Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 23-cü turu çərçivəsində “Ulsan HD” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Ardıcılı 5-ci oyunda qeydə alınmış heç-heçədən sonra qələbə qazanmış “Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 23 oyuna topladığı 39 xalla 12 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 23 oyuna 10 qələbə qazanıb, 9 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 17-də iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 78 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.