RU

"Qələbəyə yaxın tərəf biz idik" - Rəşad Sadıqov

"Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Hayduk"la heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Maraqlı oyun alındı. Baxmayaraq ki, mövsümün birinci oyunu idi. Hər iki komanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş getdi, hər iki komanda bir-birindən səhv gözlədi. Elə oldu ki, o səhvi rəqib buraxdı, qol vurduq. Nəticəni daha da yaxşılaşdırmağa çalışdıq. İkinci hissənin əvvəlində yaxşı hücumlarımız oldu. İkinci qolu vursaq, fərqli sonluq olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi. Bu cür oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur.

Komandanın çıxışından razı qaldım. Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 və 1:1 kimi hesablar ikinci oyunöncəsi üstünlük yaratmır. Cütün taleyinə Splitdə aydınlıq gələcək. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə qələbə qazanaq.

- Bu oyun sizə “Osiyek”ə qarşı matçı xatırlatdımı?
- Həm “Osiyek”ə, həm “DAK-1904"ə qarşı matçı xatırladım. Ssenari eyni idi, sadəcə orda qol epizodlarını dəyərləndirdik. Futboldu da... Hər zaman fürsətlərdən istifadə edə bilmirsən. “Osiyek” isə imkanları boşa vermirdi. Beynəlxalq səviyyəli oyunlarda kiçik şansları belə boşa verməməlisən.

- Xarici mütəxəssislərin fikrincə, “Zirə” öz meydanında qalib gələ bilən komandadı. Bu gün heç-heçə etdizsə, rəqibin meydanında psixoloji üstünlüyünüz nə qədər olacaq?
- Şanslar bərabər olacaq. Sadəcə, azarkeş dəstəyi rəqibdə olacaq. Bu cür oyunlara hazırıq. Mərhələni keçmək üçün sona qədər əlimizdən gələni edəcəyik ki. Kimin üstün olacağını zaman göstərəcək. Çalışacağıq ki, hər şey biz istədiyimiz kimi olsun.

- Hesabın oyuna görə olduğunu düşünürsüz?
- Bu cür fikirlə razı deyiləm. Bəzən mən də "ədalətli nəticə heç-heçə idi" deyirəm. Onu deyə bilərəm ki, qələbəyə biz daha yaxın idik. Taleyimizlə barışıb, önümüzə baxırıq.

- Brahim Konate cavab matçında oynayacaq?
- Böyük ehtimalla, xeyr. Çiyni çıxıb. Belədə başqa əzələlər də zədələnir. Ümid edək ki, oynasın. Ancaq çiyin çıxanda 2-3 həftə bərpa prosesi gedir.

- Yeni transferlərin oyunundan razı qaldız?
- Konateylə Rövlan yaxşı oynadı, Abdulaziz özünü göstərmək üçün fürsət tapmadı. Bütün zədəlilərimiz formaya düşdükdən sonra daha güclü, genişheyətli komanda olacağıq. 

- Ceyhun Nuriyev meydana çıxdı, sonra əvəzlədiz. Səbəb nə idi?
- Mətbuat konfransında futbolçuların fərdi çıxışını dəyərləndirmirəm. 35-40 dəqiqə meydanda oldu. Rəqib o cinahdan üstünlük yaratdı, qolu da ordan vurdular. Bu üzdən, o mövqedə Rövlana şans verdik. Ən azından təhlükənin qarşısını almaq istədik. Papunaşvilini də çıxara bilərdik. Qol vurmaq istəyirdik. Onun kimi usta futbolçunun meydanda olmasını istəyirdik.

- Hakimlikdən razı qaldız?
- Uzun illərdi ki, 90-95 faiz hakimlərin simpatiyası rəqiblərdə olur. Ciddi səhv olmadı. Amma xırda foulları onlara verirdi. Komandamı bu şeylərə hazırlayıram. Bilirik ki, hakimlər az da olsa, rəqiblərə simpatiya bəsləyir.

- “Hayduk”u “Zirə” üçün münasib rəqib hesab edirsiz?
- Bu fikirlər bizə nə qazandıracaq? Püşkü gözləyirik. Püşkə uyğun rəqibə hazırlaşırıq. Qonzalo Qarsiyanın gəlişindən sonra “Hayduk” tam fərqli oyun üslubunda oynayır. 

- Salifu Sumanın “Malmö”yə keçidi necə baş tutdu? İlk dəfə böyük futbola “Zirə”də başladı. Bu gün komanda onu 1,3 milyon avroya “Malmö”yə satdı. 
- Bizim üçün də çox önəmlidi ki, belə prosesdə iştirak etmişik, bizim futbolçular skautların diqqətini cəlb edib. Salifuya görə çox sevinirəm. Ona demişdim ki, Avropa səviyyəsində futbolçu ola bilərsən. Sadəcə bir-birimizi eşitməliyik. Qışda da çoxlu təklifləri var idi. Hər birində gəlirdi, mənimlə danışırdı, deyirdim ki, tələsmə. Elə oldu ki, yay fasiləsində də bir çox təklifləri oldu. Sonda qərara gəldik ki, “Malmö" olacaq. Ondan çox pul təklif edən var idi. Amma avrokuboklarda olan komanda olsun ki, Salifu bundan sonra daha yaxşı ölkələrə getsin. Potensialı var, işinə yanaşması, “Malmö”dən əlindən gələni etməlidi ki, ustalığını artırsın. Daha da çoxunu edə bilər. Ona uğurlar arzulayıram. “Hayduk”la matçöncəsi Sumanı itirirsənsə, çox ciddi itkidi. O mövqedə 3 oyunçunu yoxladıq. Birdən-birə Sumanın effektini verməsi asan deyil. Salifuya uğurlar arzulayıram. Onun bu səviyyəyə gəlməsində, transferin baş verməsində hamının böyük əməyi var. 

- “Qarabağ” “Şelburn” oyununu izləyəcəksiz?
- Hamını izləyirik. “Sabah”ın ev oyununu Boluda komanda şəklində izləyirdik. “Qarabağ”ı da izləyəcəyik, digərlərini də. “Araz-Naxçıvan”ı da izləyəcəyik. Avrokuboklarda hər zaman bütün klublarımızı dəstəkləyirik. “Qarabağ”a və “Sabah”, “Araz-Naxçıvan”a uğurlar arzulayıram.

- Əvvəlki dövrlərdə çempionatımızdan xarici klublar transfer etmirdilər. İndi isə fərqli durum var. Burada “Qarabağ”ın avrokuboklardakı uğurudur səbəb?
- Bu ilk növbədə “Qarabağ”ın uğurlu çıxışıdı ki, hamının diqqətini cəlb edir. Sumanın ən uğurlu oyunun “Qarabağ”a qarşı olub. Özümüz də oyunçuları izləyəndə baxırıq ki, futbolçu hansı komandalara qarşı yaxşı oynayıb. “Qarabağ” böyük pay sahibidir ki, artıq futbolçulara diqqət ayrılır. Klublarımız ox yaxşı transferlər edirlər. Bir çox güclü liqalardan oyunçulardan gəlir. Daha da yaxşı olacaq. Stadionlardakı ot örtüyü yaxşı səviyyədə olsa, oyunlarımız yaxşı səviyyədə keçsə, proses sürətlənəcək.

KƏNAN BAHADIR

Избранный
62
10
football-plus.az

10Источники