RU

“Zəngəzura kimin nəzarət edəcəyi, Cənubi Qafqazın taleyini müəyyən edəcək” – Azad Məsiyev – ÖZƏL

İspaniyanın "Periodista Digital" nəşrinin yaydığı məlumata görə, Ermənistan və ABŞ arasında Zəngəzurdan keçəcək "Tramp Körpüsü Nəqliyyat Dəhlizi"nin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. İddiaya görə, sənəd artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib.

42 kilometrlik dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Dəhliz formal olaraq Ermənistan ərazisində yerləşsə də, idarəçiliyi ABŞ-də qeydiyyatdan keçmiş özəl şirkətə həvalə olunacaq. Gəlirin 40%-i amerikalılara, 30%-i Ermənistana çatacaq. Sənəddə ABŞ-yə məxsus özəl hərbi şirkətin 1000 nəfərlik qüvvəsinin dəhlizdə təhlükəsizliyi təmin edəcəyi və güc tətbiqinə icazəli olduğu da qeyd olunub.

"Memarondonla bağlı yayılan məlumatları Ermənistan tərəfi rəsmi şəkildə təkzib edib. Lakin belə bir məsəldə "olmayan yerdən tüstü çıxmaz" misalı yada düşür. Yəni Ermənistan tərəfi adətən həqiqəti danmaqla məşğuldur".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, əgər Ermənistanla Birləşmiş Ştatlar arasında hansısa bir sövdələşmə varsa və bu, razılıqla nəticələnəcəksə, bu, Cənubi Qafqazda gərginliyin artmasına səbəb olacaq: "Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat mövcuddur. Həmin Bəyanatın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya tərəfi nəzarət etməlidir. Bu sənədi Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri imzalayıb. Və bu sənədin qüvvədən düşdüyünə dair indiyə qədər heç bir rəsmi açıqlama yoxdur".

Siyasi şərhçi qeyd edib ki, Cənubi Qafqaz uğrunda bir mübarizə gedir - Qərb ilə Rusiya arasında siyasi və geosiyasi çəkişmə yaşanır. Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu isə Zəngəzur dəhlizinə nəzarətlə bağlı olacaq. Əgər Rusiya bu dəhlizə nəzarət edəcəksə, deməli, bölgədə öz təsirini qoruyacaq. Əks halda, əgər bu dəhlizə Birləşmiş Ştatlar nəzarət edərsə, bu, Rusiyanın bölgədə zəifləməsi və nüfuzunun itməsi anlamına gələcək.
Paşinyanı hakimiyyətə gətirən qüvvə ABŞ-dir. Onlar Ermənistan üzərində Rusiyanın təsirini zəiflətmək siyasətini həyata keçirirlər. Paşinyan bu siyasəti qəbul edib və ABŞ-nin maraqlarına uyğun hərəkət edir. ABŞ-nin xüsusilə Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək niyyəti regionda qarşıdurmaların yaranmasına səbəb ola bilər. Çünki Rusiya bu dəhlizə strateji önəm verir. Rusiya Cənub cinahını açıq saxlamaq və Türkiyə ilə oradan da Afrika və digər regionlara çıxış əldə etmək üçün bu dəhlizə ehtiyac duyur. Beləliklə, bu dəhlizə kim nəzarət edəcəksə, o, dünyanın iqtisadi sisteminə təsir göstərmək gücünə malik olacaq. Orta dəhlizin əsas qollarından biri olan Zəngəzur dəhlizi uğrunda gedən mübarizə də məhz bu səbəblərə əsaslanır. Doğrudur, Orta Dəhlizin digər qolu Gürcüstan üzərindən həyata keçirilir. Lakin bu marşrut vasitəsilə yüklərin effektiv daşınması real hesab edilmir. Çünki Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan da Avropaya dəmir yolu ilə daşımalar daha real görünür. Yəni Zəngəzur dəhlizinə kim nəzarət edəcəksə, o, beynəlxalq iqtisadi sistemə də təsir göstərəcək. Bu səbəbdən də ABŞ Ermənistanın əli ilə bu dəhlizə nəzarət etmək istəyir. Bəli, ABŞ və Qərb bu dəhlizin açılmasında maraqlıdır, lakin bu nəzarətin Rusiyada olmasına qarşıdırlar.

