Tural İsmayılov: "Fransa Ermənistanı bu bölgədə öz marionetkası kimi istifadə edir – suverenlikdən danışır, amma əslində Ermənistanı öz geosiyasi oyunlarının aləti edib"
"Azadlıq” radiosu özünün X səhifəsində (keçmiş Twitter – red.) “Zəngəzur dəhlizi” adlanan yerlə bağlı video yerləşdirib. Video bu mətinlə başlyir: "İran bundan qorxur, Türkiyə bunu xəyal edir, ABŞ onun bir parçası olmaq istəyir. Zəngəzura xoş gəlmisiniz".
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini öz X səhifəsində "Azadlıq" radiosuna cavab verib. O yazır: "Bura Sünikdir, əfəndim, bu da Ermənistanın suveren ərazisidir. Qoy bu, sizin yaddaşınızda möhkəmlənsin".
Belə çıxır ki, Avropa liderlərindən biri olan Fransa da ABŞ-ın Zəngəzur dəhlizində mövcudluğunu arzulamır?
Məsələ ilə bağlı baki-xeber.com-a danışan siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Fransanın Ermənistandakı səfirinin "Azadlıq" radiosuna verdiyi isterik cavab əslində Parisin Cənubi Qafqazda nə qədər çaşqın və aqressiv vəziyyətdə olduğunu göstərir. Paris çoxdan bəri özünü imperialist dövrün güzgüsündə görür, amma reallıqda nə hərbi, nə diplomatik, nə də iqtisadi təsiri qalır.
Fransa Ermənistanı bu bölgədə öz marionetkası kimi istifadə edir – suverenlikdən danışır, amma əslində Ermənistanı öz geosiyasi oyunlarının aləti edib. "Bura Sünikdir" deyərək, guya prinsipiallıq nümayiş etdirən Fransa bu ərazinin 30 il işğalda saxlanılan Azərbaycan torpaqlarına qonşu olduğunu bilə-bilə Azərbaycanın haqlı mövqeyinə qarşı çıxır.
Əslində Fransa Ermənistanın suverenliyini yox, oradakı hərbi varlığını qorumağa çalışır. Parisin Cənubi Qafqaza belə çırpınaraq soxulması isə sadəcə Yaxın Şərqdə və Afrikada itirdiyi mövqelərin yerini doldurmaq cəhdidir.
Ermənistan isə klassik "kiçik dövlət kompleksi" ilə böyük dövlətlərin ətəyindən yapışmaqdan əl çəkmir. İrəvan bir gün Fransaya, bir gün Rusiyaya, bir gün də Amerikanın qapısına gedir – amma nə öz ordusunu gücləndirə bilir, nə də daxili sabitliyini təmin edə bilir.
Fransa bu cür reaksiyalarla nəinki Zəngəzur dəhlizini əngəlləmək istəyir, həm də bölgədə Türkiyənin və Azərbaycanın artan gücünü dayandırmaq üçün son ümidlərini Ermənistan üzərində sınayır. Amma bu ümidlər boşdur, çünki region artıq öz güc nisbətlərini müəyyən edib.
Bakı üçün Zəngəzur təkcə yol deyil, tarixi ədalətin bərpasıdır. Fransa isə bu ədalətin qarşısında duran köhnəlmiş kolonial düşüncədir. Ermənistan bu kolonial sponsorluqla nəyə nail olur? – Heç nəyə.
Ermənistanı müdafiə etdiyini iddia edən Fransa əslində onu daha dərin təcridə, daha ciddi geosiyasi çöküşə sürükləyir. Nə qədər ki, İrəvan öz iradəsini Parisin səfirliyində axtarır, bir dövlət kimi böyüməsi mümkünsüzdür.
Sonda reallıq budur: Zəngəzur dəhlizi açılacaq, Fransa nə qədər hay-küy salsa da tarix öz yolunu tapacaq. Ermənistan isə ya bu prosesə qoşulacaq, ya da tamamilə oyundankənar vəziyyətə düşəcək".
Dəniz NƏSİRLİ