RU

Ruslar çərkəzləri yox etdilər, indi də yollarını kəsirlər – Tanınmış araşdırmaçı Rusiya ilə bağlı tarixi faktları açıqladı


“Çərkəz xalqının soyqırıma məruz qalması mövzusu təkcə arxivlərdə və bəyanatlarda qalmalı deyil. Bu məsələ beynəlxalq miqyasda tanınmalı, hüquqi qiymətini almalıdır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında tanınmış çərkəz əsilli türkiyəli tədqiqatçı, Qafqaz tarixi üzrə araşdırmaları ilə tanınan Cem Kumuk səsləndirib.

Onun sözlərinə görə, bu gün dünya miqyasında istənilən soyqırımı faktının tanınması BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qərarlarından asılıdır. Lakin TŞ-nin daimi üzvlərinin siyasi mövqeləri və keçmişi bu prosesin qarşısını alan əsas maneəyə çevrilir.

“BMT Təhlükəsizlik Şurasında veto hüququ olan daimi üzvlərə baxın: ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya. Bu dövlətlərin hər biri öz tarixində birbaşa və ya dolayısı ilə soyqırımı törədiblər. Ona görə də belə bir vəziyyətdə onların digər bir dövlətin və ya xalqın soyqırımı ilə bağlı məsələ qaldırması avtomatik olaraq öz əleyhlərinə yönələ bilər. Çünki bu, domino effekti yaradar – biri iddia qaldırsa, digəri də cavabında qarşı soyqırım aktlarını gündəmə gətirəcək. Bu səbəbdən Çərkəz soyqırımının tanınması məsələsi beynəlxalq siyasi dairələrdə irəliləyə bilmir”, – deyə Cem Kumuk vurğulayıb.

 

166919.jpg (26 KB)

 

Cem Kumuk bildirib ki, Çərkəz soyqırımı ilə bağlı hər hansı bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən qəbul ediləcək tanınma qərarının Rusiya üzərində birbaşa hüquqi təsiri olmayacaq:

“Yəni bu qərarlar Rusiyanı məsuliyyətə cəlb etmək və ya ona qarşı sanksiya tətbiq etmək gücünə malik deyil. O əlavə edib ki, bəzi dövlətlər Rusiya ilə gərgin münasibətlər fonunda bu mövzudan zaman-zaman siyasi alət kimi istifadə edirlər. Məsələn, Gürcüstan və Ukrayna ilə Rusiya arasında baş verənlərdən sonra bu ölkələrdə Çərkəz soyqırımının tanınması təşəbbüsləri gündəmə gəlib. Amma bu cəhdlər bəzən Çərkəz xalqı arasında ümid və xoş münasibətlər doğursa da, təəssüf ki, geniş və real nəticələr vermir. belə hallarda soyqırımı məsələsi daha çox siyasi təzyiq vasitəsinə çevrilir. Bu isə əks təsir yarada, yəni Rusiyanın Qafqazda apardığı sərt siyasəti və təzyiqləri daha da gücləndirməsinə gətirib çıxara bilər. Bu səbəbdən, Çərkəz faciəsinin tanınması təkcə siyasi yox, həm də etik və tarixi məsuliyyət çərçivəsində dəyərləndirilməlidir.

Bəzi ölkələr – xüsusilə də Rusiya ilə gərgin münasibətləri olan Ukrayna və Gürcüstan – Çərkəz soyqırımını parlamentlərində rəsmi şəkildə tanıyarkən, bu qərarlar Moskvanın siyasətinə təsir göstərmək əvəzinə, bəzən əks nəticələrə səbəb olur.

Rusiya bu tanınma addımlarını özünə qarşı siyasi hücum kimi qəbul edir və buna cavab olaraq sərt reaksiyalar verir. Məsələn, Ukrayna ilə müharibə fonunda Moskva Qafqazdan – o cümlədən Çərkəz və digər etnik azlıqların yaşadığı bölgələrdən – gəncləri səfərbər edərək ön cəbhəyə göndərir. Nəticədə bu regionlardan olan minlərlə gəncin həyatına son qoyulur. bu, Rusiya hökumətinin həm cəzalandırıcı, həm də manipulyativ siyasətinin göstəricisidir. Yəni bir tərəfdən Çərkəz soyqırımı məsələsinin gündəmə gətirilməsinə cavab olaraq cəbhəyə gənclər göndərilir, digər tərəfdən isə region xalqları arasında qorxu və itaət psixologiyası yaradılır”.

Araşdırmaçı deyir ki, çərkəz soyqırımının təkcə kağız üzərində tanınması emosional və romantik bir jestdən o tərəfə keçmir. Onun sözlərinə görə, bu cür simvolik addımlar Çərkəz xalqının qarşılaşdığı real problemləri həll etmir və onların əsas tələblərini təmin etmir:

“Bu gün çərkəz xalqının əsas istəyi soyqırımın tanınmasından daha çox, öz ana vətənlərinə – Qafqaza qayıtmaq hüququnun təmin edilməsidir. Onlar artıq 200 ildir ki, qürbətdə, yəni vətənlərindən uzaqda – Türkiyə, Suriya, İordaniya kimi ölkələrdə yaşamağa məcbur ediliblər. Bu uzun sürgün dövrü həm psixoloji, həm də sosial baxımdan xalq üçün ağır travmalar və itkilər yaradıb.

Bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət, xüsusilə də bu prosesdə iştirak etmiş və məsuliyyət daşıyan ölkələr konkret addımlar atmalıdırlar. Bu sırada ilk növbədə Rusiya dayanır. Lakin bununla yanaşı, Türkiyə, Suriya, İordaniya və digər region ölkələri də bu prosesdə rol oynamalı, geri dönüşün qanuni yollarla təmin olunmasına dəstək verməlidirlər. Bu istiqamətdə dövlət səviyyəsində rəsmi qərarlar qəbul edilməli, çərkəzlərin Qafqaza qayıtması üçün hüquqi baza yaradılmalı, insanlar bu prosesə təşviq olunmalıdır. Yalnız bu halda, yüz minlərlə insanın tarix boyunca yaşadığı faciəvi sürgünə və dağılmış kimliyə real və ədalətli cavab verilmiş olar. Soyqırımın tanınması bir başlanğıcdır. Amma əsl məqsəd xalqın öz evinə, torpağına, kimliyinə və hüquqlarına qovuşmasıdır”, – deyə türkiyəli tədqiqatçı vurğulayır.

 

12509.jpg (109 KB)

 

C. Kumuk bildirir ki, Rusiyanın hazırkı qanunları kağız üzərində çərkəzlərin geri qayıdışını qadağan etmir, lakin reallıq fərqlidir: “Rusiya rəsmi olaraq Çərkəzlərin vətənlərinə qayıtmasına əngəl olmadığını iddia etsə də, real vəziyyət tam əksini göstərir. Moskva bu məsələ ilə bağlı beynəlxalq arenada “biz heç kimin qarşısını almırıq, sadəcə çərkəzlər özləri dönmək istəmir” kimi bir təbliğat aparır. Amma bu, sadəcə kağız üzərində olan formal bir mövqedir.

Əslində isə tətbiq olunan siyasət tamam fərqlidir. Rusiya dövləti müraciətlərə ya cavab vermir, ya da uzun, çətin və bürokratik prosedurlarla prosesi qeyri-mümkün hala gətirir. İnsanları bezdirirlər, niyyətlərindən döndərirlər. Geri dönüşün qarşısını almaq üçün hər cür üsuldan istifadə olunur – hüquqi əngəllər, inzibati manelər, sənədlərin gecikdirilməsi və s.”.

Cem Kumukun fikrincə, bu, məqsədli şəkildə aparılan bir siyasətdir və əsas məqsəd Çərkəzlərin Qafqaza kütləvi şəkildə dönməsinin qarşısını almaqdır. Beləliklə, tarixən deportasiya edilən bir xalqın əbədi sürgündə qalması təmin edilməyə çalışılır:
“Çərkəzlər vətənə, evinə dönməyi ürəkdən istəyir. Onlar intiqam deyil, ədalət istəyirlər”.

Araşdırmaçı çərkəz xalqının Azərbaycanla münasibətindən də danışıb:

”Çərkəzlərlə azərbaycanlıların münasibəti həmişə dostluğa və qardaşlığa söykənib. Bu münasibət Osmanlı imperiyası dönəmində də, bolşeviklərin vaxtında da belə olub, indi də belədir. Azərbaycanlılar da qafqazlı olaraq bizim yaşadığımız faciələrin bənzərlərini yaşayıblar. Buna görə də Azərbaycan xalqını özümüzdən ayrı görmürük”.

Xatırladaq ki, Çərkəz xalqına qarşı Rusiya imperiyası tərəfindən törədilmiş soyqırım və deportasiya XIX əsrin ən dəhşətli və uzun sürən etnik təmizləmə proseslərindən biri hesab olunur. Bu hadisələr, əsasən 1763–1864-cü illər arasında – yəni Qafqaz müharibələri dövründə baş verib. 1864-cü ildə Qafqaz müharibələri formal olaraq sona çatdıqda, Rusiya Çərkəz xalqını kütləvi şəkildə Qafqazdan çıxarmağa başladı. Bu deportasiya Osmanlı İmperiyasının torpaqlarına – xüsusilə Türkiyə, Suriya, İordaniya və Balkanlara aparılırdı. Çərkəzlər qayıqlarla Qara dəniz vasitəsilə Osmanlıya göndərilirdi. Yüz minlərlə insan aclıq, susuzluq, xəstəlik və dəniz fırtınalarında həyatını itirdi. Qayıqlarda yerlərin kifayət qədər olmaması, gigiyenik şəraitin yoxluğu, insanları birbaşa ölümlə üz-üzə qoyurdu. Bu səbəbdən deportasiya həm də ölüm marşı sayılır. Tarixçilərin hesablamalarına görə, təxminən 1.5 milyona yaxın Çərkəz öz doğma torpaqlarından sürgün edilib. Onların təxminən yarısı ya yolda, ya da yerləşdikləri yerlərdə həyatını itirib. Bu hadisələr beynəlxalq hüquq normalarına əsasən soyqırım sayılmalıdır. Çünki məqsəd etnik, dini və mədəni kimliyinə görə bir xalqın fiziki və mənəvi olaraq məhv edilməsidir. Lakin bu günə qədər bu soyqırımı BMT və dünya dövlətlərinin əksəriyyəti tərəfindən rəsmən tanınmayıb. Hazırda Gürcüstan, Ukrayna və İordaniya kimi bir neçə ölkə bu faciəni “Çərkəz soyqırımı” kimi tanıyıb.

Şahanə Rəhimli


Избранный
54
nuh.az

1Источники