RU

"Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm platformadır"

"Ənənə halı almış Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platforma rolunu oynayır. Prezident İlham Əliyevin forum zamanı ünvanlanan suallara verdiyi əhatəli cavablar təkcə ölkəmizin mövqeyini deyil, həm də regionda və dünyada baş verən prosesləri anlamaq baxımından dəyərli mənbədir. Bu cür beynəlxalq tədbirlər göstərir ki, Azərbaycan sabitliyi, təhlükəsizliyi və əməkdaşlıq mühiti ilə seçilən ölkədir". 

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, forum həm də ölkəmizin açıq dialoq və şəffaf siyasət prinsiplərinə sadiqliyini nümayiş etdirir: "III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi siyasi və strateji baxımdan olduqca önəmlidir. 52 ölkədən 140 media nümayəndəsinin qatıldığı bu beynəlxalq tədbir Azərbaycanın informasiya siyasətində qazandığı nüfuzun və söz azadlığına verdiyi dəyərin bariz nümunəsidir. Bu həm də işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq işlərinin, sabitliyin və sülhün media vasitəsilə dünyaya nümayişidir".

K.Bayramov qeyd edib ki, Azərbaycan artıq öz sözünü təkcə beynəlxalq tribunalar vasitəsilə deyil, həm də işğaldan azad olunmuş torpaqlarında dünya ictimaiyyətinə çatdırır: "Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər yalnız siyasi bəyanat deyil, dövlətimizin prinsipial və ədalətli mövqeyinin ifadəsi idi. Dövlət başçısı açıq bildirdi ki, regionda davamlı sülh, əməkdaşlıq və sabitliyin əsas ünvanı məhz Azərbaycandır. Xüsusilə informasiya təhlükəsizliyi, saxta xəbərlər və qərəzli media hücumlarına qarşı mübarizə məsələsində verilən mesajlar göstərdi ki, Azərbaycan bu sahədə də qlobal miqyasda fəallaşmaqdadır. Bu isə informasiya cəbhəsində də ölkəmizin strateji üstünlük əldə etməsi deməkdir".

Beynəlxalq jurnalistlərin Xankəndi və daha əvvəl Şuşada keçirilən tədbirlərdə iştirakı, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini yerində izləməsi Azərbaycanın nə qədər açıq və şəffaf siyasət yürütdüyünün aydın göstəricisidir. Xarici media nümayəndələrinin bu ərazilərə səfərləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm vasitəyə çevrilib. III Şuşa Qlobal Media Forumu bu kontekstdə Ermənistanın uzun illər təhrif etdiyi informasiya siyasətinə cavab olaraq effektiv informasiya platformasına çevrildi. Beynəlxalq qonaqların yerində şahidi olduqları faktlar - dağıntılar fonunda həyata keçirilən sürətli bərpa prosesi və həyatın geri dönüşü Azərbaycanın sülh və inkişaf yolunu seçdiyini bütün dünyaya nümayiş etdirdi. "Milli mətbuatın 150 illiyi ərəfəsində keçirilən forumda Prezident İlham Əliyevin çıxışı Azərbaycan mediasına verilən yüksək dəyərin və etimadın bariz nümunəsi oldu. Dövlət başçısı həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan mediasının qazandığı nüfuza diqqət çəkərək bildirdi ki, jurnalistlərimiz artıq qlobal informasiya mübarizəsinin fəal iştirakçılarıdır. Onlar təkcə ölkəmiz haqqında obyektiv məlumatların yayılmasında deyil, eyni zamanda Azərbaycanın əleyhinə yönəlmiş qərəzli və əsassız faktlara əsaslanan arqumentlərlə cavab verməkdə də peşəkar mövqe sərgiləyirlər. Bu gün mediamız artıq istənilən iftira və qarayaxma kampaniyasına faktlarla, arqumentlərlə cavab vermək gücündədir. Bu isə yeni dövrün reallığı və Azərbaycanın informasiya təhlükəsizliyində güclənən mövqeyinin göstəricisidir. Dövlət başçısı forumdakı çıxışı ilə bir daha vurğuladı ki, tarixi Zəfərimiz təsadüf deyil, məqsədyönlü və əzmli mübarizənin nəticəsidir. Dövlət başçısının "heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq lazımdır" çağırışı təkcə keçmişə deyil, həm də gələcəyə ünvanlanmış strateji mesajdır", - deyə K.Bayramov bildirib. 

Deputat əlavə edib ki, III Şuşa Qlobal Media Forumunun Xankəndidə keçirilməsi, beynəlxalq jurnalistlərin azad olunmuş ərazilərə səfərləri və Prezident İlham Əliyevin açıq, prinsipial mövqeyi Azərbaycanın informasiya savaşında da qalib olduğunu bir daha göstərib. Ölkəmiz təkcə hərbi və siyasi sahədə deyil, media və diplomatiya platformalarında da sarsılmaz mövqe nümayiş etdirir. Bu forum həmçinin Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda da söz sahibi olduğunu və media azadlığını, şəffaflığı dəstəkləyən bir ölkə olaraq dünya ilə açıq dialoqa hazırlığını nümayiş etdirdi".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
19
azerbaijan-news.az

1Источники