RU

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Vatikanın Dövlət katibinin müavini ilə görüşüb  

İyulun 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət katibinin müavini Edqar Penna Parra ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Komitə sədri Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, dinlərarası dialoqun dərinləşməsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasəti multikultural və tolerant mühiti möhkəmləndirir. Dini qurumlar ölkə qanunvericiliyinin onlara verdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqun möhkəmlənməsində və inkişafında yaxından iştirak edirlər.

O, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən dini icmalara maddi və mənəvi dəstək göstərilir, dini və mədəni abidələrin bərpası və qorunması istiqamətində mühüm addımlar atılır. Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dini-mədəni abidələrin təmiri və bərpası istiqamətində həyata keçirdiyi layihələrin bəşəriyyətin ümumi irsinə sonsuz ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Edqar Penna Parra Vatikanla Azərbaycan arasında münasibətlərin inkişafını yüksək qiymətləndirərək, sülh və qarşılıqlı anlaşma naminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə vurğulayıb. Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə danışan Dövlət katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərin bəşəri dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.

Избранный
80
10
azerbaijan-news.az

10Источники