RU

"Ukrayna uşaqları cəbhəyə göndərilir: Moskvanın dəhşətli planı" - "The Times"

"İkinci Dünya müharibəsindən bəri görünməmiş bir uşaq faciəsi..."

Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən zorla aparılmış uşaqlar indi Rusiya ordusunun sıralarına göndərilir.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Nəşr yazır ki, 2014-cü ildən bəri 35 mindən çox uşaq ölkədən çıxarılıb və onların bir hissəsi 18 yaşı tamam olduqdan sonra hərbi xidmətə cəlb olunub.

Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, məqsəd təkcə bu uşaqlardan istifadə deyil, bütövlükdə Ukrayna xalqını məhv etməkdir. Onun sözlərinə görə, dövlətin əlində konkret sənədlər, çağırış siyahıları və döyüşlərdə həlak olmuş azyaşlıların adları var.

Yermak vurğulayıb: "Bu, təkcə zorla hərbi xidmət deyil, həm də barbarlıq və psixoloji müharibədir. Rusiya oğurladığı uşaqları döyüşçüyə çevirmək istəyir".

"Bu, tək-tək hallar deyil"

Yel Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının eksperti Nataniel Reymond bildirir ki, bu hadisələr müntəzəm xarakter daşıyır: "Biz İkinci Dünya müharibəsindən bəri ən böyük uşaq qaçırılması ilə qarşı-qarşıyayıq. Bu, tərbiyə proqramı deyil. Bu, səfərbərlikdir".

Araşdırmalara əsasən, Ukraynadan aparılan uşaqlar hazırda Rusiyanın Krım yarımadasından tutmuş uzaq Sakit okean sahillərinədək yayılmış 116 müxtəlif müəssisədə saxlanılır. Oradan çıxan gənclər isə kadet məktəblərinə yönəldilir, hərbi təlim alır, silahlarla işləməyi öyrənirlər.

Vladın hekayəsi

19 yaşlı Vlad Rudenko xatırlayır ki, 2022-ci ildə Xersonda anasının evindən silah gücünə aparılıb və Krımda 18 ay "yenidən tərbiyə düşərgəsində" saxlanılıb. Orada onlara Rusiya himni oxutdurulur, fiziki hazırlıq keçirilir, atıcılıq öyrədilir. "Anam məni oradan çıxara bilib. Amma elə ukraynalı uşaqlar var ki, indi öz xalqına qarşı döyüşməyə məcbur edilir", - Vlad danışır.

Putinə qarşı order, lakin nəticəsiz mübarizə

Uşaq oğurluğu faktı 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinə və Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belovaya qarşı həbs orderi verməsinə səbəb olub. Qeyd edək ki, Lvova-Belova oğurlanmış ukraynalı uşaqlardan birini - Filip adlı bir oğlanı şəxsən övladlığa götürüb.

İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna tərəfi uşaqların rusiyalı əsirlərlə dəyişdirilməsi təklifini rədd edib. Kiyev bu cür "ticarət alveri"nin qəbuledilməz olduğunu bildirib və uşaqların qaytarılmasının hər hansı sülh sazişində "qırmızı xətt" olması üçün beynəlxalq kampaniyaya start verib. Yermak bu addımı belə əsaslandırır: "Bu, sadəcə humanitar məsələ deyil. Bu, Moskva rejiminin terrorçu dövlət kimi davranmasının sübutudur".

Araşdırmalar dalana dirənir

Bununla belə, uşaqların taleyini araşdırmaq getdikcə çətinləşir. Avropa Şurasının nümayəndəsi Tordis Kolbrun Reykford Gülfadottir xəbərdarlıq edib ki, ABŞ administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları və xarici yardım proqramlarının dondurulması araşdırmalara ciddi zərbə vurub.

2025-ci ilin mart ayında Donald Trampın rəhbərlik etdiyi ABŞ hökuməti bu sahəyə ayrılan maliyyəni dayandırıb. Dövlət Departamenti maliyyənin qismən bərpasını elan etsə də, bu, qısamüddətli tədbir olub. Hüquq müdafiəçiləri isə xəbərdarlıq edib ki, belə davam edərsə, uşaqların harada və hansı vəziyyətdə olduqlarını müəyyənləşdirmək daha da çətinləşəcək.

Избранный
50
moderator.az

1Источники