RU

Şuşa Qlobal Media Forumu: dünənki tarixdən bugünkü rəqəmsal texnologiyalara

Ənənə halını almış Şuşa Qlobal Media Forumu Azərbaycanın dünyada mövcud olan nüfuzunun daha da gücləndirilməsi baxımından olduqca vacib tədbirlərdən biridir. Forumun artıq üçüncü dəfə keçirilməsi bir neçə təzahürün göstəricisidir.

Əvvəla, Azərbaycanın media azadlığı və bu sahədə mövcud olan problemlər, nailiyyətlər və yeniliklərə verdiyi önəm. İkincisi, dövlətin media sahəsində həyata keçirilən islahatlarda və göstərdiyi diqqətdə ardıcıllıq nümayiş etdirməsi. Üçüncüsü, regionumuzda baş verən geosiyasi təlatümlər, hərbi münaqişələr və iqtisadi böhranlar fonunda sabit ictimai-siyasi situasiya. Və nəhayət iqtisadi  inkişaf tempi nümayiş etdirən Azərbaycanın qlobal dünyanın ayrılmaz reallığı olan müasir KİV-in vəziyyətini diqqətdə saxlaması. 

Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa Qlobal Media Forumunun məhz 30 il işğal altında olmuş bölgəmizdə reallaşdırılması həm də təbliğat baxımından misilsiz əhəmiyyəti olan tədbirdir. İldən ilə sayları çoxalan tanınmış media ekspertləri və KİV nümayəndələrinin forumda iştirakı onların təmsil etdikləri qurumların və ölkələrin Azərbaycanın işğaldan azad etdiyi şəhər və kəndlərdə həyata keçirilən yenidənqurma və bərpa işlərini öz gözləri ilə görməsi deməkdir. Bütün dünya növbəti dəfə şahidi olur ki, bu torpaqlar tarixən Azərbaycana məxsus olub, çünki həyata keçirilən tikinti və quruculuq işləri hər bir azərbaycanlının vətənə sevgisini nümayiş etdirir. Yurdumuzun bu güşəsini 30 il işğalda saxlayıb talamış, bir daşı daş üstünə qoymamış, yaşayış məntəqələrini yer üzündən silmiş, dini ibadətgahlarımızı, məzarlıqlarımızı təhqir etmiş Ermənistandan fərqli olaraq, Azərbaycan qısa müddət ərzində ölçüyəgəlməz inşaat işləri aparıb. Çünki biz bu torpaqların sahibləriyik.

Beynəlxalq tədbirlərin yeni mərkəzi

 

"Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun bu il Xankəndidə reallaşdırılması da simvolik və əlamətdar hadisədır. Bu, ilk növbədə yanlış və qərəzli erməni təbliğatı fonunda Azərbaycanın Qarabağı dünyaya göstərməkdə nümayiş etdirdiyi şəffaflıq deməkdir. Ermənistanın revanşist qüvvələri, erməni diasporu və vaxtilə Qarabağdakı erməni separatizminin təmsilçiləri belə bir görüntü yaratmaq istəyirlər ki, guya Azərbaycan ermənilərə məxsus olan "irs"i, yaxud erməni əhalisinin vaxtilə yaşadığı evləri "yer üzündən silir". Şuşa forumu kimi beynəlxalq əhəmiyyətli tədbirin Xankəndidə keçirilməsi bu qərəzli təbliğatı alt-üst edən tutarlı arqumentdir. Media dünyanın görən gözüdür. Bu gün dünyanın aparıcı KİV nümayəndələri erməni təbliğatının və yalanının Azərbaycan tərəfindən necə zərərsizlşədirildiyini öz gözləri ilə görürlər. 

Budəfəki forumdan əvvəl Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-nun 17-ci Zirvə toplantısı keçirildi və həmin tədbirdə də bir çox dövlətin rəhbərləri Azərbaycanın bu ayrılmaz hissəsi olan şəhərə gəldilər. Bu tədbir də növbəti dəfə erməni yalanının ifşası baxımından vacib rol oynadı: hamı, o cümlədən İrəvandakılar da gördülər ki, onlardan fərqli olaraq, Azərbaycan quruculuq və yaradıcılıqla məşğuldur. Bunun bir səbəbi var: işğaldan azad edilmiş bütün torpaqlar kimi Xankəndi də hər bir azərbaycanlının Vətənidir. Yurdumuzu belə sürətlə və asanlıqla bərpa etməyimiz, insanın yaşayışı və fəaliyyəti üçün bütün infrastrukturu yenidən qurmağımız və onu Azərbaycanın vahid sisteminə qoşmağımız vətənimizin hər güşəsinə olduğu kimi, Qarabağa və Şərqi Zəngəzura da yaxşı bələd olduğumuzun sübutudur.

Dövlətimizin başçısı media nümayəndələri ilə görüşündə maraqlı mövzulardan olan ECO ilə bağlı fikirlərini də bildirdi. Xüsusi qeyd etdi ki, bu təşkilatın çox böyük potensialı var: "...Xankəndidə Zirvə görüşündə biz bu təsisata yeni bir ölçü gətirmək istədik. Zirvə görüşündən əvvəl mən Baş katib cənab Xan ilə görüşdüm, - bildiyiniz kimi, o, pakistanlıdır, - razılığa gəldik ki, bu dəfə müxtəlif forumlar keçiriləcək. Onların hamısı burada, azad edilmiş ərazilərdə, biri Şuşada, digəri Ağdamda və üçüncüsü isə Laçında təşkil olundu. Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər.

Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirildi. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq".

Azərbaycan Prezidenti İlham Əliyevin media nümayəndələrinin suallarını cavablandırarkən Xankəndidə mövcud olan binaların bir çoxunun tarixi əhəmiyyət daşıması və məhz sovet illərində respublika tərəfindən inşa edilməsi, bu tikililərin memarlarının azərbaycanlı olmalarını xüsusilə qeyd etməsi işğal altında saxladıqları yaşayış məntəqələrimizin tarixini belə bilməyənlər üçün bir dərs olmalıdır: "Bu meydanda gördüyünüz hər şey istisnasız olaraq Azərbaycan memarları tərəfindən tikilib. Rayon komitəsinin binasını memar Həsən Məcidov, indi bərpa etdiyimiz "Qarabağ" hotelinin binasını isə Memarlar İttifaqının indiki sədrinin atası, memar Ənvər Qasımzadə tikdirib. Hazırda bərpaolunan icraiyyə komitəsinin binası azərbaycanlı memar Kəngərli tərəfindən tikilib. Yəni bütün bunlar olub. Bunların hamısı kindir. Ağdamı, necə deyərlər, Qafqazın Xirosimasına çevirmək nəyə lazım idi? Axı bu, müharibə bitəndən sonra edilib. Bu, Azərbaycanla, azərbaycanlılarla bağlı hər şeyin məhvinə yönələn səbəbsiz kin-küdurətdir".

Şuşa forumu: Geosiyasi trendlərin müzakirə platforması 

Dünyadakı mürəkkəb geosiyasi vəziyyət, bir-birini əvəzləyən hərbi münaqişə və müharibələr, iqtisadi böhranlar, qeyri-sabit münasibətlər, XXI əsrin ekoloji fəlakət təhlükəsi və s. qlobal əhəmiyyətli problemlər fonunda Azərbaycanın media kimi həssas sahəyə verdiyi bu diqqət dövlətimizin beynəlxalq aləmdəki imici baxımından əlahiddə önəmə malikdir. Hər il dünyanın aparıcı media və beyin mərkəzlərinin təmsilçiləri bu sahənin aktual mövzularını məhz Azərbaycanda müzakirə etmək imkanına malik olurlar. Şuşa forumu təkcə problemləri polemika obyektinə çevirmək üçün deyil, eyni zamanda yeni siyasi trendlərin dövriyyəyə daxil olması baxımından önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevin postmüharibə və bölgənin gələcəyi ilə bağlı, eyni zamanda daha irimiqyaslı siyasi hadisələrə dair verdiyi bir sıra məşhur bəyanatların səsləndiyi məkan məhz Şuşa Qlobal Media Forumu olub. Bu tədbir bir növ dünya ictimai rəyinin Azərbaycanın qarşıdakı illərdə ən müxtəlif sahələrdə atacağı addımlara dair nəbzin yoxlanılmasıdır. 

Xankəndidəki forum da bu baxımdan istisna olmadı. Azərbaycan Prezidentinə ünvanlanan sualların coğrafiya və məzmun müxtəlifliyi bunu bir daha sübut edir: dünyada iqlim dəyişikliyi, neokolonializm, Afrika ölkələrinin reallıqları, Latın Amerikası dövlətləri ilə Azərbaycanın münasibətləri və Bakının bu regiondakı maraqları, Yaxın Şərq, Ukraynadakı müharibənin aqibəti və gələcəyi.

