Əlverişli coğrafi mövqe, iqtisadiyyatların bir-birini tamamlaması və mövcud strateji tərəfdaşlıq nəzərə alınmaqla, Bolqarıstan və Azərbaycan kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, turizm, əczaçılıq və digər mühüm qeyri-enerji sahələrində iqtisadi əməkdaşlığı genişləndirmək üçün geniş imkanlara malikdir.
“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Bolqarıstanın "Stroitel" nəşrinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, kənd təsərrüfatı əməkdaşlıq üçün son dərəcə yüksək potensiala malikdir, çünki Azərbaycan güclü kənd təsərrüfatı bazasına, Bolqarıstan isə qida emalı, kənd təsərrüfatı texnikası, aqrotexnologiyalar və istehsal sahəsində təcrübəyə malikdir: "Hər iki ölkə təcrübə və texnologiya mübadiləsi edə bilər. Azərbaycan ölkənizə meyvə, tərəvəz, pambıq, şərab və emal edilmiş qida məhsulları, Bolqarıstan isə süd məhsulları, şərablar və kənd təsərrüfatı texnikası ixrac edə bilər".
O, həmçinin vurğulayıb ki, qida sənayesi, aqrotexnologiyalar, istixana təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması, eləcə də üçüncü ölkələrin bazarlarına birgə ixrac üçün imkanlar mövcuddur.
"Bundan əlavə, Azərbaycan və Bolqarıstanın əlverişli coğrafi mövqeyi nəqliyyat, logistika və əlaqə sahəsində qarşılıqlı fəaliyyət üçün bir sıra imkanlar açır. Son onillikdə Avropa və Asiya arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq Azərbaycan Avrasiyanın kəsişməsində müxtəlif nəqliyyat dəhlizlərini birləşdirən nəqliyyat-logistika qovşağına çevrilib. Bolqarıstan və Azərbaycanın dəniz logistikası və mövcud liman infrastrukturundan istifadə qitələrarası ticarətdə regional əlaqəni yaxşılaşdıra bilər. Bundan əlavə, iki ölkənin tranzit operatorları və logistika şirkətlərinin Orta Dəhlizlə bağlı müxtəlif layihələrdə əməkdaşlığı qarşılıqlı faydalı ola bilər", - səfir əlavə edib.
H.Hüseynov Azərbaycanın Qarabağ regionunda aparılan tikinti-bərpa işlərində əməkdaşlığı qarşılıqlı fəaliyyətin daha bir potensial sahəsi adlandırıb.
"Bəli, Bolqarıstan şirkətlərinin Azərbaycanda bərpa və tikinti layihələrində iştirak etmək üçün, xüsusilə də dövlətin Qarabağ regionunun azad edilmiş ərazilərində infrastrukturun inkişafı ilə bağlı əhəmiyyətli planlarını nəzərə alsaq, şübhəsiz ki, imkanları var. Ölkə birgə istehsalı, xarici texnologiyaları və investisiyaları alqışlayır. Xüsusilə, avtomobil yollarının, körpülərin, tunellərin tikintisi və yenidən qurulması, ağıllı şəhər inkişafı və mənzil tikintisi, sənaye parkları və logistika mərkəzləri, bərpa olunan enerji infrastrukturu, turizm infrastrukturu və s. Bolqarıstan şirkətləri üçün maraqlı ola bilər", - diplomat bildirib.