Bakı, 24 iyul, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri bəlli olub. İyirmi nəfərin qalib elan olunduğu builki müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu Numrəddin Hüseynov da var.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Qeyd olunub ki, Numrəddin Hüseynov 2014-cü ildə AzMİU-nun Tikinti iqtisad fakültəsinin menecment ixtisasını bitirib. O, “Bakcell” şirkətində Marketinq kommunikasiyalar şöbəsinin rəisi vəzifəsində çalışır. Onun bu uğuru AzMİU-da formalaşan peşəkar potensialın və liderlik bacarıqlarının parlaq nümunəsidir.
AzMİU-nun məzunu olmuş digər qalib isə Əli Kərimlidir. O, Türkiyənin İstanbul Texniki Universitetində mexanika mühəndisi ixtisası üzrə bakalavriat, ADA Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə sahə iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb. Hazırda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) qrup rəhbəri vəzifəsində çalışır.
Bu uğur AzMİU-nun yüksək təhsil standartlarının, yetişdirdiyi kadrların dövlət və özəl sektorda rəqabətqabiliyyətli olduğunu bir daha təsdiqləyir.