimə tədbirləri tətbiq olunmalıdır ki, insanlar belə hərəkətlərdən çəkinsinlər”. O.Musayev qeyd edib ki, boğulma hadisələrinin əksəriyyəti saniyələr içində, səssiz və xəbərdarlıqsız baş verir. Yəni insanlar qışqırmır, sadəcə olaraq suyun altında yoxa çıxırlar. Hər il baş verən faciələrin təkrarlanmasının əsas səbəbi isə ehtiyatsızlıq və “heç nə olmaz” düşüncəsidir. Bu düşüncə tərzindən qurtulmaq vacibdir. Sevinc İbrahimzadə / Metbuat.az