RU

"Bir qrup ABŞ konqresmeninin erməni diasporunun alətinə çevrilməsi təəssüf doğurur"  

ABŞ Konqresinin bir qrup ermənipərəst üzvünün mütəmadi olaraq ölkəmizə qarşı qərəzli kampaniya aparması təzə fakt deyil. Bu baxımdan, bəzi konqresmenlərin Qarabağ erməniləri ilə bağlı Prezident Donald Trampa son müraciəti də əslində təəccüblü deyil. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, ABŞ-nin ermənipərəst dairələri regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələləri, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələləri gündəmə gətirməyə çalışırlar: "Həmin konqresmenlərin ABŞ-dəki erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. COP29 ərəfəsində Azərbaycana qarşı kampaniyalar, Bayden administrasiyası dövründə Konqresdə keçirilən dinləmələr, müraciətlər və müəyyən sənədləri qəbul etdirmək cəhdi bunun göstəricisidir. Əgər konqresmenlər ədalət tərəfdarıdırlarsa, indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış yüz minlərlə soydaşlarımızın geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı məsələsini qaldırsınlar. Yaxud konqresmenlərə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 20 faizinin bu ölkə tərəfindən 30 ilə yaxın müddətdə işğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırlatmaq istərdik". Deputatın sözlərinə görə, həmin konqresmenlərin Ermənistanın həyata keçirdiyi mina terrorunun mülki əhalinin, o cümlədən ahılların, qadınların və uşaqların həyatına son qoymasına, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə indiyədək hər hansı məlumatın təqdim edilməməsinə səssiz qalmaları da qərəzli olduqlarını sübut edir. Digər tərəfdən, konqresmenlərin bu müraciəti iki ölkə arasında aparılan sülh danışıqlarına zərbə vurmağa xidmət edir. Məlumdur ki, bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi şəhərində keçirilən təkbətək görüşü müsbət dəyərləndirilir və rəsmi Vaşinqton tərəfindən də dəstəklənir. 

S.Fətəliyeva vurğulayıb ki, Cənubi Qafqazda sülhün təmini üçün belə bir münbit şəraitin yarandığı bir vaxtda Amerika konqresmenlərinin belə addımı həm də onların erməni diasporunun əlində alətə çevrildiyini göstərir: "Dünyanın super güc dövləti olan ABŞ-nin qanunvericilərinin erməni diasporunun maliyyəsinin girovuna çevrilməsi təəssüf doğurur. İndiyə qədər olduğu kimi, bu dəfə də təşkil olunmuş kampaniya iflasa uğrayacaq. Nəzərə alaq ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Belə olan halda konqresmenlərin "ermənilərdən çox erməni olmaq" görüntüsünün heç bir mənası yoxdur. Onların bu davranışları yalnız sülh prosesinə xələl gətirmək məqsədi daşıyır".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
61
azerbaijan-news.az

1Источники