RU

Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...


Fransada son həftələrdə müsəlman intellektualların və nəşriyyatların maliyyə vəsaitlərinin məhkəmə qərarı olmadan dondurulması ilə bağlı qalmaqal geniş vüsət alıb. Hökumət bu tədbirləri terrorizmlə mübarizə ilə əsaslandırsada, hüquq müdafiəçiləri və zərərçəkənlər yanaşmanı antidemokratik hesab edirlər.

Belə hallardan biri, Şato-Şinon şəhərində yerləşən Avropa İslam Elmləri İnstitutu ilə bağlı yaşanıb. Bunun ardınca ən azı onlarla hüquqi şəxs Fransa Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb.

Ən son olaraq, Ribat nəşriyyatının sahibi İssa Meyer sanksiyalara məruz qalıb. Ona qarşı hər hansı məhkəmə qərarı və ya sübut təqdim edilmədən, separatizmə yaxın olmaqda şübhəli bilinərək bütün bank hesabları dondurulub. Nəticədə, Meyer nə kirayəsini ödəyə, nə ailəsinin ehtiyaclarını təmin edə, nə də hüquqi müdafiə ala bilir. Zərərçəkmiş şəxslər bildirirlər ki, onların yeganə “təqsiri” – Fransadakı sistemli irqçiliyi və islamofobiyanı tənqid etmələri olub. Halbuki bu şəxslərin nəşr etdiyi kitablar hələ də “Fnac” və “Amazon” kimi platformalarda sərbəst şəkildə satışdadır. Bu isə tətbiq olunan tədbirlərin selektiv və siyasi motivli olduğunu göstərir. Hesabların dondurulması Maliyyə və Pul Məcəlləsinin L.562-2 maddəsinə əsaslanır. Maddə ilkin olaraq terrorçuluğa maliyyə axınının qarşısını almaq üçün qəbul edilsə də, indi tənqid səslərini susdurmaq üçün istifadə olunur. Vəkil Rafiq Şekkat bu praktikanı müsəlmanların səsini boğmaq və onları cəmiyyətin kənarına atmaq cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, heç bir cinayət törətməyən şəxslərə qarşı tətbiq edilən bu iqtisadi blokadalar, hüquqi dövlət prinsipini pozur və müsəlmanların hüquqi təhlükəsizliyini sual altına alır. Tənqidçilər bildirirlər ki, bu cür tədbirlər, demokratik cəmiyyətdə qəbuledilməzdir və Fransa Respublikasının bərabərlik və azadlıq prinsiplərinə ziddir. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron iyulun 7-də Müdafiə və Milli Təhlükəsizlik Şurasının “islamçılığa, separatizmə və siyasi nüfuza qarşı mübarizəyə” həsr olunmuş iclasını keçirib. Bundan sonra müsəlmanlara qarşı təzyiqlər daha da artıb. Bütün bunlar bir daha göstərir ki, islamofobiya Fransanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Artıq islamofobiyanın digər çoxsaylı təzahürləri də artır, xüsusilə də dini obyektlərin təhqir edilməsi, məktəblərdə baş örtüyü geyinməyə qadağa qoyulması, təhqirlər, təqiblər bunun göstəricisidir. Son dövrlər müsəlmanların ibadət azadlığını məhdud laşdıran həddən çox qanun da qəbul edilib. Bu qanunlar ölkədə müsəlmanlara münasibətin hansı səviyyədə, islamofobiyanın nə qədər güclü olduğunu əks etdirir.

Hökumət böhranları, miqrasiya problemi, işsizliyin pik həddə çatdığı Fransada bu addımlarla ictimai rəyi əsas məsələlərdən ayırmağa çalışılır. Məhz belə şəraitdə Fransada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu fakt onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Fransa vətəndaşı, hətta orada doğulmuş bir çox müsəlman hər gün qara siyahıya düşür və polisin hörmətsizliyi və nifrətinin qurbanı olur. Burada müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilir. Yeri gəlmişkən qeyd edək ki, Fransada Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri məhz İslamofobiyadır. Halbuki, İslamofobiya bəşəriyyətə qarşı cinayətdir, onun ümumbəşəri normalarla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Fransada irqçilik, İslamofobiyanın ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Təsadüfi deyil ki, Fransa mediasında da mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini və müsəlmanlar ətrafında debatlar aparılır, burada nifrəti artıran və irqçi ifadələrə tez-tez yol verilir. Ölkədə keçirilən müxtəlif seçkilər zamanı seçki kampaniyaları çərçivəsində mövzu aktuallaşır, bəzi sağçı və ifrat sağçı qüvvələrin açıq şəkildə anti-İslam və bəzən də milliyyətçi mövqe tutduğu ortaya çıxır. Fransada nifrət zəmində cinayətlərin rəsmi statistikasının aparılmamasına baxmayaraq, ölkənin müsəlman əhalisinə, qaradərili fransızlara, digər etnik və dini qruplara qarşı diskriminasiya halları, xüsusilə Avropaya miqrant axını fonunda son illərdə daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir. Halbuki, bu gün Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Görünən odur ki, hakimiyyət sərt qaydalar tətbiq etməklə ictimai diqqəti köklü məsələlərdən yayındıra biləcəyinə ümid edir. Lakin təsir əks təsir də doğurar. Hakimiyyətin bu addımı cəmiyyətdə narazılıqları artırır, Fransanı daha təhlükəli vəziyyətə sürükləyir.

Tahir TAĞIYEV

Избранный
34
baki-xeber.com

1Источники