Bu gün Azərbaycan təkcə regionda deyil, bütün dünyada orta güc statusuna malik geosiyasi aktordur. Rəsmi Bakının xarici siyasəti və geosiyasi proseslərdəki iştirakı özünün lokal çərçivələrini aşaraq, beynəlmiləl mahiyyət kəsb edir. Bu gün Azərbaycan Rusiya-Ukrayna müharibəsinin dağıdıcı fəsadları fonunda dünya iqtisadiyyatı və beynəlxalq yükdaşımaları kimi qlobal prosesdə əvəzolunmaz rol oynamaqdadır. Son 30 il ərzində dünyanın enerji daşıyıcıları ilə təminatında iştirak edən Azərbaycan hazırda daha bir qlobal missiyanı öz üzərinə götürüb: beynəlxalq iqtisadi proseslərin aktual trendinə çevrilmiş Orta dəhlizin dövlətimizin səyləri olmadan reallaşması mümkünsüz görünür. Burada söhbət heç də təkcə coğrafi yerləşmə və ya ərazi məsələsindən getmir. Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, bu layihə məhz Azərbaycanın öz torpaqlarını işğaldan qurtarması və dövlət suverenliyini azad etdiyi torpaqlarda da bərpa etməsindən sonra aktuallaşmaq imkanı əldə edib.

Ərazilərimiz işğal altında olarkən Orta dəhliz kimi layihənin tam həcmdə reallaşması mümkünsüz idi. Bu baxımdan dünya iqtisadiyyatının ayrılmaz hissəsi olacaq bu layihənin həyata vəsiqə qazanmasında Azərbaycanın cəsarətli siyasətinin ciddi payı var. Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda verilən suallar arasında bu mövzuya olan diqqət problemin dünya ictimai rəyi üçün nə qədər önəmli olduğunu göstərir. 

Qlobal geosiyasi aktor olaraq, Azərbaycanın Yaxın Şərq bölgəsindəki fəallığı, İsrail-Türkiyə, İsrail-Suriya münasibətlərinin tənzimlənməsində oynadığı rol Şuşa forumunun iştirakçıları üçün olduqca maraqlı idi. Müstəqillik tarixi cəmi bir neçə onilliyi əhatə edən, ərazicə o qədər də böyük olmayan, müharibədən yenicə çıxmış və illərlə torpaqları işğal altında olmuş, bir milyona yaxın vətəndaşını öz yurdlarına qaytarmaq, onlara layiqli yaşayış və əmək fəaliyyəti üçün ev və tələb olunan infrastrukturu öz imkanları hesabına bərpa etmək kimi vəzifənin öhdəsindən gələn bir dövlətin sadalanan geosiyasi nailiyyətləri təbii ki, dünya mediasının maraq obyektidir. 

Bu gün Azərbaycan XXI əsrdə əcaib görünən neokolonializmlə mübarizənin ön xəttində durur. Məhz Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatında bu prosesə başlaması və müstəmləkələrə verdiyi ardıcıl mənəvi dəstək hesabına indi Fransa kimi müasir müstəmləkəçi dövlət Yeni Kaledoniyanın haqlı tələbləri ilə barışmalı olur. İyulun 12-də Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış saziş faktiki olaraq Parisin haqq və ədalət önündə maneə olduğunu qəbul etməsi anlamına gəlir. 

Şuşa forumunda bu məsələnin də diqqətdə saxlanılması, Azərbaycan Prezidentinə bu mövzuda verilən sual və dövlət başçısının cavabı ümumdünya antikolonial hərəkatının gələcəyi baxımından olduqca önəmlidir: "Fransa və Yeni Kaledoniya arasında baş verənlər başlanğıcdır və presedentdir. Hesab edirəm ki, bunları Yeni Kaledoniyada həmin faciəli hadisələr olmadan belə etmək olardı. Həmin vaxt Fransanın dövlət orqanları 10-dan artıq insanı qətlə yetirdi. Bu mənə Ermənistan ilə Azərbaycan arasında apardığımız müzakirələri xatırladır. Əgər Ermənistan rəhbərliyi 2019-cu ildə Qarabağı Azərbaycanın hissəsi kimi tanısaydı, onda aramızda müharibə olmazdı. Gec heç vaxt olmamaqdan daha yaxşıdır. Lakin həmçinin aydındır ki, əgər Yeni Kaledoniya xalqı öz güclü siyasi iradəsini, cəsarətini, mübarizliyini, azadlıq uğrunda canından keçməyə hazır olduğunu nümayiş etdirməsəydi, çox güman ki, həmin saziş heç zaman imzalanmazdı. Bir sözlə, siz mübarizə aparmalısınız. Siz ərazilərinizi, ərazi bütövlüyünüzü bərpa etmək uğrunda mübarizə aparmalısınız. Azadlıq uğrunda vuruşmalısınız. Azad olmağınız uğrunda çalışmalısınız. Dünya bu cür işləyir və ümid edirəm ki, birinci addımın davamı olacaq". 