A. Məsiyevin sözlərinə görə, açıq şəkildə Paşinyana təzyiqlər edilir ki, 10 noyabr Bəyanatının 9-cu bəndi reallaşmasın. Bu baxımdan yayılan informasiyalar onu göstərir ki, Ermənistanla ABŞ arasında müəyyən razılaşmalar və sövdələşmələr mövcuddur. Əgər bu baş verərsə, Rusiya Ermənistandakı təsirini artırmağa çalışacaq. 2026-cı ildə keçiriləcək parlament seçkiləri zamanı Rusiya erməni cəmiyyətini ayağa qaldırmaq və Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün daha radikal addımlar ata bilər. Əks halda, Rusiya Zəngəzur dəhlizinə nəzarəti itirərsə, bu, onun Cənubi Qafqazdakı mövcudluğunun zəifləməsi demək olacaq.
Bu dəhlizin ABŞ-nin nəzarətinə keçməsi İranın maraqlarına da uyğun deyil. ABŞ-nin bu yolla Cənubi Qafqaza daxil olması, eyni zamanda İranın ətrafında təsir imkanlarının artması anlamına gələcək. Bu isə təbii ki, İranın strateji maraqlarına ziddir. Bu proseslər regionda gərginliyin artmasına səbəb ola bilər. Azərbaycan isə bu məsələdə neytral mövqe tutur və öz şərtlərinə əsaslanır. Yəni, Azərbaycanın Naxçıvana təhlükəsiz, sərbəst keçidini təmin edən istənilən tərəflə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan öz milli və dövlət maraqlarına uyğun şəkildə hərəkət edir. Kim Azərbaycanın şərtlərini qəbul edərsə, Azərbaycan da bu prosesə etiraz etməyəcək.

Siyasi şərhçi sonda bildirib ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastrukturunun açılması Ermənistanın da maraqlarına uyğundur. Ermənistanın dünya bazarına çıxması və iqtisadi inkişafı üçün dəmir yolunun açılması mühüm şərtdir. Amma belə bir sual yaranır: bu günə qədər Ermənistanın rəhbəri Paşinyan niyə bu dəhlizin açılmasına qarşı çıxır? Çünki ona ABŞ tərəfindən təzyiqlər edilir ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət etməsin. Bu isə Ermənistanla Rusiya arasında gərginliyə səbəb olacaq. Yenidən qeyd etmək lazımdır ki, 10 noyabr Bəyanatının 9-cu bəndi hələ də qüvvədədir. Onun icrası tam həyata keçirilməyib. Rusiya bu vəziyyəti bəhanə edərək oraya hərbi kontingent yeridə bilər. Bunun üçün isə Ermənistanla Azərbaycan arasında yenidən gərginlik yaranmalıdır. Rusiya bu gərginliyi əsas gətirərək oraya sülhməramlı qüvvələr yerləşdirə bilər. Bu isə olduqca təhlükəli nəticələrə gətirib çıxara bilər. Əgər Ermənistan tərəfi təxribat edərsə və bölgədə gərginlik yaranarsa, Rusiya bu vəziyyətdən istifadə edərək oraya hərbi kontingent yerləşdirə bilər. Bu baxımdan Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək üçün bəhanələr axtarır. Bu isə bölgədə yeni gərginliklərə səbəb ola bilər.
Nəticə etibarilə, Rusiya 10 noyabr Bəyanatının 9-cu bəndinə əsaslanaraq Ermənistana təzyiq edəcək və ABŞ-nin bu dəhlizə nəzarət etməsinə imkan verməməyə çalışacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
62
olaylar.az

1Источники