RU

“Üçtərəfli əməkdaşlıq Cənubi Qafqazda sülh və inkişaf modelidir” - Mübariz Göyüşlü - ÖZƏL

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar formalaşdırır. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, bu format regional sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Siyasi dialoq, iqtisadi layihələr, hərbi əməkdaşlıq və "Eternity" kimi təlimlərlə üç ölkə arasında strateji tərəfdaşlıq dərinləşir. Bu üçlük bölgədə artan təhdidlərə qarşı birgə cavab verməyi və təhlükəsizliyin təminini hədəfləyir.

Üçtərəfli əməkdaşlığın genişlənməsi fonunda bu format Cənubi Qafqazda hansı güc balanslarını dəyişə bilər?

Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında qeyd edib ki, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlığı Cənubi Qafqazda sülh və inkişafın modelidir:

" Türkiyə-Gürcüstan-Azərbaycan əlaqələri xeyli vaxtdır ki, əsas istiqamətlərdən biridir, üçtərəfli əməkdaşlıq yüksək səviyyədədir. Məsələn, bu üçtərəfli əməkdaşlığın nəticəsidir ki, Cənubi Qafqazda möhtəşəm layihələr ərsəyə gəlib, dünyanın diqqətini cəlb edən layihələr həyata keçirilib.
İndi bu üç ölkənin siyasi, iqtisadi əlaqələri ilə yanaşı, təbii ki, hərbi sənaye, hərbi-texniki əməkdaşlıq və eyni zamanda birgə təlimlərin keçirilməsi də vacib istiqamətlərdəndir. Bu sahədə də ciddi çalışmalar aparılır. Yəni hər üç ölkə qarşılıqlı şəkildə birgə əməkdaşlıqlarda böyük məsafə qət edib.
Bu, müsbət bir haldır. Çünki Cənubi Qafqaz üçün sabitlik və stabillik deməkdir. Bu günə qədər bu üç ölkənin əməkdaşlığından heç bir dövlət və ya bölgə ziyan çəkməyib.
Əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib. Yəni bu, güc balansını dəyişdirmək, İran və ya Rusiyaya qarşı hansısa bir cəbhə formalaşdırmaq kimi bir məsələ olmayıb.
Amma düşünürəm ki, bu əməkdaşlıq artıq köhnəlməkdədir. Yeni formatlara ehtiyac yaranıb. 2020-ci ildən sonra bölgənin geosiyasi arxitekturası dəyişdi. Azərbaycanın təşəbbüsləri bu proseslərə yeni nəfəs verdi.
Ərazi bütövlüyünün bərpa edilməsi və yeni təkliflərlə çıxış etməsi nəticəsində, məsələn, "3+3" formatı və "Qafqaz evi" ideyası gündəmə gəldi. 
Əvvəllər Ermənistan işğalçı dövlət olaraq bu proseslərdən kənarda saxlanılırdı. Amma indi Azərbaycan və Türkiyə  Gürcüstan əməkdaşlığının  yanında yer almaq istəyi hiss olunur. Ona görə də düşünürəm ki, yeni formatların tətbiqi vacibdir. Təbii ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı da davam etməlidir. Amma eyni zamanda, bu proseslərə yeni formatların da cəlb olunması faydalı olardı. "Qafqaz evi" ideyası, "3+3" formatı və onun gələcəkdə həqiqi bir Qafqaz evinə çevrilməsi istiqamətində səylər genişləndirilməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
65
olaylar.az

1Источники