İyulun 22-də “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb. Görüş əsnasında “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb. Bu memorandum iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə keçməsi kimi dəyərləndirilir.
Sözügedən sənəd təkcə hərbi məsələləri deyil, həm də kəşfiyyat məlumatlarının koordinasiyası, birgə təlimlərin təşkili, silah və sursatın mənimsənilməsi, NATO standartlarının Azərbaycan ordusunda tətbiqi və digər strateji sahələri əhatə edir.
Referans xəbər verir ki, Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan və Türkiyə Müdafiə Nazirlikləri arasında imzalanan “Hərbi qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu” yüksək qiymətləndirilməlidir:
“Bu sənəd iki ölkə arasında strateji tərəfdaşlığın və hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz daim müəyyən təhlükə və təhdidlərin hədəfində olan bir regiondur. Belə bir mühitdə təhlükəsizliyi təmin etmək üçün güclü orduya və effektiv işləyən təhlükəsizlik sisteminə malik olmaq vacibdir. Təcrübə göstərir ki, bu sahələrdə bir sıra nailiyyətlər əldə olunsa da, hər zaman inkişaf və təkmilləşmə ehtiyacı qalır.
Texnologiyaların sürətlə inkişaf etdiyi, bir çox ölkələrin hərbi sənayesinin yüksəliş dövrünü yaşadığı bir zamanda Azərbaycan da Türkiyə ilə bu sahədə əməkdaşlığını möhkəmləndirməlidir. Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin tam icrası xüsusi əhəmiyyət daşıyır. Birgə hərbi təlimlərin keçirilməsi, yeni silah növlərinin tətbiqi və bu texnologiyaların adaptasiyası həmin sənədin əsas istiqamətlərindəndir.
Memorandum Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması, müasir silahlarla təchizatının artırılması baxımından strateji əhəmiyyətə malikdir. Bu sənədin icrası nəticəsində ordu quruculuğu sahəsində mühüm müsbət dəyişikliklərin şahidi olacağıq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта