ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 6-cı ildönümü ilə əlaqədar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə bir qrup hərbi qulluqçu ilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, HHQ-nin hərbi qulluqçuları, şəhidin ailə üzvləri və media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə şəhid pilotun şərəfli xidmət yolu, vətənpərvərliyi, peşəkarlığı və milli-mənəvi dəyərlərimizə bağlılığından danışılıb, onun gənclərimiz üçün nümunə olduğu qeyd edilib.
R.Atakişiyevin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.