Bakı. Marriott oteli, 22 iyul 2025. Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir.
Rəsmi tədbirləri sevmirəm, diplomatik gülümsəmələr, jestlər, yumşaq desək, arzulamadığın simalarla rastlaşmaq, həm də yaltaqlıq və sevginin bir-birindən ayrılmasının çətin olduğu görüşlər, şəkilçəkdirmələr və Mirzə Cəlil personajlarının bəzi “vertikal foto”ları dərhal paylaşmasının ikrah doğuran səbəbləri uzunmüddətli mənfi təəssürat yaradır.
Ancaq (və bu kontekstdə) illər, bəlkə də onillərlə görə bilmədiyin əziz həmkarlarınla, keçmiş iş yoldaşlarınla görüşmək, xatirələri qısa da olsa, vərəqləmək fürsətin də olur axı! Bu fürsət çox nadir halda ələ düşür.
Yaş “alternativ fikrin” tərəfində olduğundan, baş təslim oldu – getdim və nə yaxşı ki getdim!
18:00-da başlamalı olan tədbir az qala bir saata yaxın gecikdi – və nə yaxşı ki gecikdi!
O bir saat onillərdir görmədiyim həmkarlarımla ən azı qucaqlaşmaq imkanı verdi.
“Xalq qəzeti”ndən olan keçmiş iş yoldaşlarımla görüş və onların bir hadisəni danışması isə məni o qədər sarsıtdı ki...
***
“Xalq qəzeti” ilə “Respublika” birləşir – yəqin fərmandan xəbəriniz var. Hər nəşrdən 25 ştat saxlayacaqlar, yəni ciddi ixtisar olacaq.
“Xalq qəzeti” ilə bağlı daha bir məqam isə diqqətimizdən yayınıbmış. Bundan sonra “Xalq qəzeti” yox, “Xalq” qəzeti adlanacaq.
1990-larda bu kollektivin üzvü olmuşam. “Xalq qəzeti” üçün ilk felyetonumu Məmməd Nazimoğluya vermişdim. 1-2 yazımın dərcindən sonra, növbəti dəfə (adətən həftədə 2 dəfə gedirdim) yanında olanda Mahal İsmayıloğlu otağa girdi, Məmməd müəllimlə danışdı, mənə sadəcə bir nəzər atdı, vəssalam.
- Məmməd, o Anar Niftəliyev gələndə buraxma, de ki, onu işə götürəcəm! – otaqdan çıxanda dedi.
Təxmin etdiyi üçün sözünü dolayısı ilə mənəmi çatdırırdı, ya yox – bilmirəm! Ancaq sözü hədəfə çatmışdı!
Qısa müddətdə ştata aldı, Rauf Ağayev kimi ustad, özü demişkən, “məni oğurladı”, ondan dərs aldım!
Heç bir təmənna güdmədən (bütün kollektivlə elə idi) işə almışdı Mahal İsmayıloğlu, təmənnasız da işlədik (“təmənna” sözünü niyə xüsusi və iki dəfə vurğulayıram, “Xalq qəzeti”nin kollektivi yaxşı bilir), ancaq heç vaxt onun haqda müsbət rəyim olmadı. Qəribə tərzdə onu həmişə “gülüş hədəfi” edən zarafatların içində olurdum. Hap-gopçu olması bir ayrı aləm idi.
O vaxt böyük kollektivi vardı “Xalq qəzeti”nin: 200-dən çox işçisi olmalıydı. Böyük iclasdan (1999-cu ildə) öncə verdiyi qərardan əsəbiləşmişdim, qalmaq fikrim yox idi, bunda ətrafımın müstəsna rolu olmuşdu: çılğınlığıma stavka, məndən sui-istifadə etmişdilər. Sanırdım, hamımız birgə “gedəcəyik” – nəticədə yalnız mən getdim! Həm də necə!
Mahal İsmayıloğlunun iradları və tənqidləri qarşılığında söz istəyəndə, “Sənə aid deyil, otur yerində” dedi - anlayıb, dərk etmədim!..
Qalxdım, dedim, mübahisə etdim, o hadisədən az sonra utanacağım sözlər də işlətdim və getdim!
2001-ci ildə Mahal müəllim də getdi - səhv etmirəmsə, oğlunun toy günü vəzifədən çıxartdılar.
Bir neçə il ötdü, bir tədbirdə onu gördüm: bir az sınıxmışdı, kənarda dayanmışdı, tək-tənha.
Bu, o Mahal idi ki, Xaqani-33-də “Azadlığ”ın kartrici, plyonkası bitəndə, yardım üçün Bülbül-18-ə adam göndərə bilirdilər. Mahal heç vaxt “yox” demirdi – o plyonkaya hakimiyyətin ən sərt şəkildə tənqidinin dərc olunacağını bilsə də. “Həmkar” anlayışı, dəyəri bu cür idi!