RU

“Bizim Qələbəmiz ədalətli və tam qələbədir"

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı reallıqları Xankəndidən dünyaya bir daha bəyan etdi

İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü dünyanın diqqət mərkəzinə çevrildi. Azərbaycan Prezidentinin forum iştirakçılarının müxtəlif mövzularla bağlı ünvanladıqları suallara verdiyi hərtərəfli və dərin təhlilə və faktlara dayanan sərrast cavabları beynəlxalq medianın gündəm mövzusu oldu. Ən ümdəsi - Azərbaycan gerçəkləri, Cənubi Qafqazda yaranan yeni reallıqlar Xankəndi görüşü vasitəsilə dünyanın nəzərinə bir daha  çatdırıldı.

Ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz gücünə təmin edən Azərbaycan daha ədalətli dünya nizamına nail olunması uğrunda mühüm çağırışlar edir, səylər göstərir. Rəsmi Bakı dünyada tapdanan haqq-ədalətin təmin olunması üçün milli maraqlar uğrunda sarsılmaz və inamlı mübarizə aparmağın vacibliyini hər zaman ön plana çəkir. 

Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Prezident İlham Əliyev ukraynalı jurnalistin verdiyi adekvat suala cavabında da vurğuladı ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmadı və bu cür haqsızlıqla üzləşənlərə də bunu tövsiyə edir: "Heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük".

Azərbaycan "Konstitusiya və Suverenlik İli"ni qürurla qeyd etdiyi bu tarixi günlərə çox keşməkeşli, mübarizələr və sınaqlarla dolu bir yoldan keçərək çatıb. 

1990-cı illərdə yenicə müstəqilliyini əldə edən ölkəmiz Ermənistanın ərazilərimizə hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Bir çoxlarımızın şahid olduğu həmin böhranlı zamanlarda bütün sahələrdə tənəzzül yaşayan ölkədə hakimiyyət davası gedirdi. Kreslo uğrunda hətta vətəni belə satmaqdan çəkinməyən anti-milli qüvvələr Azərbaycanı bir dövlət olaraq məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Digər tərəfdən də rayonlarımız Ermənistan tərəfindən bir-bir işğal olunurdu və ölkə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə qarşılaşmışdı. 

Belə çətin günlərdə məhz müdrik xalqımızın düzgün qərar verərək israrlı tələblə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirməsi Azərbaycanın qurtuluşu oldu. Xankəndidə media mənsubları ilə görüşdə bu tarixi məqama toxunan Prezident İlham Əliyev söylədi ki, həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü: "Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq".

Xalqımızın, dövlətimizin qarşısında duran növbəti milli hədəf isə torpaqlarımızın işğaldan azad edilməsi idi. Qarabağ məsələsini beynəlxalq gündəlikdən düşməyə qoymayan və bütün platformalarda işğal siyasəti ilə barışmayacağını qətiyyətlə bildirən Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə tənzimlənməsindən yana idi. 

Ancaq ermənipərəst mövqe tutan qərəzli siyasi güclərin başqa məkrli planları var idi. Buna görə idi ki, münaqişəni sülh yolu ilə, danışıqlar vasitəsilə həll etmək üçün missiyalandırılan ATƏT-in Minsk qrupunun həmsədrləri 28 illik böyük zaman dilimində sadəcə bölgəyə turist səfərləri etməklə işlərini bitmiş hesab etmişdilər. Məqsədləri isə aydın idi: münaqişəni Ermənistan tərəfinin xeyrinə olaraq sonsuzadək dondurmaq. 

"Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi", - deyə iyulun 19-da Xankəndidəki görüş zamanı Prezident İlham Əliyev Azərbaycana qarşı həyata keçirilmiş qərəzli siyasətdən bəhs etdi. 

İşğal dövründə Ermənistana havadarlıq edən qüvvələr Azərbaycana təlqin etməyə çalışırdılar ki, ərazilərinin itkisi ilə razılaşsın. Ən qəribəsi isə bu idi ki, həmin siyasi qüvvələr düz üç onilliyə yaxın zaman ərzində danışıqlar yolu ilə heç cür  çözülə bilinməyən, dalana dirənən Qarabağ münaqişəsinin güc yolu ilə həlli variantını da inkar edirdilər. 

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə dövlətimizin başçısı söylədi ki, o, 2003-cü ilin sonlarından etibarən danışıqlar prosesində iştirak edib: "17 il ərzində çoxlu təkliflər, çoxlu görüşlər oldu, - bəlkə də heç də faydalı olmayan, - və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır. "Reallıq budur, siz bununla barışmalısınız". Mən deyirdim ki, xeyr. Bu, dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi - görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar".

Nəhayət, səbir kasası daşan Azərbaycan 2020-ci il 44 günlük Vətən müharibəsində  BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsini hərb meydanında yerinə yetirərək torpaqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi ilə Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atılmadan, bir itki verilmədən azad edildi. 

2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının dağıdılması və dövlət suverenliyimizin tam təmini Azərbaycanın haqq mübarizəsindəki növbəti parlaq zəfəri oldu. 

Qarabağ qələbəsi ilə ümumilikdə Cənubi Qafqazda yeni reallıqlar yarandı. Bölgədə təhlükəsizliyə, dayanıqlı sülhə və əməkdaşlığa yol açan bu gerçəkliyə isə Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 22 illik zaman dilimində həyata keçirdiyi məharətli siyasət, sərrast diplomatiya və nümayiş etdirdiyi qətiyyət sayəsində nail olunub. 

Hakimiyyətə gəldiyi gündən etibarən Prezident İlham Əliyevin gündəliyində duran birnömrəli vəzifə torpaqlarımızın işğaldan azad edilməsi və keçmiş məcburi köçkünlərimizin yurdlarına qaytarılması olub. Həmin zamandan etibarən milli maraqlarımızın təmini uğrunda məqsədyönlü və uzaqgörən siyasət aparan qalib lider İlham Əliyev dünya gücləri ilə mübarizə apararaq Azərbaycanı bütövləşdirib. Bununla İlham Əliyev həm Qarabağı azad görmək ən böyük arzusu olan Ulu Öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirib, həm də vətənpərvər şəxsiyyət kimi xalqının, dövlətinin, ölkəsinin milli hədəflərini gerçəyə çevirib. 

Xankəndidə beynəlxalq və yerli media mənsublarının iştirakı ilə keçirilən görüşdə ölkəmizin rəhbəri dədə-baba torpaqlarımızın azadlığının özü üçün hansı müstəsna əhəmiyyət kəsb etdiyini bu sözləri ilə dilə gətirdi: "...Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm".

Prezident İlham Əliyev fikirlərinə onu da əlavə etdi ki, bizim Qələbəmiz, - bu, ədalətli və tam qələbədir, - göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır: "Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır... ...Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu".

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Избранный
30
azerbaijan-news.az

1Источники