"Ağıllı yaşayış məntəqələri" və mediada rəqəmsal texnologiyalar

Builki forum 52 ölkədən 140 qonağı, o cümlədən 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Bu, olduqca ciddi rəqəmdir və nəzərə alsaq, Şuşa Qlobal Media Forumu artıq ənənəvi hal alıb, dünya KİV-i tərəfindən diqqətlə izlənilir, onda belə bir nəticəyə gəlmək olar ki, iştirakçıların sayı ildən-ilə daha da artacaq. Şübhə yoxdur ki, forum gələcəkdə Azərbaycan dövlətinin ardıcıl siyasəti və diqqəti hesabına daha da qlobal xarakter alıb media sahəsində dünyanın fikir bildirib rəy öyərənmək üçün aparıcı beynəlxalq tədbirlərindən birinə çevrilə bilər. Məsələn, hər il keçirilən, ənənəviləşmiş siyasi, təhlükəsizlik və ya iqtisadi forumlar kimi. Azərbaycanın beynəlxalq proseslərdəki rolu və çəkisi, bölgəmizin önəminin dayanmadan artması da buna dəlalət edir ki, Şuşa forumuna diqqət getdikcə daha böyük olacaq. 

Bu tədbirin işğaldan azad edilmiş şəhərlərimizdə gerçəkləşməsi Azərbaycana Qarabağ və Şərqi Zəngəzuru fərqli prizmadan nümayiş etdirməsi üçün tutarlı imkandır. Bölgəmizin tarixi və təbiəti əlavə stimuldur. Forum iştirakçılarının işğaldan azad edilmiş ərazidə görülən işlərlə tanışlığı, dağıdılmış və bərpa edilmiş tarixi abidələrimizi görmələri, tikinti-quruculuq işləri ilə tanış olmaları tədbiri daha da maraqlı etdi. Qarşıdakı illərdə forum iştirakçılarının bu bölgəmizin turizm imkanları ilə yaxından tanışlığı mümkün olacaq ki, bu da iqtisadiyyatımızın bu sahədəki işlərinə müsbət təsirini göstərəcək. Başqa sözlə, Şuşa forumu media problemlərinə işıq salmaqla yanaşı, həm də daha bir tarixi vəzifənin - dövlətimizin parlaq qələbəsinin əhəmiyyətinin dünya tərəfindən dərk edilməsinin də öhdəsindən layiqincə gəlir. 

Budəfəki forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Bu, həqiqətən də, inanılmazdır: cəmi bir neçə il öncə safalət və dağıntılar, özbaşınalıq və cinayətlər, narkotrafik və separatizm yuvası olan bu bölgədə indi müasir dünyanı düşündürən mövzular müzakirə olunur. Təbii ki, bu da təsadüfi deyil. Əgər bu gün Qarabağ və Şərqi Zəngəzurda "ağıllı yaşayış məskənləri" salınırsa, bölgə yaşıl ərazi elan olunubsa, inşaat və istehsalatda ekoloji cəhətdən təmiz və zərərsiz vasitələr prioritet sayılırsa, nədən Şuşa forumunda da süni intellekt və rəqəmsal texnologiyalar müzakirə edilməsin? 

Prezident İlham Əliyev görüşdə xüsusi qeyd etdi ki, bu gün Azərbaycan mediası artıq dövlət maraqlarını qorumağa qadirdir: "Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib".

Dövlətimizin başçısı tərəfindən söylənən bütün bu fikirlər bir daha göstərir ki, bu gün də mətbuatımız zamanla birgə irəliləyir, inkişaf edir, həm müstəqil Azərbaycanın, həm də yazılı fikir tarixımızin yeni səhifələrini qələmə alır.  

İradə ƏLİYEVA,

"Azərbaycan"

Избранный
29
azerbaijan-news.az

1Источники