RU

Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...


Bəhruz Quliyev: “Cənubi Qafqazda Azərbaycan kimi tərəfdaşın qazanılması düzgün olardı”

ABŞ Senatının üzvü, Missuri ştatından olan respublikaçı senator Coş Houli və Nümayəndələr Palatasının üzvü Rayli Mur Konqresə Azərbaycana qarşı yeni qətnamə layihələri təqdim ediblər. ABŞ Prezidenti Donald Tramp isə azərbaycanlı həmkarı İlham Əliyevın Qarabağdakı çıxışının bir hissəsini sosial şəbəkəsində paylaşıb.

O da məlumdur ki, ABŞ Konqresində Trampı dəstəkləyən respublikaçı az deyil. Həmin respublikaçılardan bir neçəsi ABŞ-ın Azərbaycanla əməkdaşlığının vacibliyi və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasıyla bağlı bölgə və ölkəmiz lehinə qətnamə hazırlaya bilməzlərmi? Niyə onlar Azərbaycanla Ermənistanın sülh sazişini imzalamağa yaxın olduğu bir vaxtda erməni lobbisinin təsiri altında olan konqresmenlərin zərərli təşəbbüslərini önləmirlər?

“Bu qətnamələrin arxasında erməni lobbisinin sistematik təzyiqləri və siyasi manipulyasiyaları dayanır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə aspektdən yanaşdı: “Əvvəllər daha çox ABŞ Konqresində ölkəmizə qarşı səslənən əsassız və qərəzli yanaşmaların şahidi olmuşuq. Son günlər bu cür ritorikanın yenidən şahidi oluruq. Missuri ştatından olan respublikaçı senator Coş Houli və Nümayəndələr Palatasının üzvü, tanınmış populist mövqeləri ilə seçilən Rayli Mur tərəfindən Konqresə təqdim olunmuş yeni qətnamə layihələri növbəti dəfə ikili standartların, qərəzin, ermənipərəstliyin bariz nümunəsidir. Görünür, bu qətnamələrin arxasında erməni lobbisinin sistematik təzyiqləri və siyasi manipulyasiyaları dayanır. Halbuki, regionda sülh üçün tarixi fürsətin yetişdiyi, Azərbaycan və Ermənistan arasında yekun sazişin masaya yaxın olduğu bir vaxtda belə təşəbbüslərin gündəmə gətirilməsi, yalnız sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. Qəribə və düşündürücü odur ki, bu destruktiv proses Konqresdə kifayət qədər nüfuza malik respublikaçı qanadın daxilindən qaynaqlanır. Əgər ABŞ Prezidenti Donald Tramp öz sosial media platformasında Prezident İlham Əliyevin Qarabağdakı çıxışından bir hissəni paylaşırsa və bununla da Azərbaycanın regionda sabitlik və ədalət prinsipinə əsaslanan liderliyini dolayısı ilə tanıyırsa, bəs niyə həmin partiyadan olan digər nüfuzlu fiqurlar bu açıq mesajı görməzdən gəlirlər? Nə üçün ABŞ-ın qlobal liderlik iddiasını daşıyan respublikaçı konqresmenlər, bölgədə Rusiyanın təsirini azaltmaq istəyən real geosiyasi güc kimi Azərbaycanı dəstəkləmək əvəzinə, qeyri-obyektiv və birtərəfli mövqedən çıxış edən qətnamələrin hazırlanmasına yol verirlər? Əslində cavab çox sadədir: lobbi pulları, daxili siyasi oyunlar və yaxın seçki ilində populist dəstəyə olan ehtiyac. Amma bu reallığı da demək lazımdır ki, ABŞ daxilində kifayət qədər təmkinli və realist siyasətçilər mövcuddur. Onlar Azərbaycanın strateji əhəmiyyətini, sülh təşəbbüslərini və enerji təhlükəsizliyindəki rolunu çox gözəl anlayırlar. Bu baxımdan, prezident Trampın timsalında Azərbaycanın ədalətli mövqeyini anlayan respublikaçı qanadın digər nümayəndələri də ortaya çıxmalı, balansı təmin etməlidirlər. Belə düşünürəm ki, Azərbaycanla əməkdaşlığın vacibliyini anlayan və sülhün qarşısını almağa yönələn erməni lobbisinin təsirlərinə qarşı çıxmağı bacaran ABŞ rəsmiləri və kifayət qədər anlayışlı siyasətçiləri səhnəyə çıxmalıdır. Çünki münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda Azərbaycan kimi tərəfdaşın qazanılması düzgün olardı. Bu mövqeyə qarşı çıxanlar isə nə əməkdaşlıqdan, nə regionun sabitliyindən, nə də qlobal ədalətdən danışa bilərlər”.

Vidadi ORDAHALLI

Избранный
95
baki-xeber.com

1Источники