İtaliyanın aparıcı klublarından "Yuventus" yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi "Bolonya"nın hücumçusu Santyaqo Kastro və "Mançester Yunayted"in forvardı Rasmus Hoylundun namizədliyini nəzərdən keçirsə də, baş məşqçi İqor Tudor klub rəhbərliyindən ilk növbədə PSJ-də çıxış edən Randal Kolo Muaninin transferinə diqqət yetirməyi xahiş edib.
Mənbənin məlumatına əsasən, fransalı hücumçunun mümkün transferi ilə bağlı danışıqlar "Yuventus" və Paris klubunun razılığa gəlməsindəki çətinliklər səbəbindən avqusta qədər uzana bilər.
Qeyd edək ki, "Yuventus" bu yay artıq bir hücumçunu heyətinə cəlb edib — klub "Lill"dən kanadalı forvard Conatan Devidi transfer edib. Bununla belə, Turin nəhəngi heyətin hücum potensialını artırmaq üçün əlavə gücləndirməyə ehtiyac olduğunu düşünür.
Xatırladaq ki, Randal Kolo Muani bu ilin yanvar ayında "Yuventus"a icarə əsasında keçib. O, komandada keçirdiyi 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının qiymətləndirməsinə görə, 25 yaşlı hücumçunun bazar dəyəri 30 milyon avrodur.